Dünyanı, siyasəti anlaya bilməyən marqinalların faciəsi.

Bu gün, 16:14           
Dünyanı, siyasəti anlaya bilməyən marqinalların faciəsi.
Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra siyasi səhnə, demək olar ki, dəyişməyib, iqtidar da, müxalifət də ya eyni sima və ya da, eyni kafada olanlardan ibarətdir.
İqtidar 1993-cü ildən sonra, təbii olaraq, özünü qoruma instinqti ilə davranırdı, hakimiyyəti qorumaq üçün hər şey edirdi, ənənəvi müxalifət isə hakimiyyətə gəlmək uğrunda mübarizədən çox, müxalifətin “hakimiyyəti” olmaq üçün çalışırdı.
İqtidar 1993-cü ildən sistematik olaraq seçkini gözdən, nüfuzdan salmaq üçün hər şey etdi-edir və bunu çox vacib siyasi mühəndislik sayırdı-sayır, nə hikmətdir, nə qəribədir ki, ənənəvi müxalifət də eyni qaydada seçki institutunu dağıtmaqla, insanları seçkidən iyrəndirməklə məşğul oldu-olur - 30 ildir ki, bu düzən davam edir.
İqtidar seçkiləri saxtalaşdırırmı – bəli, dəfələrlə bunu edib-edəcək də, yaxşı, iqtidar bunu öz xeyrinə edir, seçki institutunu nüfuzdan salır, bəs ənənəvi müxalifət bu anda nə etməli idi – bəli, seçki səfərbərliyi və dalğasını yaratmalı, bununla da iqtidarın oynunu pozmalı idi.
Bunun əvəzinə ənənəvi müxalifət düşünürdü ki, ABŞ, Avropa bunların yerinə demokratik seçki yaradacaq, ya da, bunların əlindən tutub iqtidara aparacaq.
Az qala 30 ildir ki, eyni düşüncədə olanlar bu gün də eyni kafadadırlar – Vens gəlib Azərbaycanda siyasi məhbus problemini həll edəcək, seçki tələb edəcək, iqtidarla kəllə-kəlləyə gələcək – ay hay, nə dünyanı anlayırlar, nə siyasəti bilirlər.
ABŞ və AB insitutları həmişə, bir daha qeyd edirəm, həmişə reallığı görürlər, hesablayırlar, öz maraqları nəyi diktə edirsə, onu da tələb edib, razılığını alırlar.
Hə, insafən, Avropa Şurası, AB, ABŞ zaman-zaman Azərbaycanda siyasi məhbus problemini qaldırıblar, bəzən isə həll də ediblər, günahsız insanların azad olunmasında ciddi rol oynayıblar - buna görə onlara təşəkkür edirəm, amma, bu həmişə həm də öz maraqları çərçivəsində olub.
Bir dəfə (təxminən 10 il öncə) bir qrup xaricilərlə görüşüm oldu, aralarında Azərbaycanda çalışan böyük enerji şirkətlərinin birinin yüksək vəzifəli idarəedicisi də var idi. Adamlar görüşə başlayarkən Azərbaycanda demokratik seçkilərdə maraqlı olduqlarını söylədilər. Mən də gülümsəyərək cavab verdim ki, sizə niyə demokratik seçki, parlamentdı 3-4 fraksiya sərf etsin ki?! Məsələn, indi müqavilə imzalayırsınız, Parlament oxumadan gözüyümulu istənilən müqaviləni təsdiq edir, amma, tutalım, 3-4 fraksiyalı parlament olsa, sizin ölkələrin şirkətləri gedib hər bir fraksiya ilə ayrıca danışmalı, müqavilədə hər bir fraksiyanın qeyd və iradlarını nəzərə almalıdır, bu isə həm zaman itkisidir, həm də şirkətlərə daha baha başa gələ bilər, çünki, məsələn, fraksiyalardan biri səs verməsi üçün tələb qoya bilər ki, xarici və yerli mütəxəssislər eyni işə görə eyni maaş almalıdır – bu isə sizin şirkətlər üçün maliyyə itkisi ola bilər. Belədirsə, sizə demokratik seçkilər niyə sərf etməlidir ki?!
Adamlar yayğın və ümumi cavab verdilər, amma, nə demək istədiyimi gözəl anladılar.
İndi də bir neçə marginal ortalığa düşüb ki, Vens gəlib siyasi məhbus məsələsini həll etməlidir – anlamırlar ki, bu gün nə ABŞ-da, nə Britaniyada, nə AB ölkələrində bu məsələ prioritet deyil, yaxın illərdə olmayacaq da.
Azərbaycanda insan haqları, seçki, demokratiya ancaq azərbaycanlıların işidir, ancaq azərbaycanlılar, vətəndaşlar bu işə önəm verəndə həll olunacaq məsələdir. Bunun yolu isə seçki və seçici aktivliyi, seçkilərin yarada biləcəyi sivil siyasi dalğalardır.
Dünən “inqilab” deyib hay salanlar, ölkədə seçkini gözdən salmaq üçün hökumətlə birgə davrananlar, küçədən hakimiyyətə xaricdən də dəstək ilə gələcəklərinə inanaların indi məhkəməsinə 30-40 adam gəlir, Vensdən imdad diləmək durumuna düşüblər – halbuki, cəmi bir neçə il əvvəl, “bizim lideri tuta bilməzlər, ölkə, xalq, dünya ayağa qalxar”, deyib sinə döyürdülər.
Allah bütün günahsız insanların, siyasi məhbusların qapısını açsın, amma, qapını bağlayan qurbanolduğum deyil, ənənəvi müxalifətin 30 illik səhv, yanlış, savadsız siyasətidir ki, hökumətin əlinə oynayaraq vətəndaş aktivliyinin ən gözəl aləti olan seçki institutunu, iqtidarla birgə məhv etdilər, indi də, məhz bunun altını çəkirlər...
P.S. Səfər bitdi, məmləkətə döndüm.
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]