İranın sifarişi ilə hazırlanan, amma İrana qismət olmayan “Kidd” tipli eskadra minadaşıyıcıları.

Bu gün, 17:14           
İranın sifarişi ilə hazırlanan, amma İrana qismət olmayan “Kidd” tipli eskadra minadaşıyıcıları.
1974-cü ildə İran hökuməti ilə ABŞ-ın “Litton Industries” şirkəti arasında bağlanan müqavilə şahənşah donanması üçün 6 ədəd tamamilə müasir eskadra minadaşıyıcısının inşasını nəzərdə tuturdu.
O zaman neft qiymətlərinin qalxması üzündən amerikalılar qənaət rejiminə keçmişdilər və özlərinə belə gəmiləri rəva görə bilmirdilər. İran isə əksinə, böyük miqdarda neft pullarının axması nəticəsində şellənirdi.
Elə həmin dövrdə şah hərbi məqsədlər üçün “Daimler-Benz” şirkətinə sonralar “Geländewagen” adını alacaq avtomobil hazırlamağı sifariş etmişdi. Şirkət çox istəyirdi ki, həmin maşınlar üçün bundesverdən də sifariş alsın, amma alman hökuməti bahalığı səbəbindən imtina etdi. “Geländewagen” ilk nüsxələrinin prezentasiyası 1979-cu ilin fevralında, İranda İslam inqilabının qələbəsindən sonra baş tutdu. Aydın məsələdir ki, yeni rejim bu bahalı maşınları almadı. Lakin qayıdaq gəmilərə...
Amerika dənizçiləri iranlılara qismət olacaq bu gəmilərə həsədlə baxırdılar. Onlar üçün zenit silahları, radarlar, elektronika, komfort, havanın filtrasiyası baxımından “Kidd”lərdən xeyli geri qalan “Spruance” tipli eskadra minadaşıyıcıları inşa edilirdi. Amma “Kidd”lərin də taleyi “Geländewagen” kimi oldu.
İranın klerikal hakimiyyətinin kəskin Anti-Amerika mövqeyi aydın olanda, amerikalılar müqaviləni ləğv etdilər. Xeyli hissəsi hazır olan dörd gəminin inşasını öz donanmaları üçün davam etdirdilər, əsası yenicə qoyulan ikisinin inşasını isə dayandırdılar.
Minadaşıyıcıların hər birinə İkinci Dünya müharibəsində həlak olmuş ABŞ admirallarının adı verildi: birincisinə Perl Harborda həlak olan admiral İsaak Kiddin (“Arizona” gəmisi), ikincisinə Daniel Kallaxanın (“San Fransisko” gəmisi), Norman Skottun (“Atlanta” gəmisi) və Teodor Çandlerin (“Luisvill” gəmisi) adları verildi (ABŞ-ın həmin müharibədə itirdiyi beşinci admiral Henri Mallinniks idi, ona daha gəmi çatmadı).
Qaydalara görə, etni tipli gəmilərdən birincisinə hansı ad verilirsə, bütün ailə də o adla tanınır. Bu gəmilərə də birincinin adı ilə “Kidd” tipli eskadra minadaşıyıcıları deyildi. Amma dənizçilər İslam inqilabı sayəsində onlara qismət olduğunu nəzərə alaraq “Ayətullah” tipli gəmilər adlandırırdılar.
Dörd gəmi 1999-cu ilə qədər ABŞ donanmasında xidmət etdi, həmin il çıxarıldılar və 2001-ci ildə Tayvana satıldılar.
P. S. adları keçən admirallardan Kallaxan və Skott eyni gündə, 1942-ci il noyabrın 13-də Quadalkanal döyüşündə həlak olublar. Özü də Skott gecə vaxtı Kallaxanın kapitan olduğu “San Fransisko” gəmisindən açılan “dost atəşi”nin qurbanı olub. Bir neçə saat sonra isə Kallaxan özü yaponlar tərəfindən öldürülüb. Kiddin kapitan olduğu “Arizona” gəmisinin batması haqqında yazmışam. Henri Mallinniks 1943-cü il noyabrın 24-də yapon sualtı qayığının “Liscome Bay” gəmisini torpeda ilə batırması nəticəsində, Teodor Çandler isə 1945-ci ilin yanvarın 7-də kamikadze pilot hücumu nəticəsində ölüb.
P. P. S. “Opera əməliyyatı” adlı məqaləmdə yazmışam, F-16-ların da ilk xarici sahibi İran olmalı idi. Lakin İslam inqilabı baş verdi və ABŞ sövdələşmədən vaz keçdi, əlində qalan təyyarələri isə İsrailə satdı.
Yadigar Sadigli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru