......İranı tanımaq gərəyi
Dünən, 16:14

İran İslam devriminin başlıca ideoloqlarından olan ilahiyatçı, sosioloq, tarixçi Əli Şəriəti deyir: “Zülm edən dindardan daha pisi zalım “bizdəndir” deyə susan dindardır”.
Bizdə belələri çoxdur, lap çox. Onlardan daha pisi isə susmaqdan daha artığını edərək, utanmazcasına zalımın zalımlığını ört-basdır etmək dirənişində bulunanlardır. Belə birisi rejimin xalqı 47 il qanlı repressiyalar içində susdurmağa çalışdığını eləcə görməzdən gəlməklə qalmır, bu gerçəyi dilə gətirənlərdən fakt istəyir.
Faktlar göstərilirkən nə edir? Faktları istədiyi kimi fırlatmaqla fırıldağa, kələyə əl atır: “o doğru deyil, bu doğru deyil”. Adam açıq-açığına çoxsaylı cinayətlərə batmış bir rejimin pullu vəkili kimi çıxış eləyir.
Xalq çörək, iş, dolanışıq istəyi ilə küçələrə tökülmüş, meydanlara axışmışdı. Xalqın seçdiyi prezident xalqa yönəlik qarayaxmalara qarşı çıxaraq ilk günlərdəncə xalqın istəyinin doğru olduğunu , onu eşitmək gərəkdiyini bildirdi. Uzun illərin “ali din lideri” Xamenei prezidenti eləcə susdurmaqla qalmadı, çoxillik acımasız alışqanlığına uyğun olaraq repressiyalara əl atdı. Bir neçə gündə, bir sıra bilgilərə görə, 30 mindən artıq adam (başlıca olaraq gənclər) öldürüldü. Çoxlu tutuqlananalar oldu.
Aradan aylar ötməsinə baxmayaraq, məhkəmələr tutuqlananlarla bağlı indiyədək ölüm qərarı çıxarmaqdadır.Adam bütün bunları görməzdən gələrək rejim cinayətlərinə qarşı çıxanların hamısını “yalançı”, “Amerikanın, İsrailin, sionizmin əlaltısı” adlandırır.
Bizim üçün ən önəmlisi nədir? Bu adam (eləcə də onun kimi dinçi biriləri) İran İslam Respublikası adlanan dövlətin 30 illik Qarabağ savaşı boyunca sonadək bizə deyil, erməniliyə arxa durduğunu, yardımlarda bulunduğunu danmağa, üstəlik, bunun belə olmadığını başqalarına da inandırmağa çalışır. Özü də utanmazca bir dirənişlə!
İranın Dış İşlər Baxanı Seyid Abbas Araqçı bügünlər belə bir çıxışda bulundu: “Arxadan vurulmağımızı unutmayacağıq! Bir çox üst düzəy yetkiliçmiz bu qanlı savaşlarda can verirkən, qonşu dediyimiz dövlətlərin Amerikan üslərini belə qapatmaması yaddaşımıza yazıldı. İran xalqı bu səssizliyi, yardımsız buraxılmanı nə ola bağışlamayacaq. Arxamızdan vurulduq, çağı çatanda hamısı danışılacaq”.
İranın baş dipomatının burada dedikləri bütünlüklə doğrudur, ancaq... Bax, başlıca sorun bu “ancaq” deyiləndədir. Araqçı nə deyir: “İran xalqı bu səssizliyi, yardımsız buraxılmanı nə ola bağışlamayacaq”.
30 illik Qarabağ savaşı boyunca İran İslam Respublikası Azərbaycana deyil, imperialist Batı dövlətlərinin Azərbaycan coğrafiyasında yaratdıqları qondarma “Ermənistana” arxa durdu, yardımlar etdi. Burası ayrıca vurğulanmalıdır; İran sözügedən 30 ildə Rusiya, Amerikja, İngiltərə, Fransa ilə birgə erməniliyə yardımlarda bulundu. O üzdən Xocalı soyqırımı başda olmaqla, uşaq-böyük, qadın-kişidən tutmuş Qarabağda sökülüb İrana daşınan evlərimizədək ermənilərlə savaş sırasındakı itkilərimizlə bağlı İranı ermənilərin ortağı saya bilərik.
Quranın Ali-İmran surəsində deyilir: “sizə təcavüz eləyənə siz də təcavüz eləyin. Sizi qovub çıxardıqları yerlərdən qovub çıxarın onları”. Ermənilərlə savaşda biz bunu etməyə çalışırkən İran tək bizə qarşı deyil, eləcə də Quranın buyurduğuna qarşı çıxaraq ermənilərə arxa durur, ermənilərə yardımçı olurdu.
Türkün Ulu Bitiyi Dədəm Qorqudda deyilir: “Qonşu haqqı-Tanrı haqqı”. Göründüyü kimi, İran molla rejimi Qonşu haqqını da, Tanri haqqını da, Quranda buyurulanı da tapdayıb keçən bir rejimdir. Müsəılman qonusunun qırılıb yenilməsi üçün erməniliyə arxa duran, ona yardımçı olan İran İslam rejimi budur!
Araqçının başqa bir dediyinə də baxaq: “Bir çox üst düzəy yetkiliçmiz bu qanlı savaşlarda can verirkən, qonşu dediyimiz dövlətlərin Amerikan üslərini belə qapatmaması yaddaşımıza yazıldı”. Bəllidir, söz qonusu Ərəb ölkələridir. Araqçının burada dediyi də doğrudur, ancaq... yenə “ancaq”. Nədən belə?
Türklər, demək olar, min il qanlarından-canlarından keçməklə ərəbləri, ərəblərin dinini Avropalıların saldırılarından qorudular. Sonda nə oldu? Ərəblər başda İngiltərə olmaqla Türkləri Xristianlara sataraq arxadan vurdular. Biz də Türklər olaraq bunu unutmuruq, unutmalı deyilik- bu öz yerinə.
Gəlin tarixə baxaq:
1948. İran Ərəblərə qarşı savaşda İsrailin yanında durur.
1967. İran Ərəblərə qarşı savaşda İsrailin yanında durur.
1973. İran Ərəblərə qarşı savaşda İsrailin yanında durur.
1980-88. İran-İraq savaşında İsrail İranın yanında durur.
1994. İran Çeçenlərə qarşı savaşda Rusiyanın yanında durur.
2001. İran Əfqanlara qarşı savaşda Amerikanın yanında durur.
2003. İran İraqa qarşı savaşda Amerikanın yanında durur.
2020. Azərbaycana qarşı savaşda İran Ermənistanın yanında durur.
Beləliklə, görünən nədir? İngiltərənin qurduğu Fars Şahlıq rejimi dönəmində də (1925), Amerikanın qurduğu Fars İslam rejimi (1979) dönəmində də sağlı-sollu qonşu- müsəlman düşərgəsində deyil, arxasında Batı güclərinin dayandığı imperialist düşərgədə yer alır. İranın son 70 ili aşan tarixsəl tutumu budur. Demək, uzun illər İranı qonşularına qarşı qullanan güc indi o qonşuları İrana qarşı qullanır.
İran illərcə Azərbaycana qarşı salqdırqan tutum sərgiləsə də, bu gün Azərbaycan İrana qarşı deyil. Eləcə də İran illərcə Türkiyənin bir sıra dəyərli aydınlarına qarşı terror aktları törətsə də, Türkiyəyə qarşı illərcə gizli-açıq yağılıq sərgiləsə də, Türkiyə bu gün İrnaın yanındadır.
Gəlinən sonuc nədir? Öz yaddaşından danışırkən başqalarının da yaddaşı olduğunu unutmamaq gərəkdir!
Xaliq Bahadır
TEREF

