Krediti başqa kreditlə bağlamaq sərffəlidir? — AÇIQLAMA
Bu gün, 10:23

Bankların müştərilərə təqdim etdiyi kredit kampaniyaları arasında kiçik borcların birləşdirilərək daha iri kreditlə əvəz olunması təklifləri geniş yayılıb. Bu təkliflər ilk baxışda aylıq ödənişlərin azalması və maliyyə yükünün yüngülləşdirilməsi kimi görünsə də, bəzi hallarda vətəndaş üçün əlavə borclanma və uzunmüddətli maliyyə öhdəliyi yarada bilər. Bəs kiçik məbləğli kreditləri bağlamaq üçün daha iri kredit götürmək həqiqətən sərfəlidirmi?
Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, məsələ bir sıra şərtlərlə bağlıdır:
"Həmin şərtlərə vətəndaşın kreditə olan tələbi, maliyyə vəziyyəti, eləcə də bankın təklif etdiyi imkanlar aid edilə bilər. Əgər vətəndaşın pula və əlavə vəsaitə ehtiyacı varsa və bu halda ona daha əlverişli şərtlərlə, aşağı faizlərlə, daha iri məbləğdə kredit təklif olunursa, digər kreditlərin bağlanması da daxil olmaqla bu seçim, əlbəttə ki, sərfəli hesab oluna bilər.
Yox, əgər vətəndaşın əlavə vəsaitə ehtiyacı yoxdursa, bu zaman iri məbləğli kredit, hətta əlverişli şərtlərlə təqdim olunsa belə, bu və ya digər formada əlavə borclanmaya və əlavə maliyyə yükünə səbəb olur ki, bu da arzuolunan deyil".
Ekspert deyib ki, əgər vətəndaşın kiçik kreditlərinin bağlanması müqabilində ona daha yüksək faizlə kredit təklif olunursa, bu halda şərtlər əlverişli hesab edilə bilməz və vətəndaşlar buna razı olmamalıdırlar:
"Adətən kiçik kreditlər daha yüksək faizlə təqdim olunur. Lakin elə hallar da olur ki, iri məbləğli kredit daha aşağı faizlə təklif edilir. Buna baxmayaraq, mövcud qalıq borcun az olması səbəbindən təklif edilən kreditin faiz dərəcələri, komissiya xərcləri və ödəniş qrafiki üzrə aylıq bölgüsü vətəndaş üçün sərfəli olmaya bilər.
Bu səbəbdən məsələyə birmənalı yanaşmaq çətindir. Eyni zamanda vətəndaşlar bu kimi təkliflərə meyllənərək, ciddi zərurət olmadığı halda əlavə borclanmaya yönəlməməlidirlər. Çünki bu, orta və uzunmüddətli dövrdə həm ailə büdcəsinin, həm də biznes fəaliyyətinin idarə edilməsində əlavə maliyyə problemlərinə səbəb ola bilər",- deyə o qeyd edib.

