RƏQƏMSAL İTAƏT
Bu gün, 00:03

“Beynində qurduğun düşüncəyə bənzəyirsən”, – deyir mütəfəkkir.
Bu sadə cümlə əslində böyük bir həqiqəti ifadə edir: insan zehnində nəyi davamlı olaraq bəsləyirsə, zamanla ona çevrilir. Düşüncə duyğunu, duyğu davranışı, davranış isə xarakteri formalaşdırır.
Amma bu gün əsas sual başqadır:
Zehnimizi kim idarə edir?
Biz özümüz, yoxsa bizə göstərilənlər?
Bir zamanlar insan düşüncəsini kitabdan, təbiətdən, söhbətdən və sükutdan qidalandırırdı. Bu gün isə həmin yeri getdikcə alqoritmlər tutur. Onlar nəyə baxdığımızı, nəyi oxuduğumuzu, nəyə maraq göstərdiyimizi, hətta bir məzmunun üzərində neçə saniyə dayandığımızı öyrənir və qarşımıza yenə ona bənzər məzmun çıxarırlar.
ChatGPT, Claude, Copilot, Gemini kimi süni intellekt alətləri və sosial media platformaları həyatımızı görünməmiş dərəcədə asanlaşdırır. Lakin hər istifadəmizlə biz rəqəmsal iz buraxırıq. Bu izlər bizi tanıyan, öyrənən və seçimlərimizə təsir edən bir sistemin tərkib hissəsinə çevrilir.
Ən təhlükəli məqam isə budur: əgər əhvalımız aşağıdırsa, qarşımıza daha çox ümidsizlik gətirən məzmun çıxır. Bayağılığa meyl edəndə, bayağılıq artır. İnkişafa yönələndə isə inkişaf imkanları çoxalır. Alqoritmlər sadəcə bizi əks etdirmir, mövcud istiqamətimizi daha da gücləndirir.
Texnologiyadan imtina etmək nə mümkündür, nə də doğru seçimdir. Məsələ ondan necə istifadə etməyimizdədir. Orta statistik insanımız bunun fərqində ola bilər. Amma bu fərqindəlik davranışa çevrilirmi? İnsan hələ də öz düşüncəsini, duyğularını və diqqətini özü idarə edir, yoxsa bu idarəetməni hiss etmədən alqoritmlərə təhvil verib?
Beləcə, müasir dövrün yeni davranış modeli yaranır: rəqəmsal itaət.
İnsan fiziki olaraq azaddır, amma diqqəti davamlı olaraq idarə olunur. Bir bildiriş gəlir-istiqaməti dəyişir. Bir mesaj gəlir-əhvalı dəyişir, qarşısına bir video çıxır fikri dəyişir. O, getdikcə öz qərarları ilə deyil, alqoritmlərin yönləndirdiyi impulslarla hərəkət etməyə başlayır. Fərqinə varmadan rəqəmsal mühitə itaət edir.
Mahatma Qandinin məşhur fikri bu gün bəlkə də əvvəlkindən daha aktualdır:
Düşüncələrinizə diqqət edin – duyğularınıza çevrilər.
Duyğularınıza diqqət edin – davranışlarınıza çevrilər.
Davranışlarınıza diqqət edin – vərdişlərinizə çevrilər.
Vərdişlərinizə diqqət edin – dəyərlərinizə çevrilər.
Dəyərlərinizə diqqət edin – xarakterinizə çevrilər.
Xarakterinizə diqqət edin – taleyinizə çevrilər.
Rəqəmsal dünyada ən böyük uğur daha sürətli olmaq deyil, daha şüurlu qala bilməkdir.
Ən böyük mübarizə isə şüurlu şəkildə öz diqqətimizi, öz zehnimizi və öz iradəmizi rəqəmsal itaətdən azad etmək uğrunda olmalıdır.
Rəşad Cabirli

