Çində dünyanın ən böyük hibrid günəş elektrik stansiyası istifadəyə verilib - VİDEO
Bu gün, 11:54

Çində dünyanın ən böyük hibrid günəş elektrik stansiyası, gücü 1 gVt olan "Hami"nin kommersiya istismarına başlanılıb.
Bu barədə "Interesting Engineering" (IE) nəşri məlumat yayıb.
Çinin "China Three Gorges Corporation" korporasiyası tərəfindən Qobi səhrasında inşa edilən elektrik stansiyası 900 mVt gücündə fotovoltaik günəş panelləri və 100 mVt gücündə konsentrasiyalı günəş enerjisi qurğusunu birləşdirir. Ənənəvi günəş elektrik stansiyalarından fərqli olaraq, "Hami" litium batareyalarından istifadə etmədən Günəş batdıqdan sonra da səkkiz saata qədər elektrik enerjisi istehsal edə bilir.
Stansiya enerjinin saxlanması üçün əridilmiş duzdan istifadə edir. Gündüz saatlarında 260 min güzgüdən ibarət sistem duzu 550 dərəcəyədək qızdırır. Daha sonra toplanmış istilik buxar əldə etmək üçün istifadə olunur, buxar isə turbini hərəkətə gətirərək axşam saatlarında elektrik enerjisinin istehsalını təmin edir.
Layihənin dəyəri 3.53 milyard yuan (təxminən 480 milyon ABŞ dolları) təşkil edib. "China Three Gorges Corporation"un qiymətləndirməsinə görə, stansiya tam gücü ilə işlədikdən sonra ildə 2.07 tVt-saat elektrik enerjisi istehsal edəcək ki, bu da təxminən 830 min ev təsərrüfatını elektriklə təmin etməyə kifayət edir.
IE-nin qeydinə görə, "Hami" 950 MVt gücündə Dubaydakı "Noor Energy 1" kompleksini geridə qoyaraq dünyanın ən böyük hibrid günəş elektrik stansiyası olub. Şirkət artıq obyektin gücünü 3 gVt-a çatdırmağı planlaşdırır. Bundan əlavə, yaxınlıqda gücü 1.5 gVt olacaq daha böyük hibrid günəş elektrik stansiyası da tikilir.

