Azərbaycanda dil qütbləşməsi: Rus dilinin yeri

16-12-2025, 07:04           
Azərbaycanda dil qütbləşməsi: Rus dilinin yeri
Mədəniyyət yalnız nəzakət və etiket qaydaları ilə məhdudlaşdırılmamalı olduğu kimi, peşəkarlıq da yalnız səliqəli zahiri görünüş, davranış və selis nitqlə ölçülməməlidir. Peşəkarlıq həm də etik və dürüst qalmaq, məsuliyyətli və etibarlı olmaq, tutduğu vəzifədən asılı olmayaraq iş həmkarlarına hörmətlə yanaşaraq etimad qazanmaq və ümumən təşəbbüskar olub, öhdəsində olan işlərə sahib çıxmaq (ownership attitude) deməkdir.
Bu yazıda dil əsaslı qütbləşmə mövzusu ilə davam etmək istəyirəm. Dil üzərində qütbləşmə dünyada çox geniş yayılıb və adətən müstəmləkə mirası ilə bağlıdır: Şimali Afrikada və Yaxın Şərqdə fransız dili, Cənubi Asiyada ingilis dili, postsovet məkanında rus dili və s. Müstəmləkəçilər öz dillərini əsasən idarəetmə, təhsil və elit təbəqə üçün tətbiq edillər. Müstəqillikdən sonra da bu dillər çox vaxt “güc və status dili” kimi qalır. Xarici və ya müstəmləkə dili yüksək gəlirli işlərə, təhsil və qlobal imkanlara çıxışla assosiasiya olunur.
Qeyd etmək vacibdir ki, dil sadəcə ünsiyyət vasitəsi deyil. İlk növbədə o, kimlik və irs daşıyıcısı, mədəniyyətin qoruyucusu və düşüncələrin də formalaşdırıcısı olaraq, hətta insanların dünyanı necə qavradığına da təsir göstərə bilər. Az əhəmiyyətli olmayan başqa bir məqam isə odur ki, dil müstəqillik və suverenliyin əsas atributlarından biridir. Bayraq, himn, gerb kimi, milli dil də millətin ən önəmli simvollarındandır. Xüsusi və unikal kimlik, təbəqələr arasında birlik, mədəni davamlılıq və beynəlxalq legitimlik üçün hər bir xalqın öz dilinə sahib olması və bu dildə bütün təbəqələrdən olan vətəndaşların danışması olduqca vacibdir.
Azərbaycanda bu qütbləşmə növü, fikrimcə, illər keçdikcə zəifləsə də, hələ də nəzərəçarpacaq dərəcədə qalmaqdadır. Azərbaycan Sovet İttifaqından müstəqilliyini 1991-ci ildə əldə edib və bu il, 2025-ci ildə, müstəqil olaraq 34 yaşını qeyd etsə də, hələ də kifayət qədər azərbaycanlı rus dilini ana dili hesab edir. Ümumiyyətlə, rusdilli məktəbdə təhsil aldığımı, ailəmin, dostlarımın və ümumən sıx ünsiyyətdə olduğum insanların əksəriyyətinin isə azərbaycandilli olduğunu nəzərə alaraq, bu məsələ ilə yaxından tanışam. Etiraf etmək lazımdır ki, hər iki tərəfdə bəzən qarşı tərəflə bağlı, açıq şəkildə ifadə olunmasa da, müəyyən xoşagəlməz fikirlər səsləndirilir. Mənim qənaətimə görə, rusdilli insanların böyük bir hissəsi vərdiş səbəbindən rus dilini hələ də ana dili kimi qəbul edir, lakin Azərbaycanın inkişafı və tərəqqisində kifayət qədər maraqları var və bu istiqamətdə ölkəyə ciddi töhfələr veriblər. Bununla belə, müəyyən bir qrup rusdilli vətəndaş Azərbaycan dilində kifayət qədər yaxşı danışmalarına və ya öyrənmək üçün hər cür imkana sahib olmalarına baxmayaraq, bu məsələyə heç vaxt lazımi əhəmiyyət verməyib və rus dilində danışa bilməyən insanlara aşağılayıcı münasibət göstərirlər. Əminəm ki, hələ də Azərbaycanda fəaliyyət göstərən bir çox proqressiv şirkətin ofislərində, ehtiyac olmadığı halda belə, kifayət qədər insan gündəlik iş mühitində rus dilində danışır. Rus dilində fəaliyyət göstərən məktəblər isə tədris olunan fənləri rus dilində keçirməklə yanaşı, məsələn, rus ədəbiyyatına Azərbaycan ədəbiyyatına nisbətən daha çox yer ayırırlar. Bundan əlavə, Azərbaycanda hələ də bəzi restoranlarda menyular, marketlərdə isə ərzaqların izahları yalnız rus dilində təqdim olunur.
Müasir rus dili, xüsusilə 18, 19-cu əsrlərdə, aristokratiya və ziyalı mühitində geniş yayılmış fransız dilindən güclü təsir almış və bu dövrdə çoxlu fransız mənşəli sözləri özünə daxil etmişdir. Fransız dili latın dilindən yaranmış, alman mənşəli frankların təsiri ilə formalaşmış və sonralar italyan, ingilis və digər Avropa dillərindən alınmalarla zənginləşmişdir. Latın dili isə Hind-Avropa ailəsinin bir hissəsi olmaqla yanaşı, Orta əsrlərdə elm, fəlsəfə və ticarət vasitəsilə ərəb dilindən bir çox terminlər qəbul etmişdir. Ərəb dili, İslamın Qızıl Dövründə elm və mədəniyyətin aparıcı dili olmuşdur. Orta əsr latınının zənginləşməsinə mühüm töhfə vermiş və bunun vasitəsilə roman dillərinə, daha sonra isə ingilis dilinə təsir göstərmişdir. Ərəb dili həmçinin din, elm və idarəçilik sahələrində fars və türk dillərinə dərin təsir etmişdir. Bu yolla ərəb mənşəli bir çox sözlər fars və türk dilləri vasitəsilə rus dilinə də keçmişdir. Quran isə klassik ərəbcədə yazılmış, müasir ərəb dilinin sabitləşməsində, qorunmasında mühüm rol oynamışdır. Diqqətəlayiq məqam odur ki, Quran başqa bir dildən tərcümə edilməmiş, orijinal ərəb dilində yazılmış və dilin vahidliyini bügunki günə qədər qorumaqda ciddi rol oynamışdır.
Fikrimcə, ümumən Sovet İttifaqının, sovet və rus təhsilinin azərbaycanlıların və müasir Azərbaycanın inkişafına göstərdiyi böyük töhfəni vurğulamalı və buna görə minnətdar olmalıyıq. Eyni zamanda, Azərbaycanda təhsilin inkişafına türk məktəblərinin də verdiyi töhfəni qeyd etməliyik. Beynəlxalq olimpiadalarda iştirak edən, xaricdə aparıcı Qərb universitetlərində təhsil alan və universitet qəbul imtahanlarında yüksək nəticələr göstərən bir çox parlaq azərbaycanlı tələbə məhz türk məktəblərində yetişmişdir. Ölkəmizin inkişafı üçün Azərbaycanlılar olaraq türk, rus, ingilis və digər dilləri öyrənməli, lakin eyni zamanda Azərbaycan dilində də səlis danışmağı bacarmalı, onun tarixi, mədəniyyəti və ədəbiyyatı barədə bilikli olmalıyıq. Bu, qlobal düşüncəli, mütərəqqi, bacarıqlı, eyni zamanda öz köklərinə, ənənələrinə və milli maraqlarına sadiq vətəndaşların yetişməsini təmin edəcəkdir. Azərbaycan dilinin hörmətli və geniş şəkildə danışılan bir dil olaraq qalması üçün nüfuzlu şəxslər və rəhbər vəzifələrdə olan insanlar Azərbaycan dilində səlis danışmalı və onun təşviqi üçün çalışmalıdırlar.
Məhəmməd Vəliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]