Adəm torpaqdanmı yaranıb? Ümumiyyətlə insanın torpaqdan yaranması inancı necə formalaşıb?

Dünən, 09:18           
Adəm torpaqdanmı yaranıb? Ümumiyyətlə insanın torpaqdan yaranması inancı necə formalaşıb?
Elm-din qarşıdurmasının heç vaxt nəticə verməməsinin iki təməli var - Mütləq yaradıcı və ilk yaranış məsələsi.
Bu məsələdə nə elm, nə din rasional dəlil ortaya qoya bilmir. Nəzərə alsaq ki, din heç bir mövzuda rasional dəlil ortaya qoya bilmir, bu məsələyə də belə yanaşır: "Kainat mütləq bir yaradıcı tərəfindən yaradılıb. İlk insan isə torpaqdan yaranıb".
Elmin ilk yaradılış məsələsində bir alternativ görüşü var - Təkamül fikri və təkamül nəzəriyyəsi.
Təkamül fikri əsrlərlə müxtəlif filosoflar tərəfindən irəli sürülüb. Amma ilk dəfə bu fikir aparılan müşahidələr nəticəsində Çarlz Darvin tərəfindən bir nəzəriyyə şəklində sistemləşdirilib. Təkamülün bir çox məqamları rasional sübutlarla ortaya qoyulsa da, yenə ilk yaradılış məsələsi ehtimal gücündə sübutlara əsaslanır.
Bəs torpaqdan yaranış? Din inanc üzərində qurulur. İnancın isə heç bir rasional sübutu yoxdur. Bu məsələdə də din deyir ki, ilk insan meymunla, balıqla qohum deyil, Allah onu torpaqdan yaradıb.
Zamanla sübut edilmək və ya təkzib olunmaq tərəflərini nəzərə alsaq, ehtimal da elmi araşdırma prosesinin bir hissəsidir.
Elm dinin torpaqdan yaranış fikrini belə izah edir. İnsanlıq nəyin, necə yarandığını bilmir. Sadəcə müşahidələrə əsaslanır. O zaman nə kültür var, nə mədəniyyət, nə düşüncə modelləri. Şimşəyin çağdığını görür, amma səbəbini bilmir. Şimşək insanın hələlik cavabını bilmədiyi sualdır? Bu səbəbdən onun mənzərəsindən və səsindən qorxduğu hadisə insanüstü hadisədir. Ya bu, bir güc sahibi olan varlığın davranışıdır, ya da şimşək elə o güc sahibinin özüdür. Və qorxu saçır. Bu qorxunun alternativi inancdır. Qorxunu dəf etməyin yeganə yolu o dövr üçün o qorxuya tabe olmaqdır. Müasir insanın babaları şimşəyə təzim edir, ona ilahi qüvvə kimi baxırdılar. Müasir insan şimşəyi də, necə ortaya çıxdığını da bilir. Üstəlik, şimşəyi ortaya çıxaran buludları dağıtmaq gücünə malikdir.
Deməli, "Niyə?" sualına cavab tapmağın tək yolu müşahidə və ölçməkdir. Yenə də müşahidə etdiyimiz ilk obyekt təbiətdir. Təbəti davamlı müşahidə edir, onun qoynunda sağ qalmağın yollarını axtarırıq. Zaman-zaman bitkilərdən, meyvələrdən dərib, yeyirik. Eyni zamanda bu meyvələri bitirən ağacların, bitkilərin, çiçəklərin köklərinin torpaqdan boy attığını görürük. Amma özümüzün bir meyvə ağacı, bir bitgi olmadığının da fərqindəyik. Artıq ibtidai düşüncələrimiz sistemləşməyə başladığı, xüsusilə kollektiv əmək, əkinçilik cəmiyyətləri yaranmağa başladığı vaxtlardan etibarən torpağa səpdiyimiz toxumların içərisindən parçalanıb, cücərib, torpaqdan çıxdığını müşahidə edirik. Bu da yaranışın torpaqdan gəldiyi fikrini formalaşdırır. Bu müşahidəyə əsasən ilk insanın da torpaqdan yarandığını düşünməyə başlayırıq.
İlkin kültür elementlərinin indiki Mesopotamiyada ortaya çıxması istisna deyil. Sonradan torpaqdan düzəldilən heykəllər və ya vəfat edənlərin torpaq heykəlləri ilk insanın torpaqdan yarandığı düşüncəsini formalaşdırır.
Əslində həyatın mənbəyi sayılan 4 elementin - Hava, od, su, torpağın bir-birinə bağlılığını nəzərə alanda yaranışın təkamül və ya torpaqdan yaranması arasında ciddi fərq yoxdur. Təkamülə görə, ilk canlı sudan çıxıb, quruda təkamül edibsə, su da, hava və od kimi digər elementlər də torpaqla bağlı elementlərdir. Üstəlik, canlılığın həyat mənbəyi olan hava - Oksigen də torpaqdan cücərən bitgilərin nəticəsidir. Deməli, insan da bilavasitə torpağın məhsuludur.
Burada dinin tərs düşdüyü məqam insanmərkəzçilikdir. Din insana üstün canlı kimi baxır və hər canlının ayrı-ayrı yaradıldığını, insanın isə bütün canlıların xaricində xüsusi canlı olduğunu və yaranışının da xüsusi olduğunu iddia edir. Və insanın heyvanlarla qohumluğunu qəbul etmir.
Elm bu mövzuda dini tam təkzib edə bilir. İstər qədim insana aid tapıntılar, istərsə də indiyə qədər gəlib, çatmış ibtidai icma cəmiyyətlərinin həyat tərzi sübit edir ki, dinin insanı üstün bildiyi əxlaq və yaşam tərzi məsələlərində heyvanlardan heç bir fərqi yoxdur. Sadəcə zamala ortaya çıxan kültür və mədəniyyət təbiətə alternativ olaraq cəmiyyət və insanı formalaşdırıb.
Adəmin torpaqdan yaranması iddiası, səpilən toxumun torpaqdan cücərib, çıxmasının nəticəsidir...
Sahib Altay
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru