Gizli çəkiliş cəmiyyət üçün həqiqəti üzə çıxaran vasitə olmalıdır, yoxsa kimlərinsə əlində şantaj alətinə çevrilməlidir?

10-03-2026, 12:01           
Gizli çəkiliş cəmiyyət üçün həqiqəti üzə çıxaran vasitə olmalıdır, yoxsa kimlərinsə əlində şantaj alətinə çevrilməlidir?
“1media.xeber” saytında yayılan məlumata görə, Sevil adlı bir qadının özəl klinikalara pasiyent kimi daxil olaraq gizli çəkilişlər etdiyi, daha sonra isə həmin görüntüləri paylaşacağı ilə bağlı eyham vuraraq klinikalara zəng edib özünü jurnalist kimi təqdim etməklə pul tələb etdiyi iddia olunur. Bu iddialar doğrudursa, məsələ artıq sosial şəbəkə müzakirəsi deyil, hüquqi araşdırma tələb edən ciddi haldır.
Belə hallarda əsas məsələ sübutların toplanmasıdır. Obyektiv araşdırma aparılarsa, ən mühüm sübutlardan biri həmin şəxsin klinikaya pasiyent kimi daxil olduqdan sonra etdiyi telefon zənglərinin müəyyən edilməsidir. Bununla yanaşı, həmin zənglərin danışıq qeydlərinin çıxarılması da vacibdir. Çünki məhz bu qeydlərdə hədə-qorxu ilə pul tələbi olub-olmadığı aydın görünə bilər.
Hüquqi baxımdan mühüm məqam ondan ibarətdir ki, həm zəng faktı, həm də həmin zənglərin danışıq məzmununu təsdiqləyən səs qeydləri birlikdə mövcud olmazsa, bu cür iddiaların mötəbər sübut kimi qiymətləndirilməsi yol verilməzdir.
Əgər həqiqətən də “video yayılacaq” deyə pul tələb olunubsa, bu artıq hədə-qorxu ilə tələb etmə kimi qiymətləndirilə və cinayət məsuliyyəti yarada bilər. Eyni zamanda bir şəxsin özünü jurnalist kimi təqdim etməsi də hüquqi məsələ yarada bilər. Əgər həmin şəxs jurnalist fəaliyyəti ilə məşğul deyilsə və bu adla kimlərdənsə pul tələb edirsə, bu artıq aldatma yolu ilə mənimsəmə və ya digər hüquqi məsuliyyət formaları ilə qiymətləndirilə bilər.
Cəmiyyət üçün vacib olan başqa bir hüquqi məqam da var. Qanunvericiliyə görə şəxsin şəxsi həyatına aid olmayan və cinayəti və ya qanunazidd əməli ifşa edə biləcək hallarla bağlı gizli çəkilişlərin aparılması prinsip etibarilə qadağan sayılmır, xüsusilə də satışı qadağan edilmiş xüsusi texniki vasitələrdən istifadə edilmirsə və çəkiliş adi telefon kamerası və ya səsyazma cihazı ilə aparılıbsa. Belə hallarda məqsəd qanunsuzluğu ifşa etməkdirsə, həmin materiallar hüquq-mühafizə orqanlarına təqdim edilə bilər.
Əgər görüntülərdə hüquq-mühafizə orqanlarının əməliyyat mövqeyini poza biləcək məqam yoxdursa, materialların ictimailəşdirilməsi də mümkündür. Lakin belə risk varsa, görüntülər ictimailəşdirilmədən polisə və ya prokurorluğa protokol vasitəsilə təqdim edilməlidir. Əks halda cinayəti bilə-bilə gizlətmə məsuliyyəti yarana bilər.
Digər tərəfdən, jurnalist fəaliyyəti ilə bağlı cəmiyyətdə yanlış təsəvvürlər də mövcuddur. Jurnalist olmaq yalnız diplomla məhdudlaşmır. İxtisas təhsili olan şəxslərlə yanaşı, ali təhsili olmasa belə xüsusi istedada malik olan şəxslər də müsabiqə yolu ilə media qurumlarında jurnalist kimi fəaliyyət göstərə bilərlər. Bundan əlavə, ali təhsili olan və ya olmayan şəxslər qanun çərçivəsində onlayn xəbər portalları yaradaraq media təsisçisi kimi fəaliyyət göstərmək hüququna malikdirlər. Lakin bu azadlıq heç vaxt şantaj və ya pul tələb etmək üçün istifadə edilə bilməz.
Cəlal Ələddinoğlu hesab edir ki, gizli çəkiliş bəzən cəmiyyət üçün faydalı ifşa vasitəsinə çevrilir və qanunsuzluqları üzə çıxarır. Amma həmin görüntülər kimlərisə qorxutmaq və pul almaq üçün istifadə olunarsa, bu artıq jurnalistika deyil, açıq hüquq pozuntusudur.
Bəs sizcə – gizli çəkiliş cəmiyyət üçün həqiqəti üzə çıxaran vasitə olmalıdır, yoxsa kimlərinsə əlində şantaj alətinə çevrilməlidir?
Cəlal Ələddinoğlu, İnfoPlyus.Tv













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru