Azərbaycanlıların Qərbi Azərbaycana ləyaqətli qayıdışı sülhün əbədi mövcudluğunun təminatıdır

4-11-2025, 11:18           
Azərbaycanlıların Qərbi Azərbaycana ləyaqətli qayıdışı sülhün əbədi mövcudluğunun təminatıdır
Noyabrın 3-də Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley mərasimindəki çıxışında elm və tariximizlə bağlı bir sıra məsələlərə toxundu. Dövlət başçımız AMEA tribunasından tariximizə işıq salan önəmli fikirlər söylədi. Bu çıxış həm də tarixi Zəfərimizin 5-ci ildönümü və Bayraq Günümüzün ərəfəsinə təsadüf etdi. Prezidentin Qərbi Azərbaycan mövzusuna xüsusi yer ayırması həm də o deməkdir ki, Azərbaycanın elan etdiyi hədəflər heç zaman dəyişməyəcək, həm də ona görə ki, bu, bizim haqqımızdır, hansısa razılaşmanın olub-olmaması bizi ümummilli hədəflərimizdən yayındıra bilməz! Həm də axı, bu hədəfləri sözü ilə imzası vəhdət təşkil edən, dedisə, icrasına nail olan hər bir azərbaycanlının Prezidenti elan edib.
Prezident demişdi ki, indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə çağırılmalıdır. Prezident Göyçə gölündən bəhs etdi. “Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir”.
Dövlətimizin başçısının bu fikirlərinə Ermənistan rəhbərliyi maksimum həssaslıq nümayiş etdirməlidir. Bəli, tarixən “Mazandaran gölü” olmadığı kimi, “Sevan gölü” də olmayıb! İlham Əliyev bir daha xatırlatdı: “Göyçə gölü!” Ermənistan hakimiyyəti vaxtilə işğalda saxladığı toponimlərimizi nəhayət, öz adı ilə adlandırır, sarsaq-sarsaq adları yığışdırır. Təqdir edirik. Eyni münasibət indi Ermənistan adlanan, tarixi Azərbaycan torpaqlarındakı toponimlərimizə də göstərilməlidir. Göyçə gölü niyə “Sevan” olmalıdır ki?! Yaxud digər bütün adlar. Azərbaycanlıların tarixi yurd-yuvalarından deportasiyası ilə paralel həyata keçirilib adlarımıza qarşı genosid siyasəti!
Prezident İlham Əliyev AMEA-dakı çıxışında Ermənistandakı narahatlıqlara da toxundu və çox qiymətli fikirlər söylədi. “Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq”.
Azərbaycanlıların Qərbi Azərbaycana - Ermənistana ləyaqətli qayıdışı sülhün əbədi mövcudluğunun təminatıdır. Təbii ki, əgər İrəvandakılar gerçəkdən sülh istəyirlərsə... Sülh istədiklərini sübut etməkdən ötrü barmaqlarını çərtmələrinə ehtiyac yoxdur, yetər ki, Paşinyan İlham Əliyevin “ev tapşırıqları”nı icra etsin!
Elşad PAŞASOY – araşdırmaçı jurnalist















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]