XEYİR OLAN YERDƏ ŞƏR DƏ PEYDA OLUR.
5-01-2026, 16:44

Millət vəkili Ağalar Vəliyev əlamətdar günlərdə, elə adi günlərdə də seçicilərini
daim diqqətdə saxlayır.
Bu dəfə də istisna olmadı. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə seçicilərinə, ağsaqqallara, şəhid, qazi ailələrinə təbrik ünvanlayıb və onlara ən xoş arzularını çatdırıb.
Deputat Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Seçki Dairəsi üzrə Xaçmaz rayonundan 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, Ucar, Yevlax, Goranboy, Tərtər, Bərdə rayonlarından isə 255 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.
Ağalar müəllim təhsilin inkişafı üçün də işlər görür. Məsələn, elə təmsil etdiyi Xaçmaz rayonunda bu sahədə uğur əldə edənlərin həvəsləndirilməsi üçün məktəblərdə qabaqcıl müəllimlərə, əlaçı şagirdlərə müxtəlif məbləğlərdə pul mükafatı verir.
Həmçinin, şəhid və qazi ailələrinin məktəbli övladlarına maliyyə dəstəyi göstərir, onların qayğıları, güzəranları ilə daim maraqlanır.
Bu yaxında Xaçmaz rayonuna getmişdik. Rayonda olarkən bu bölgənin gündəlik həyatı ilə bağlı referansaz.az saytı üçün məlumat əldə etmək üçün sakinlərlə görüşüb fikirlərini öyrəndik.
İcra Hakimiyyətində də olduq, icra başçısı Elnur Rzayevlə görüşüb söhbət etdik. Əhalinin ümumi rəyi qənaətbəxş idi. İcra başçısının işini, münasibətini yüksək qiymətləndirirdilər, həmçinin bu ərazidən parlamentə seçilən Ağalar Vəliyev haqqında da müsbət rəylər söylədilər.
Elnur Rzayev də bizimlə söhbətdə rayondakı işlərdən, qarşıya qoyduqları məqsədlərdən danışdılar. O da Xaçmazı Milli Məclisdə təmsil edən deputat Ağalar Vəliyevdən razılğını bildirdi. Ağalar müəllimin rayonun, bölgənin, habelə Azərbaycanın inkişafı üçün çox iş gördüyünü vurğuladı.
Bu onun gördüklərinin cüzi hissəsidir. Bütün xeyriyyəçiliyini sadalamaqla bitirmək mümkün olmaz. Bir sözlə, Ağalar Vəliyev vədinə xilaf çıxan deputatlardan deyil.
Sözünə hakim insandır. Bəlkə də elə əsl ağsaqqallara layiq davranışına görə onu ölkəmizin Ağsaqqallar Şurasının rəhbərliyində təmsil olunmağa layiq biliblər. Onun fəaliyyəti həmişə xalq və dövlət tərəfindən yüksək qiymətləndirilib.
Çox təəssüf ki, belə bir insana qarşı bəzi qüvvələr qara piar aparmaq fikrinə düşüblər. Özü də elə hekayələr uydururlar ki, adam belə şeyin mümkünlüyünü təsəvvürünə gətirə bilmir. Beləki, Ağalar Vəliyevin sahibi olduğu “Kristal Abseron” MTK-nın Xırdalan layihəsindəki binanın bir mərtəbəsinin Pişik Günel ləqəbli müğənni Günel Ələkbərovaya hədiyyə edildiyi iddia edilir.
Lakin hər iki tərəfdən bunun təsdiqi ilə bağlı heç bir məlumat verilməyib. Günel gah zənglərə cavab vermir, gah telefonu söndürür, gah da deyir danışmaq istəmirəm.
Yəni, tam bir şou göstərmək istəyir. Neçə ildir bu xanım müğənni gündəmdə deyil, heç yerdə görünmür. İndi birdən-birə bu mövzu ilə ortalığa çıxması fikrimcə təsadüf sayıla bilməz.
Pişik Günelin televiziya kanallarından birində “nala-mıxa vurması” da buna dəlalət edir. Kimin nə deməyindən asılı olmayaraq hər kəs öz çəkisində, öz səviyyəsində görünür.
Sima Babayeva
TEREF

