"Gediş qrafiklərini bazara döndəriblər" - AYNA-nın nəzarətsiz buraxdığı Biləcəri xətti

Bu gün, 17:48           
"Gediş qrafiklərini bazara döndəriblər" - AYNA-nın nəzarətsiz buraxdığı Biləcəri xətti
Hər il yeni daşıma şirkətləri yaranır. Əlində bir qədər mayası olan iş adamı bir neçə avtobus alaraq yeni daşıma şirkəti təsis edir və bazara rahatlıqla daxil ola bilir. Bu şirkətlərə nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) etməli olsa da, görünən odur ki, qurum öz fəaliyyətini yalnız “BakuBus”a nəzarətdən ibarət hesab edir.

Bazarda fəaliyyət göstərən belə şirkətlərdən biri də “Üç qardaş” MMC-dir. Əsasən Bakının mərkəzi küçələrindən Biləcəri qəsəbəsinə gedən marşrutları öz nəzarətinə alan şirkət bu istiqamətdə 91, 92 və 202 nömrəli avtobusların daşınmasını təşkil edir.

Üç qardaş qazinin yaratdığı bu şirkətdən vətəndaşların çoxsaylı şikayəti mövcuddur. Qanuni qrafiklə çalışmalı olduqları halda, məsuliyyətsizlik nümayiş etdirərək, gah qrafikə uyğun, gah da qrafikdən kənar fəaliyyət göstərirlər. Sakinlərin iddiasına görə, “Üç qardaş” MMC-yə məxsus avtobusların cəmi bir qrafiki var: sürücülərin özlərinin tərtib etdikləri “qrafik”.

Məsələn, “Memar Əcəmi” metrosundan Biləcəriyə gedən 92 nömrəli avtobusun son hərəkət vaxtı 23:30-dur. Sırf buna görə gec saatlara qədər çalışan Biləcəri sakinləri 23:30-da özlərini marşrutun ilk dayanacağına çatdırırlar. Lakin dayanacağa vaxtında çatmaq hələ problemin həlli demək deyil. İnsanların mənzil başına çatması və ya küçədə qalması sürücülərin kefindən asılı olur. Gecə növbəsinə düşən sürücü istəsə qrafik üzrə son gedişi tamamlayır, istəməsə marşrutdan çıxıb evinə gedir. Demək olar ki, hər gün 20-30 nəfər Biləcəri sakini son avtobusa ümidlə dayanacaqda gözləyir. Avtobus gəlməyəndə isə çarəsiz qalan insanlar məcburi şəkildə taksiyə əlavə pul xərcləməli olurlar. Cibində taksi pulu olmayanlar isə ya sürücülərə ağız açmalı, ya da səhərə qədər küçədə qalmalıdırlar.

AYNA bu şirkətin özbaşınalıqlarına nəzarət etməyi düşünürmü? Sual konkret olsa da, quruma ünvanlanan digər suallar kimi cavabsız qalır. AYNA nə zaman Biləcəri sakinlərini bu problemdən qurtarmağa cəhd göstərəcək? Vətəndaşlar hara şikayət edəcəklərini də bilmirlər. Avtobus gəlmədiyi üçün yenidən taksi tutmağa məcbur olan sakinlərdən biri Yenicag.az əməkdaşına belə üsyan edib:

“Nə edək, başımıza nə çarə qılaq? Biləcəridən köçək? Gec saatda bitməyən iş haradan tapaq? Kimə müraciət edirik, cavabsız qalır. İki-üç gündən bir evə taksi ilə getmək olmaz axı. 92 nömrəli avtobusa nəzarət etsələr, vaxtı-vaxtında çalışarlar. Gediş qrafiklərini bazara döndəriblər…”

Sözü isə AYNA-ya buraxırıq…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]