"Güclü olan haqlıdır": Beynəlxalq hüquq iflas edir? – ŞƏRH
8-04-2026, 15:24

“Bu hadisə Vaşinqtonun İranın daxili ərazilərində məhdud quru əməliyyatları keçirmək potensialını nümayiş etdirir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O, İranın öz ərazilərinə nəzarət imkanlarının zəifləməsi barədə fikirlərini bölüşüb.
Politoloq bildirib ki, İran ərazisində reallaşdırılan amerikalı pilotun xilasetmə missiyasının detalları xüsusi maraq doğurur:
“Məlumata görə, xüsusi təyinatlı qüvvələr İsfahanın cənub istiqamətində eniş edərək, dağlıq ərazidə gizlənən pilotu təxliyə edə biliblər. ABŞ Prezidenti Donald Tramp əməliyyatın gündüz saatlarında baş tutduğunu vurğulayıb. Eyni zamanda, ‘CBS News’un hərbi mənbələrə istinadən yaydığı məlumatda bildirilir ki, pilotun olduğu zonaya yaxınlaşmağa çalışan İran hərbi bölmələri ABŞ-nin hava zərbələri ilə zərərsizləşdirilib.
Bu hadisə Vaşinqtonun İranın dərinliklərində məhdud quru əməliyyatları həyata keçirmək imkanlarını nümayiş etdirir. Genişmiqyaslı quru müharibəsi ehtimalı, xüsusilə canlı qüvvə balansı baxımından aşağı qiymətləndirilsə də, lokal və hədəfli əməliyyatlar – məsələn, zənginləşdirilmiş uranın ələ keçirilməsi və ya strateji nöqtələrin nəzarətə götürülməsi – tamamilə istisna edilmir.
ABŞ-nin əsas üstünlüyü hava məkanında mütləq hakimliyidir; bu isə mümkün quru müdaxilələri zamanı İran qüvvələrinin hərəkətinin hava zərbələri ilə bloklanmasına şərait yaradır. Pilotun xilas edilməsi missiyası bu ssenarinin praktikada mümkünlüyünü sübut edən mühüm amildir.
Digər tərəfdən, bu missiya yalnız humanitar xarakter daşımır, həm də bir növ sınaq addımı kimi dəyərləndirilə bilər. ABŞ üçün nüfuz məsələsinə çevrilən bu əməliyyatın daha genişmiqyaslı quru əməliyyatlarına hazırlıq məqsədi daşıması da ehtimal olunur. Bu kontekstdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossinin daha əvvəlki açıqlaması yenidən aktuallaşır. O bildirmişdi ki, İran 60 faiz səviyyəsində zənginləşdirilmiş uranın böyük hissəsini məhz İsfahandakı nüvə obyektinin tunel kompleksində saxlayır”, – deyə o qeyd edib.

