ABŞ-nin Küveytdəki bazasından sağ çıxanlar komandanlığı səhlənkarlıqda ittiham ediblər - WP
Bu gün, 09:18

Küveytin Əş-Şueyba limanındakı ABŞ bazasına İran pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbədən sağ çıxa bilən amerikalı hərbçilər öz generallarını potensial hücumla bağlı "xəyanətdə və xəbərdarlıqlara məhəl qoymamaqda" ittiham ediblər.
"Report" xəbər verir ki, bu barədə daxili təhqiqatla tanış olan mənbələrə istinadən "The Washington Post" (WP) məlumat yayıb.
Qəzet müəyyən edib ki, ABŞ-nin İranla münaqişədə iştirakının ikinci günündə baş verən zərbə nəticəsində Birləşmiş Ştatlar Ordusunun 103-cü Maddi-Texniki Təminat Komandanlığının altı hərbi qulluqçusu həlak olub, onlarla şəxs yaralanıb. Hücum münaqişə dövründə Amerika qoşunları üçün ən ölümcül zərbələrdən biri kimi təsvir edilib.
Nəşrin sorğu etdiyi hərbçilər bildiriblər ki, komandirlər Əş-Şueyba limanının İran zərbələrinin ehtimal edilən hədəfi adlandırıldığı kəşfiyyat məlumatlarını diqqətdən kənarda qoyublar. Onlar qeyd ediblər ki, PUA-lara qarşı müdafiənin kifayət qədər olmaması səbəbindən şəxsi heyətin həmin bazada yerləşdirilməsi tövsiyə olunmurdu.
Qəzetin bəzi həmsöhbətləri hücum zamanı general Klint Barnsın hərəkətlərini xüsusi olaraq tənqid ediblər. Onlar hesab edirlər ki, zərbədən sonra o, binanı tərk edərək sığınacağa gedib, halbuki bir çox hərbçi içəridə qalıb. Nəticədə zərərçəkənlərin xilas edilməsi ilə digər zabitlər və hərbi qulluqçular məşğul olublar.
ABŞ ordusu hərbçilərin konkret iddialarını şərh etməkdən imtina edib. Orada generalların qərar və hərəkətlərini əsaslı adlandırıblar.
İnsidentlə bağlı daxili təhqiqat tezliklə başa çatacaq, onun ilkin nəticələrinə görə, heç bir intizam tədbirinin görülməsi və ya baş verənlərə görə məsuliyyətin komandirlərin üzərinə qoyulması nəzərdə tutulmur.
Xatırladaq ki, İran martın 1-də ABŞ Silahlı Qüvvələrinin Küveytdəki obyektinə zərbə endirib, nəticədə altı hərbi qulluqçu həlak olub. ABŞ-nin müdafiə naziri Pit Heqset sonradan bildirib ki, hərbçilər "taktiki əməliyyat mərkəzi"nə endirilən zərbə zamanı həlak olublar. Əvvəlcə o iddia edirdi ki, bu, yaxşı möhkəmləndirilmiş komanda məntəqəsi olub və İran guya "güclü silah" tətbiq edib. Bununla belə, "CBS News" mənbələrə istinadən xəbər verirdi ki, komanda məntəqəsi müvəqqəti, zəif qorunan bir tikili idi.

