Həkim Komarovski: Trampda demensiya əlamətləri ola bilər
Dünən, 12:24

Ukraynalı tanınmış həkim, tibb elmləri namizədi Yevgeni Komarovski hesab edir ki, ABŞ prezidenti Donald Trump demensiyadan əziyyət çəkə bilər. Onun sözlərinə görə, Amerika liderinin davranışları bu diaqnoza uyğun gəlir.
Tribuna.az xəbər verir ki, Komarovski jurnalist Dmitri Qordonla müsahibəsində bildirib ki, bu, qocalıq demensiyasıdır :
“Mənim bunda demək olar ki, heç bir şübhəm yoxdur. Bu normal diaqnozdur və o, bunda günahkar deyil. Bu, tamamilə impulsiv davranışdır – insan dünən nə dediyini unudur.”
Həkimin sözlərinə görə, qısa müddətli yaddaşın pozulması demensiyanın əsas əlamətlərindən biridir. O qeyd edib ki, Tramp 20 il əvvəl onu incidən insanları xatırlaya bilir, lakin dünən baş verənləri yada sala bilmir.
Yaşlı liderlər risk yaradır
Komarovski həmçinin bildirib ki, Trampdan əvvəl ABŞ prezidenti olmuş Joe Biden vəzifəyə başlayanda sağlam olub, lakin zamanla vəziyyəti dəyişib.
Həkimin fikrincə, yüksək yaşda olan dövlət başçıları ölkə üçün ciddi risk yarada bilər:
“Sən təcrübəlisən, müdriksən, yaşlısan – məsləhətçi ol. Prezident kreslosunda oturmaq yox, aktiv olmaq, qərarlar vermək, görüşlər keçirmək lazımdır.”
Trampın səhhəti ilə bağlı müzakirələr
Xarici mütəxəssislər də Donald Trump-ın səhhəti ilə bağlı narahatlıqlar səsləndirirlər. Məsələn, fizioterapevt Adam Ceyms onun bəzi nevroloji simptomlar göstərdiyini və bunun, o cümlədən, frontotemporal demensiyaya işarə edə biləcəyini istisna etməyib.
Eyni zamanda, ABŞ prezidentinin əllərində tez-tez görünən və gizlətməyə çalışdığı göyərmələr də ictimaiyyətin diqqətini cəlb edir.
Rəsmi mövqe və çağırışlar
2026-cı ilin yanvarında kardioloq Conatan Rayner ABŞ Konqresini prezidentin sağlamlıq vəziyyətini araşdırmağa çağırıb.
Buna baxmayaraq, ABŞ səhiyyə naziri Robert F. Kennedy Jr. bildirib ki, Trampın ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Onun sözlərinə görə, əsas problem prezidentin həddindən artıq fastfud qidalar qəbul etməsidir.

