İstehlakçının hüquqlarını kim qorumalıdır: Özü, yoxsa dövlət?
Bu gün, 08:24

Azərbaycanda elektron ticarətin və rəqəmsal xidmətlərin sürətlə artması istehlakçı hüquqlarının qorunması məsələsini daha da ön plana çıxarır.
Onlayn alış-veriş və müxtəlif rəqəmsal platformaların geniş yayılması istehlakçı ilə sahibkar arasında münasibətlərə yeni yanaşmaların tətbiqini zəruri edir. Bu səbəbdən aidiyyəti qurumlar həm qanunvericilik mexanizmlərindən, həm də maarifləndirici tədbirlərdən istifadə etməyə çalışır.
Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev Bakıda keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” forumunda danışıb.
Onun sözlərinə görə, agentlik istehlakçı hüquqlarının qorunması üçün qanunvericiliklə yanaşı, işçi qaydada “yumşaq güc” alətlərindən də istifadə edir. “Yumşaq güc” yanaşması əsasən cərimə və inzibati tədbirlərdən daha çox maarifləndirmə, dialoq və tövsiyələr vasitəsilə bazarın tənzimlənməsini nəzərdə tutur.
Dövlət qurumlarının istehlakçı hüquqlarının qorunmasında “yumşaq güc” alətlərindən istifadə etməsi nə dərəcədə effektivdir?
Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, həmin tədbirdə o da iştirak edib və bütün təqdimatlara diqqətlə baxıb:
“Dünyada, ümumiyyətlə, istehlakçıların maarifləndirilməsi məsələsi böyük əhəmiyyət kəsb edir. Bütün dünya ölkələrində istehlakçıların hüquqlarının pozulması ən çox yayılan insan hüquqları pozuntularından biri kimi qiymətləndirilir. Xüsusilə elektron ticarətin kütləvi surətdə inkişaf etməsi bu sahədə daha çox problemlər yaradır.
Müasir texnologiyalar tətbiq olunduqca, sanki istehlakçı hüquqlarının pozulması da artır. “Yumşaq güc” istehlakçıların maarifləndirilməsi üçün bir vasitədir. Lakin biz həmişə deyirik ki, əgər dövlət orqanları effektiv işləyirsə, istehlakçı maarifləndirilməsinə ehtiyac qalmır.
İstehlakçı keyfiyyətli mal almalı və xidmətdən düzgün istifadə etməlidir, çünki onun hüquqlarını qoruyan dövlət orqanları mövcuddur. Başqa sözlə, insanlar “özünü özün cəngəllikdə qorumaq” vəziyyətində qalmamalıdır, qanunlar mövcud olduqda istehlakçının ayrıca öhdəliyi yoxdur”.
Onun sözlərinə görə, bu problem bütün dünyada mövcuddur:
“Şəxsən məni Amerikada dəfələrlə maarifləndirməyə cəhd ediblər və bunu bir çox ölkələrdə də müşahidə etmişəm. Həmin tədbirdəki təqdimatlar arasında ən mükəmməl çıxış isə Daxili İşləri Nazirliyinin nümayəndəsi Emil Mehdiyevə aid idi. O, təqdimatında hüquqi təhlükəsizlik mövzusunu çox yaxşı izah etdi və bu sahədəki problemləri aydın şəkildə göstərdi”.
E. Hüseynov qeyd edib ki, maarifləndirmə işlərinə böyük ehtiyac var:
“İnsanlar internet üzərindən müxtəlif xidmətlərdən istifadə edərkən düzgün məlumatlandırılmalıdır. Düşünürəm ki, Daxili İşlər Nazirliyi bu sahədə daha çox iş görə bilər və insanları aldadılmaqdan qorumaqda böyük rol oynaya bilər.
Maarifləndirmə işi aparmaq üçün kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edilməlidir. Təəssüf ki, müvafiq qurumlar hələ kütləvi informasiya vasitələri ilə mükəmməl işləmək bacarığına çatmayıblar.
Azərbaycan İstehlakçılar Birliyi çalışır ki, istehlakçılar öz hüquqlarını bilsinlər və dövlət orqanlarından razı qalsınlar, gözü yumulmuş halda maldan və xidmətdən istifadə etməsinlər”.

