Madurodan sonra dünyanın gözü neft bazarında: Nə gözlənilir?
6-01-2026, 12:38

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkəsi Venesuelada ABŞ tərəfindən həyata keçirilən əməliyyat neft bazarlarının gələcəyi ilə bağlı suallar yaradıb. Qlobal bazar analitikləri qısa və uzunmüddətli perspektivdə neft qiymətlərinin mümkün istiqamətləri ilə bağlı proqnozlarını bölüşürlər.
Valyuta.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının keçirilən əməliyyatla saxlanılaraq ABŞ-a gətirilməsindən sonra diqqətlər ABŞ prezidenti Donald Trampın Floridada yerləşən yay iqamətgahında keçirdiyi mətbuat konfransına yönəlib.
Trampın açıqlamalarında ən çox diqqət çəkən mövzulardan biri neft olub. ABŞ prezidenti ölkəsinin Venesuelanın nəhəng neft ehtiyatlarının nəzarətini üzərinə götürəcəyini və Amerika şirkətlərini ölkənin dağılmış neft sənayesinin bərpası üçün milyardlarla dollar sərmayə qoymağa dəvət edəcəyini bildirib.
"Dünyanın ən böyük neft şirkətləri olan ABŞ-ın enerji nəhənglərini prosesə cəlb edəcəyik, milyardlarla dollar xərcləyəcəyik, ciddi şəkildə sıradan çıxmış neft infrastrukturunu bərpa edəcəyik”, deyən Tramp Venesuelanın idarəçiliyinin də müvəqqəti olaraq ABŞ-də olacağını vurğulayıb.
Dünya neft ehtiyatlarının 1/5-i Venesueladadır
Venesuela dünyada ən böyük neft ehtiyatına malik ölkədir. ABŞ Enerji Məlumatları İdarəsinin (EIA) məlumatına görə, ölkədə dünya ehtiyatlarının təxminən beşdə birinə bərabər olan 303 milyard barel xam neft mövcuddur. Bu səbəbdən ABŞ-ın əməliyyatının neft qiymətlərinə təsir göstərməsi ehtimalı yüksək qiymətləndirilir.
Həftəsonu neft bazarlarında ticarət aparılmadığından qısa müddətdə qiymətlərin necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir.
Uzunmüddətli perspektivdə isə Trampın bəhs etdiyi yenidənqurma prosesinin reallaşması Venesuelanı daha iri neft tədarükçüsünə çevirə, Qərb neft şirkətləri üçün yeni imkanlar yarada və bazara əlavə istehsal mənbəyi qazandıra bilər. Bununla yanaşı, qlobal qiymətlərin enməsi bəzi ABŞ şirkətlərinin hasilatdan çəkindirilməsi riskini də yarada bilər.
Digər tərəfdən, beynəlxalq giriş qısa müddətdə bərpa olunsa belə, Venesuelada neft hasilatını tam şəkildə əvvəlki səviyyəyə qaytarmaq illər çəkə və son dərəcə yüksək xərc tələb edə bilər. Ölkənin dövlət neft və qaz şirkəti PDVSA boru xətlərinin təxminən 50 ildir yenilənmədiyini və infrastrukturun maksimum istehsal səviyyəsinə qaytarılması üçün 58 milyard dollarlıq vəsaitə ehtiyac olduğunu bildirir.
“Price Futures Group”un baş bazar analitiki Pil Flinn “CNN International”a açıqlamasında bildirib ki, baş verənlər neft bazarı üçün tarixi hadisəyə çevrilə bilər.
İstehsal ehtiyatlarla müqayisədə çox məhduddur
Venesuela dünyada ən böyük təsdiqlənmiş neft ehtiyatına malik olsa da, ölkədə real hasilat səviyyəsi kifayət qədər aşağıdır.
Hazırda Venesuela gündə təxminən 1 milyon barel neft hasil edir ki, bu da qlobal xam neft istehsalının təxminən 0,8 faizinə bərabərdir. Bu göstərici Nikolas Maduronun 2013-cü ildə hakimiyyətə gəlməsindən əvvəl gündə 2 milyon barel, neft sənayesi milliləşdirilməzdən öncə isə təxminən 3,5 milyon barel idi.
EIA-nın məlumatına görə, Venesuelaya tətbiq edilən beynəlxalq sanksiyalar və dərin iqtisadi böhran neft sənayesinin tənəzzülündə əsas rol oynayıb. Bununla yanaşı, investisiya və texniki xidmət çatışmazlığı da istehsal gücünün illər ərzində kəskin azalmasına səbəb olub.
Pil Flinn qeyd edib ki, Venesuelanın hazırkı istehsal həcmi bazarda ciddi fərq yaratmaq üçün yetərli deyil: “Psixoloji təsirlə müəyyən yüksəliş ola bilər, lakin Venesuela nefti digər qlobal istehsalçılar tərəfindən asanlıqla əvəz edilə bilər”.
“Dönüş nöqtəsi ola bilər”
Venesuela xam nefti dizel və sənaye yanacaqlarının istehsalında istifadə edilən, “ağır və turş” xüsusiyyətə malik neft növüdür və əsasən benzin üçün yararlı olan ABŞ-ın “yüngül” neftindən fərqlənir. Bu səbəbdən emal üçün xüsusi avadanlıq tələb edir.
Lakin Flinn bildirib ki, bu ciddi problem deyil, çünki ABŞ-dəki bir çox neft emalı zavodu Venesuelanın ağır neftini emal edə biləcək şəkildə inşa olunub və bu zavodlar həmin nefti ABŞ nefti ilə müqayisədə daha səmərəli istifadə edə bilərlər.
Onun sözlərinə görə, proses problemsiz davam edərsə və ABŞ şirkətlərinə Venesuela neft sənayesini yenidən qurmaq imkanı verilərsə, bu, qlobal neft bazarı üçün əsl dönüm nöqtəsi ola bilər.
Ekspertlər mümkün qiymətləri dəyərləndirir
Bununla belə, ABŞ-ın Venesuelaya müdaxiləsinin enerji qiymətlərinə təsirini dəqiq proqnozlaşdırmaq çətindir.
Vaşinqtonda yerləşən “Rapidan Energy Group”un prezidenti Bob Maknelli “CNN International”a bildirib ki, Venesuelada genişmiqyaslı sosial qarışıqlıq baş vermədiyi müddətdə qiymətlərə təsirin məhdud olacağını düşünür.
Maknelli qeyd edib ki, əsas sual ABŞ-a yaxın bir Venesuelanın hasilatı nə qədər sürətlə artıra biləcəyidir və bu proses 5–10 il ərzində reallaşa bilər.
“RBC Capital Markets”in qlobal əmtəə strategiyası üzrə rəhbəri Helima Kroft isə qiymətlərin Trampın Venesuela neft sektorunda real dönüş yaradıb-yaratmayacağından asılı olacağını bildirib.
Brent neftində 1–2 dollar artım gözləntisi
CNBC-yə danışan “A/S Global Risk Management”in baş analitiki Arne Loman Rasmussen bildirib ki, əməliyyatın miqyası gözlənilməz olsa da, bazarlar Venesuelada neft ixracını poza biləcək riskləri artıq qiymətlərə daxil edib.
Rasmussenin proqnozuna görə, Brent markalı xam neftin qiyməti bazar ertəsi gecəsi fyuçerslər açıldıqda cəmi 1–2 dollar, hətta daha az arta bilər və qiymət gələn həftə 60,75 dollar səviyyəsindən aşağı qalacaq.
Onun sözlərinə görə, bu hadisə adətən qiymətləri yüksəldə biləcək ciddi geosiyasi risk olsa da, bazarda hələ də kifayət qədər neft mövcuddur.
Neft şirkətləri sərmayə qoyacaqmı?
“MST Financial”in enerji araşdırmaları üzrə rəhbəri Saul Kavoniç bildirib ki, yeni Venesuela hökuməti sanksiyaların ləğvinə və xarici investorların geri qayıtmasına şərait yaratsa, orta müddətdə ixrac həcmi gündəlik 3 milyon barelə yaxınlaşa bilər.
ABŞ-ın keçmiş yüksək vəzifəli enerji rəsmisi və sektor məsləhətçisi Devid Qoldvin isə Venesueladakı siyasi qeyri-müəyyənlik fonunda ABŞ neft şirkətlərinin investisiya qərarı verib-verməyəcəyini proqnozlaşdırmağın çətin olduğunu vurğulayıb.
Ödənilməli kompensasiyalar mövcuddur
Qoldvin əlavə edib ki, “ExxonMobil” də daxil olmaqla bir sıra ABŞ şirkətləri hələ də Venesuelanın dövlət neft şirkəti “Petroleos de Venezuela S.A.”dan alacaqlarını gözləyirlər.
Məlum olduğu kimi, Venesuela təxminən 50 il əvvəl neft sənayesini milliləşdirib, 2007-ci ildə isə mövcud özəl müqavilələr üzərində tam nəzarəti ələ alıb. Bu prosesdən sonra “ExxonMobil” və “ConocoPhillips” ölkəni tərk edib və illərlə davam edən məhkəmə çəkişmələri nəticəsində Dünya Bankasının arbitraj qurumu tərəfindən milyardlarla dollar kompensasiya ödənilməsinə qərar verilib. Lakin Venesuela bu vəsaitin hamısını hələ də ödəməyib.
Şirkətlər mövqelərini açıqlamır
Amerika neft şirkətləri hələlik Trampın açıqlamalarına rəsmi reaksiya verməyiblər. “ExxonMobil” şərh sorğusuna cavab verməyib, “ConocoPhillips” isə prosesləri izlədiklərini və hələlik investisiyalar barədə danışmağın tez olduğunu bildirib. “Chevron” isə fəaliyyətlərini bütün qanunlara uyğun şəkildə davam etdirdiklərini açıqlayıb.
Bununla yanaşı, “Rystad Energy”nin geosiyasi analiz üzrə rəhbəri Xorxe Leon Tramp bu mövzunu açıq şəkildə gündəmə gətiribsə, ehtimal ki, ABŞ şirkətləri ilə əvvəlcədən razılaşmaların mövcud olduğunu bildirib. Ağ Ev isə əməliyyatdan əvvəl neft şirkətləri ilə məsləhətləşmələr aparılıb-aparılmaması ilə bağlı şərh verməyib.

