Bu gün Cavanşir Rəhim oğlu Quliyevin 75 yaşı tamam olur.
22-11-2025, 10:38

22 noyabr görkəmli bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992), Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri (1990-1993), 1980-1998-ci illərdə Azərbaycan Dövlət Koservatoriyasında-Bakı Musiqi Akademiyasında, 1994-2003-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, 2003-cü ildən dosent, 2005-ci ildən professor, müstəqil Azərbaycanın birinci hərbi himninin müəllifi CAVANŞİR RƏHİM oğlu QULİYEVİN 75 yaşı tamam olur.
Cavanşir Rəhim oğlu Quliyev Şəkidə anadan olub. Şəki Musiqi Texnikumundan məzun olub (1968). 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının tar sinfinə daxil olub. İki ildən sonra bəstəkarlıq fakültəsinə keçib və Cövdət Hacıyevin bəstəkarlıq sinifində təhsil alıb (1975). Tələbəlik illərindən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb (1973-1990). Bir müddət Azərbaycan Konsert Birliyində bədii rəhbər olub (1990-1993), Musiqi Akademiyasında və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci ildən Akademik Milli Dram Teatrında musiqi hissə müdiri olub. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetinin səhnə sənətləri fakültəsinin professorudur. Beş yüzə qədər mahnı, fortepiano üçün “Prelüdlər”, ”Sonatina”, muğam səs sıralarında hazırlanmış royal üçün “Yeddi pyes”, çoxsəsli xor üçün “Dönübdü”, fleyta və fortepiano üçün “Skertso”, birinci və ikinci simli “Kvartetlər”, taxta nəfəsli alətləri üçün “Kvartet”, mis nəfəsli alətləri üçün “Kvintet”, simli orkestr və zurna üçün “Musiqi”, simfonik orkestr və zurna üçün “Uvertüra”, saz və skripka üçün “Sonata”, dörd simfoniya, saz, fleyta və violonçel üçün “Karvan” triosu (2000), simli orkestr üçün “Dastan” (2001), dünya xalqlarının musiqi alətlərindın ibarət orkestr üçün (“Atlas” – Hollandiya) “Bayatı”, “Məhəbbət oyunu” (2001) və “Yeddi məhbusə” operettaları, “Oğuznamə” baleti, teatr tamaşalarına musiqi (“Sevgililərin cəhənnəmdə vüsalı” (1991), “İydə ağacı” (1992), “Özümüzü kəsən qılınc” (1999), “Dar ağacı”, “Aydın” (2000)) yazıb. Gürcüstan istehsalı olan “Aşıq Qərib” (1988, rejissorlar Sergey Paracanov, David Abaşidze) filminin musiqilərini yazıb. “Humay” (2000), “Qızıl Dərviş” mükafatları (2001) laureatı, Əməkdar incəsənət xadimidir (1992). “Sübhün səfiri” filminə görə “Ən yaxşı orijinal musiqi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015).
Təbrik edirəm! Dostum Cavanşir bəy 100 yaşa ki, bu dövlətə, bu millətə yaraya biləsən!!
Nurəddin Xoca
TEREF

