Qazi, şəhid ailələri QANUNLA rüsumdan azaddırlar, TŞ QƏRARI ilə yox ƏMDX dövlət , yoxsa rüşvət xidmətidir, QANUN “OĞRUSU”dur?

28-03-2026, 10:28           
Qazi, şəhid ailələri QANUNLA rüsumdan azaddırlar, TŞ QƏRARI ilə yox  ƏMDX dövlət , yoxsa rüşvət xidmətidir,  QANUN “OĞRUSU”dur?
İstifadələrində olan dövlət bağlarının və bağçılıq sahələrinin ƏVƏZSİZ olaraq müharibə veteranlarının ŞƏXSİ MÜLKİYYƏTLƏRİNƏ verilməsi “Veteranlar haqqında” qanunun 11-ci maddəsində təsbit olunub. Di gəl, daşınmaz əmlakın özəlləşdirilməsi funksiyasını yerinə yetirən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) nəinki Konstitusiyanın 149-cu maddəsinin tələbinə uyğun olaraq qanunu tətbiq və icra edir, əksinə, görməzliyə vurur. “Göstərəndə” isə Tarif Şurasının (TŞ) qərarının qanunu qüvvədən saldığını (?) bildirir. Axı qanunun icrası və tətbiqi məcburidir, TŞ-nin qanunu qüvvədən salmaq səlahiyyəti yoxdur! Bu “yoxsulluğa” da ƏMDX “başbilənləri” bəhanə tapıb. Heç demə, “Veteranlar haqqında” qanunun 11-ci maddəsi ilə nəzərdə tutulan azadolma “Dövlət rüsumu haqqında” qanunda yazılmayıb! Bəs TŞ-nin qərarı ilə 50 manatləq dövlət rüsumundan ortalıq 5 dəfə çox-236,96 manatlıq “xidməthaqqı” rüsumu həmin qanunda yazılıb? Təbii ki, yazıla bilməz və belə özbaşına rüsum-xidməthaqqı (rüsum elə xidməthaqqıdır) müəyyən edilməsi cinayət məsuliyyəti yaradır.

Nə isə, qanun yazılmağında olsun, ƏMDX məmurları da özbaşına xidməthaqqı tələbində. Axırı, Milli Məclis 30.12.2025-ci il tarixli qanunla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara əlavə və dəyişiklik edərək Qarabağ, 20 Yanvar.. əlillərinin, şəhid ailələrinin DAŞINMAZ ƏMLAKIN ÖZƏLLƏŞDİRİLMƏSİ də içində olmaqla bütün əməliyyatlarda rüsumdan azad edilmələrini qanunlaşdırdı. Prezident 09.01.2026-cı ildə qanunu təsdiq edəndən sonra ƏMDX-nın daha bəhanəsini qalmadığı gözlənilən idi. Di gəl...

2024-cü ilin yayından 5 saylı “ASAN xidmət” mərkəzində yiyələri Qarabağ əlillərini “gözləyən” qeydiyyat çıxarışının verilməsindən qanunun geriyə qüvvəsinin olmaması (?) bəhanəsi ilə imtina edilib. Konstitusiyanın 149-cu maddəsini diqqətə çatdırmaq da hazır özəlləşmə sənədinə qovuşdurmayıb. Ali dövlət hakimiyyəti, hüquq, prokurorluq orqanlarına, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN”) şikayətlər qanunsuzluqla barəsində şikayət edilən ƏMDX-ya göndərilib və... ƏMDX-nın “əsas qanununun” TŞ-nin özbaşınalıq qərarı olduğu bir daha “təsdiqlənib”.
ƏMDX DƏDKR idarə heyətinin sədr müavini Elvin Məmmədovun imzaladığı 12.03.2026 tarixli cavabda şəhid ailələrinin, müharibə əlillərinin “Dövlət rüsumu haqqında” qanunun 27.7-ci maddəsi ilə rüsumdan azad olduğu; eyni zamanda Tarif Şurasının qərarı ilə (186,96 m-t) xidməthaqqının və “əmlakın bazar qiymətinin müəyyən edilməsi” arayışının (50 m-t) haqqının “güzəştlə” yarısının (118,48 m-t) ödənilməli olması qəti bildirilib. Heç demə TŞ-nin qərarı elə “qəti, təkzibolunmaz, qüvvədənsalınmaz”dır ki, hətta Konstitusiyadan da üstündür!(?)

ƏMDX-nın rəsmi saytında isə nə sözügedən qanunu, nə Prezident fərmanını tapa bildik. Sadəcə “Dövlət rüsumu haqqında” qanundan çıxarış yerləşdirilib , həmin çıxarışda şəhid, müharibə əlillərinin rüsumdan azad olmasını təsbit edən 27.7-ci maddə göstərilməyib. Niyə, məqsəd nədir? ƏMDX “QANUNU gizlətməklə, OĞURLAMAQLA” DÖVLƏTƏ XİDMƏT EDİR, yoxsa RÜŞVƏTƏ?
Sual həm ritorikdir, həm də yox. Dövlətə xidməti cibinə xidmət(haqqı) ilə bilə-bilə dəyişik salmağa cavabı uyğun dövlət orqanı verməlidir.
Məğrur Bədəlsoy














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru