Müharibə başladıqadan sonra interneti bağlayan İran hökuməti ölkə iqtisadiyyatını ciddi problemlərlə üz-üzə qoyub.
Tribuna.az xəbər verir ki, bununla bağlı yerli “Donyayeh Eqtesad” qəzeti maraqlı araşdırma aparıb.
Nəşr yazıb ki, İranda internet kəsintisinin hər dəqiqəsi ölkə iqtisadiyyatına 50.000 ilə 300.000 dollar arasında ziyan vurur. “Bu kəsintilərdən dəyən ümumi zərərin 3 ilə 18 milyard dollar arasında olduğu təxmin edilir”.
Ölkədə iqtisadi böhranın daha da dərinləşməsini isə parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi də təsdiqləyib. O deyib ki, İranın sənaye və istehsal bölmələri müharibə şəraiti səbəbindən fəaliyyətlərinin azalması və ya dayandırılması ilə üzləşib və kredit ödənişlərini ödəyə bilmirlər.
Səlimi infliyasiya məsələsinə də toxunub. “Mart ayında infliyasiya 51 faiz olub. Hazırda bu rəqəm 72 faizə yaxınlaşır”.