Trampa “qırmızı xətt”in göstərildiyi şəhər: 55 il sonra yaşandı, hər şey dəyişə bilər
Bu gün, 10:08

ABŞ Prezidenti Donald Trampın Çinə səfəri başa çatıb. Vaşinqton–Pekin münasibətlərinin gələcək istiqaməti baxımından xüsusi maraq doğuran səfərdə əsas diqqət ticarət, Tayvanla bağlı vəziyyət, texnologiya və qlobal təhlükəsizlik məsələlərinə yönəlib.
Ekspertlər hesab edirlər ki, görüşün ən mühüm nəticələri məhz bağlı qapılar arxasında əldə edilən razılaşmalar ola bilər.
Tramp Çindən nə ilə qayıdır? Bağlı qapılar arxasında hansı gizli razılaşmalar əldə edilə bilər? Pekin Rusiya və İranı öz maraqları naminə yeni şərtlər çərçivəsində güzəşt predmeti edə bilərmi?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Donald Trampın Çinə səfəri olduqca mühüm idi və bütün dünyanın diqqəti bu görüşə yönəlmişdi.
“Üumilikdə səfər zamanı liderlərin görüşü, müzakirə olunacaq məsələlər və əldə ediləcək nəticələr böyük maraqla gözlənilirdi. Çünki ABŞ və Çin dünyanın iki supergücüdür və onların görüşünün nəticələrinin qlobal miqyasda təsir göstərəcəyi aydındır.
Görüşün nəticələri ilə bağlı demək olar ki, hər iki ölkə bir çox sahədə rəqabət aparsa da, bu rəqabət birbaşa qarşıdurma səviyyəsində deyil. Müəyyən sahələrdə tərəflər arasında əməkdaşlıq mövcuddur. Bununla yanaşı, strateji fikir ayrılıqları da qalır.
Məsələn, Tayvan məsələsi Pekin üçün qırmızı xətdir. Çin rəhbərliyi də bunu açıq şəkildə ifadə etdi. Digər mühüm məsələ enerji resursları və nəqliyyat dəhlizlərinə nəzarətdir. Tərəflər arasında bu məsələlərin də müzakirə edildiyini söyləmək olar.
Verilən mesajlar göstərir ki, əməkdaşlıq meyli gərginlikdən üstün gəlir. Bütün problemlər aradan qalxmasa da, ən azı iqtisadi sahədə müəyyən yumşalma müşahidə oluna bilər.
Təxminən 55 il əvvəl ABŞ Prezidenti Riçard Niksonun Pekinə tarixi səfərindən sonra Vaşinqtonun dəstəyi ilə Çin sürətli inkişaf mərhələsinə qədəm qoydu və bu gün dünyanın ikinci ən böyük iqtisadi gücünə çevrildi. Çin hazırda texnologiya sahəsində də ciddi nailiyyətlər əldə edib. Bu istiqamətdə əməkdaşlıq imkanları da istisna deyil”.

