Deputatların sayı 200-ə çatdırılacaq - AÇIQLAMA

Bu gün, 17:06           
Deputatların sayı 200-ə çatdırılacaq - AÇIQLAMA
Əhali sayının sürətlə artdığı, inzibati ərazi bölgülərinin yeniləndiyi və ölkənin bütün bölgələrində sosial-iqtisadi həyatın canlandığı bir dövrdə Azərbaycanın ali qanunverici orqanında təmsilçilik məsələsi yenidən gündəmə gəlib. Təxminən 30 ildir dəyişməz qalan 125 deputatlıq Milli Məclis ölkənin bugünkü reallıqlarına cavab verirmi?

KONKRET.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Milli Məclisdə deputatların sayı 1995-ci ildə, ölkə ərazisinin 20 faizinin işğal altında olduğu dövrdə formalaşıb:
“Hazırkı parlament tərkibi 1995-ci ildə – 125 deputatla müəyyənləşdirilib. Həmin vaxt Azərbaycanın ərazilərinin böyük bir hissəsi işğal altındaydı. Bu gün isə ölkə bütövdür və bütün bölgələrin parlamentdə təmsil olunması vacibdir. Təbii ki, bütöv Azərbaycan üçün parlamentin formalaşdırılması da yeni reallıqlara uyğun olmalıdır”.
Onun sözlərinə görə, seçici və ümumi əhali sayı da son 30 ilə yaxın müddətdə ciddi şəkildə artıb:
“1995-ci ildə seçici sayı 4 milyon 132 min nəfər idi. Bu gün isə təxminən 6 milyon 500 min nəfərə çatıb. Həmin dövrdə ölkə əhalisi 7,5 milyon civarında idisə, indi bu rəqəm 10 milyondan çoxdur. Yəni həm seçici sayı, həm də əhali kifayət qədər artıb”.
Vüqar Oruc vurğulayıb ki, inzibati ərazi bölgüsündə aparılan yeniliklər də deputat yerlərinin sayına yenidən baxılmasını aktuallaşdırır:
“Əhali artımı və inzibati bölgülərin yenilənməsi fonunda parlament üzvlərinin sayının artırılması daha məqsədəuyğun olar. Gələcəkdə siyasi sistemin inkişafı baxımından həm proporsional, həm də majoritar seçki sisteminin paralel tətbiqi ehtimalı da istisna edilmir”.
Ekspert hesab edir ki, iqtisadi inkişaf və dövlətin güclənməsi parlamentin daha effektiv fəaliyyət göstərməsini tələb edir:
“Əvvəllər bir deputata təxminən 35 min seçici, əhali nisbətində isə 55 min nəfər düşürdü. İndi həmin prinsipə əsaslansaq, deputatların sayı təxminən 200 nəfərə qədər artırıla bilər. Bu, millət vəkillərinin işinin təkmilləşdirilməsinə və onların daha məhsuldar fəaliyyətinə ciddi töhfə verəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]