Rəsmi sənədlər başqa, beallıq başqa: "Ankara Klinik"də nələr baş verir?
Bu gün, 11:46

"Ankara Klinik" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində hüquqi və kommersiya baxımından ziddiyyətli məqamlar yaranıb.
32gun.az-ın Dövlət Vergi Xidmətinin rəsmi reyestrindən əldə etdiyi məlumata görə, sözügedən vergi ödəyicisinin statusu hazırda "Passiv" olaraq qeyd edilib. Bu status şirkətin tamamilə ləğv edilməsi mənasına gəlməsə də, onun rəsmi maliyyə-təsərrüfat fəaliyyətinin və vergi dövriyyəsinin müvəqqəti olaraq dondurulduğunu göstərir.
Qanuni təmsilçisi Sona Adil qızı Əliyeva olan və 100 AZN nizamnamə kapitalı ilə qeydiyyatdan keçən şirkətin sənədlərdəki hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Yeryomenko (indiki adı ilə Məhəmməd Hadi) küçəsi, ev 1143, mənzil 29D olaraq rəsmiləşdirilib ki, bu da təsisçinin şəxsi qeydiyyat yeridir. Klinikanın sosial şəbəkə hesablarında göstərilən və reallıqda pasiyentləri qəbul etdiyi faktiki fəaliyyət ünvanı isə Məhsəti Gəncəvi küçəsi 155-dir.
Vergi sistemində statusun "passiv" olmasına, yəni rəsmən fəaliyyətin dayandırılmasına baxmayaraq, klinika diqqətçəkən bir addım atıb. Belə ki, bir neçə xəbər saytında, öz sosial şəbəkə hesablarında tibb müəssisəsindəki MRT aparatının geniş şəkildə reklamı aparılıb və bu barədə xüsusi xəbərlər tirajlanıb.

