"80-100 min adam göndərilməsi real olmasa da..." – Moskvanın Ermənistan üçün GİZLİ PLANI
1-04-2026, 00:06

“Ermənistandakı seçkilər regionun gələcək təhlükəsizlik arxitekturasını, sülh perspektivlərini və güc balansını müəyyən edən mühüm mərhələdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.
Politoloq Ermənistanda bir neçə ay sonra keçiriləcək parlament seçkilərinin regional təsirlərini şərh edib:
“Ermənistanda yaxınlaşan parlament seçkiləri təkcə bu ölkənin daxili siyasi prosesləri ilə məhdudlaşmır. Əksinə, bu seçkilər Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda regional və qlobal güclərin maraqlarının toqquşduğu mühüm poliqon kimi çıxış edir. Seçkiyə doğru irəlilədikcə həm Ermənistan daxilində siyasi aktivliyin artacağı, həm də xarici aktorların təsir cəhdlərinin güclənəcəyi gözləniləndir.
Ermənistandakı seçkilər yalnız Rusiya və İran üçün deyil, eyni zamanda Türkiyə və Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, Qərb dövlətləri də prosesləri diqqətlə izləyir və müxtəlif vasitələrlə təsir imkanlarını qorumağa çalışırlar.
Bakı və Ankaranın əsas marağı regionda sabitliyin və uzunmüddətli sülhün təmin olunmasıdır. Bu kontekstdə Ermənistanda sülh gündəliyini dəstəkləyən siyasi qüvvələrin mövqelərinin möhkəmlənməsi onların strateji maraqlarına cavab verir. Digər tərəfdən, bəzi xarici güclər üçün əsas məqsəd regionda təsir rıçaqlarını qorumaq və genişləndirməkdir”.
M.Bünyadlının sözlərinə görə, Rusiya üçün Ermənistan yalnız müttəfiq dövlət deyil, həm də Cənubi Qafqazda mövcudluğunu qorumaq baxımından əsas dayaq nöqtələrindən biridir:
“Bu səbəbdən Moskvanın seçkilər ərəfəsində aktivliyini artıracağı qaçılmazdır. Rusiyanın təsir alətləri çoxşaxəlidir: siyasi, iqtisadi, hərbi rıçaqlar, həmçinin kilsə, diaspora və informasiya amili…
Seçkiyə yaxın dövrdə Moskvanın informasiya və hibrid təsir mexanizmlərini daha da gücləndirəcəyi ehtimal olunur. Xüsusilə xaricdə, o cümlədən Rusiyada fəaliyyət göstərən seçki məntəqələri vasitəsilə nəticələrə dolayı təsir imkanlarının artırılması da mümkün ssenarilər sırasındadır.
Rusiyanın maksimalist məqsədi Ermənistanda özünə sadiq siyasi qüvvənin hakimiyyətə gəlməsini təmin etməkdir. Bu kontekstdə Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı siyasi kursa alternativlərin gücləndirilməsi istiqamətində addımlar atıla bilər. Lakin bu məqsədə tam nail olmaq çətin görünərsə, Moskva üçün ikinci ssenari parlamentdə təsirli mövqeyə malik fraksiyaların formalaşdırılmasıdır. Yəni, hakimiyyət dəyişməsə belə, siyasi balansın Rusiyanın maraqlarına uyğun tənzimlənməsi əsas hədəf ola bilər”.
Politoloq Baş nazir Nikol Paşinyanın “Rusiya Ermənistana təxribat üçün minlərlə şəxs göndərib” iddiasına da münasibət bildirib:
“Rusiyanın Ermənistana deyildiyi kimi 80-100 min adam göndərməsi inandırıcı görünməsə də, Moskva Rusiyadakı erməni diasporunun və iş adamlarının rolundan maksimum faydalanmağa çalışacaq. Çünki bu seçki Kreml üçün həyati əhəmiyyət kəsb edir. Moskvanın bölgədə əsas dayağı Ermənistan hesab edildiyindən, o, buradakı mövqelərini itirmək deyil, möhkəmlətmək niyyətindədir. Odur ki, seçki yaxınlaşdıqca daha ciddi proseslərin şahidi ola bilərik.
Hazırkı şəraitdə əsas sual budur: Ermənistan daxili siyasi seçim edəcək, yoxsa bu seçim böyük güclərin geosiyasi rəqabətinin nəticəsi kimi formalaşacaq?”

