Rusiya “nüvə gözünü” itirdi
29-12-2025, 17:28

Rusiyanın raket hücumu barədə erkən xəbərdarlıq sisteminin kosmik qruplaşması faktiki olaraq fəaliyyət qabiliyyətini itirib.
Musavat.com xəbər verir ki, Cenevrədə yaşayan, Rusiya nüvə silahları üzrə ekspert Pavel Podviqin yazdığına görə, orbitə buraxılmış altı “Tundra” tipli peykdən hazırda yalnız biri işlək vəziyyətdədir.
“Tundra” peykləri Rusiyanın ballistik raket buraxılışlarının erkən aşkarlanması üçün nəzərdə tutulan sistemin kosmik hissəsini təşkil edir. Halbuki rəsmi məlumatlara əsasən, bu qruplaşmanın minimal ştat tərkibi dörd peykdən ibarət olmalıdır.
Podviq nəticələrini orbital müşahidə məlumatlarına əsaslandırır. Həmin məlumatlar göstərir ki, 2025-ci ilin sonuna doğru yalnız 2021-ci ilin noyabrında orbitə çıxarılmış “Kosmos-2552” peyki fəaliyyətini davam etdirir. Bununla belə, son peykin işində də problemlər müşahidə olunur. Təxminən noyabr ayında “Kosmos-2552”nin orbital korrektə aparmalı olduğu qeyd edilsə də, bu baş verməyib. Ekspertin fikrincə, hazırkı mərhələdə aparatın tam sıradan çıxması barədə qəti nəticə çıxarmaq tezdir.
2025-ci ilin mart ayına qədər qruplaşmada üç peyk işlək vəziyyətdə idi. “Kosmos-2552” ilə yanaşı, 2019-cu ilin sentyabrında buraxılmış “Kosmos-2541” və 2022-ci ilin noyabrında orbitə çıxarılmış “Kosmos-2563” də fəaliyyət göstərirdi. Lakin “Kosmos-2541” mart ayında, “Kosmos-2563” isə iyul ayında orbital korrektə aparıldıqdan sonra sıradan çıxıb.
2020-ci ildə TASS agentliyi müdafiə-sənaye kompleksindəki mənbəyə istinadla yazırdı ki, “Tundra” tipli peyklərdən ibarət qruplaşmanın minimal tərkibi dörd aparatdan ibarətdir. Həmin vaxt bildirilirdi ki, “Kupol” vahid kosmik sistemi minimal ştat səviyyəsinə çatdırılıb və ABŞ ərazisindən istənilən ballistik raket buraxılışını izləməyə imkan verir.
“Tundra” peyklərinin buraxılışına 2015-ci ildə başlanılıb. Onlar ballistik raket buraxılışlarının aşkarlanması üçün nəzərdə tutulmuş və artıq köhnəlmiş “Oko-1” sistemini əvəz etməli idi. “Oko-1” sisteminin son peykləri 2007–2008-ci illərdə buraxılmış, istismar müddətini aşmış və 2010-cu illərin ortalarına doğru tamamilə sıradan çıxmışdı.
2014-cü ildə Rusiya Müdafiə Nazirliyi 2018-ci ilə qədər sistemin on peykdən ibarət olacağını açıqlamışdı. 2020-ci ildə isə Hərbi-Kosmik Qüvvələrin o vaxtkı baş komandanı Sergey Surovikin sistemin tam şəkildə 2024-cü ilə qədər yerləşdiriləcəyini bildirmişdi. Sabiq müdafiə naziri Sergey Şoyqu isə ballistik raket buraxılışlarının aşkarlanması üçün vahid kosmik sistemin yaradılmasını Rusiyanın nüvə çəkindirmə qüvvələrinin inkişafında əsas istiqamətlərdən biri adlandırmışdı.
2019-cu ildə Rusiya prezidenti Vladimir Putin bu sistemin köməyi ilə üç il ərzində 150-dən çox ballistik raket və daşıyıcı raketin buraxılışının izlənildiyini bildirmiş, kosmosda təhlükəsizliklə bağlı tapşırıqların effektiv icrasının strateji sabitliyin qorunması üçün həlledici əhəmiyyət daşıdığını vurğulamışdı.
Podviqin qiymətləndirməsinə görə, ballistik raket buraxılışlarını aşkarlayan peyklərin itirilməsi Rusiya üçün ABŞ-la müqayisədə daha az kritikdir, çünki ölkənin güclü yerüstü radiolokasiya stansiyaları mövcuddur. Bununla belə, kosmik eşelon düşmən raketinin buraxılışını yerüstü radarlarla müqayisədə təxminən bir dəqiqə daha tez aşkar etməyə imkan verir.
Musavat.com

