İranın yerə paraşütlə enən pilotu tutmasını iddia edən video barədə araşdırmanın nəticəsi VİDEO
6-04-2026, 08:18
İranın yerə paraşütlə enən pilotu tutmasını iddia edən video barədə araşdırmanın nəticəsi: Videonun ilk hissəsindəki kadrlar, əslində, 2024-cü ilin mart ayında Qəzza zolağına humanitar yardımın paraşütlə atılması zamanı çəkilib. Videoda paraşütün açılmaması nəticəsində yardım bağlamasının sürətlə yerə düşdüyü görünür. Həmin hadisə zamanı bəzi bağlamaların insanların üzərinə düşməsi nəticəsində təəssüf ki, həlak olanlar və yaralananlar olmuşdu. Videonun ikinci hissəsində dindirilən şəxs isə polkovnik Devid Vilyam Eberlidir (David William Eberly). O, 1991-ci ildə Birinci Körfəz Müharibəsi zamanı İraq qüvvələri tərəfindən əsir götürülmüş ABŞ Hərbi Hava Qüvvələrinin pilotudur. Eberli həmin vaxt F-15 qırıcısının pilotu olub və təyyarəsi vurulduqdan sonra əsir düşüb. Videodakı "İranın ələ keçirdiyi ABŞ pilotu" yazısı həqiqəti əks etdirmir. Bu, iki fərqli zaman və məkanda baş vermiş hadisənin (2024-cü ildə Qəzzada yardımın düşməsi və 1991-ci ildə İraqda pilotun əsir düşməsi) montaj edilərək yanlış kontekstdə təqdim olunmasıdır. Danışıqda pilot öz adını, rütbəsini (polkovnik), vətəndaşlığını (ABŞ) və idarə etdiyi təyyarənin modelini (F-15) qeyd edir. İlham Gadir