Məleykə Abbaszadənin mərkəzi barədə dərhal tədbir görülməlidir – Jurnalist
Bu gün, 00:04

Jurnalist Taleh Şahsuvarov Elm və təhsil naziri Emin Əmrullayevin açıqladığı monitorinq nəticələrinə münasibət bildirərək, Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətini sərt tənqid edib.
Tribuna.az xəbər verir ki, Taleh Şahsuvarov sosial şəbəkə hesabında bildirib ki, IV və VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələrinə əsasən bəzi siniflərdə şagirdlərin 50-70 faizi minimal təhsil standartlarına cavab vermir.
O qeyd edib ki, Elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi bu statistika ciddi narahatlıq doğurur.
Jurnalist vurğulayıb ki, “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7.11.1-ci maddəsində təhsilin keyfiyyət səviyyəsinin, elmi-texniki və intellektual səviyyənin zəifləməsi milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.
Şahsuvarlının fikrincə, mövcud vəziyyətə görə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti hüquqi qiymətləndirilməlidir.
O iddia edib ki, Azərbaycanda təhsilin keyfiyyətinin aşağı düşməsinin əsas səbəbi DİM-in fəaliyyəti nəticəsində formalaşan və getdikcə genişlənən “qara təhsil bazarı”dır.
Jurnalist DİM-in sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurumun fəaliyyətini tənqid edərək, təhsil sistemində yaranmış problemlərin aradan qaldırılması üçün “təhsil məktəbə qayıtmalıdır” fikrini səsləndirib.

