Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 10:48

2025-dən 2026-ya keçid dövründə qlobal maliyyə bazarları sanki eyni anda bir neçə fırtınanın ortasında qalıb. ABŞ dollarının güclənməsi, mərkəzi bankların bir-birindən fərqli yol seçməsi, enerji bazarındakı sarsıntılar və Hörmüz boğazı ətrafında alovlanan gərginlik qiymətlərin yenidən formalaşdığı bir mərhələ yaradır. İnvestorların davranışı fərqlidir, pul axını istiqamət dəyişir və “təhlükəsiz liman” sözü yenidən masaya qoyulur.
Hazırda bazarların ən çox danışdığı mövzu dolların üstünlüyüdür. Bunun arxasında Federal Ehtiyat Sisteminin uzun müddət yüksək faiz siyasətində qalması dayanır. Avropa Mərkəzi Bankı, İngiltərə Bankı və bir sıra Asiya ölkələri iqtisadi zəifləmədən ehtiyatlanıb yumşaq siyasətə meyllənəndə, FED inflyasiyanı tam nəzarətə almadan geri çəkilmir. Nəticədə ABŞ istiqrazlarının gəlirliliyi artır, beynəlxalq kapital dollara axır, avro, funt və inkişaf etməkdə olan ölkələrin valyutaları təzyiq altında qalır. Güclü dollar investor üçün sığınacaq rolunu oynayır, amma dollar borcu yüksək olan ölkələr üçün borcun yükünü ağırlaşdırır. İnkişaf etməkdə olan bazarlarda valyuta ehtiyatları əriyir, kapital çıxışı sürətlənir və bu da yeni maliyyə zəiflikləri yaradır.
Əsl risk mərkəzlərindən biri isə Hörmüz boğazıdır. Dünyadakı neft və mayeləşdirilmiş qaz (LNG) daşımalarının təxminən beşdə biri bu boğazdan keçir. İran və ABŞ arasında gərginliyin artması, xarici gəmilərə müdaxilə xəbərləri və hərbi aktivliyin yüksəlməsi bazarlarda dərhal hiss olunur. Hörmüzdə hər hansı məhdudiyyət neft təklifini azaldır, daşınma və sığorta xərclərini qaldır, qiymətlərdə ani sıçrayış yaradır. Neftin qısa müddətdə 97 dollardan 106 dollara sıçraması bazarın bu riski nə qədər ciddiyə aldığını göstərir. “Fitch Ratings”in 2026-2029-cu illər dövrü üçün neft və qaz proqnozlarını yuxarı yeniləməsi də mesajdır ki, bazar uzunmüddətli riskləri artıq qiymətə daxil edir.
Enerji bahalaşanda domino effekti qaçılmaz olur. Sənaye və ağır istehsal, logistika, aviasiya, kimya, kənd təsərrüfatı və texnologiya istehsalı hamısı enerji xərclərinə bağlıdır. Xərclər qalxanda şirkətlərin mənfəəti azalır, fond bazarlarında pul enerji, müdafiə sənayesi və xammal şirkətlərinə axır, texnologiya və istehlak sektorları isə geri çəkilir. Avropa bu zərbəyə daha həssasdır, çünki enerji idxalından asılıdır. Təbii qaz qiymətləri qalxanda sənaye istehsalı zəifləyir, iqtisadi artım ləngiyir.
Belə vaxtlarda bazarda psixologiya dəyişir. İnvestor riskli aktivlərdən çıxıb daha stabil hesab edilən alətlərə sığınır. ABŞ dolları, ABŞ dövlət istiqrazları, qızıl və müdafiə sektoru səhmləri hazırda əsas təhlükəsiz liman sayılır. Bu axın inkişaf etməkdə olan ölkələr üçün əlavə təzyiq deməkdir. Böyük fondlar risk azaltmaq üçün bu bazarlardan çıxanda yerli valyutalar dəyər itir, fond indeksləri zəifləyir, xarici maliyyələşmə bahalaşır. Dollar güclənəndə ABŞ fond bazarı nisbi üstünlük qazanır, amma yüksək enerji qiymətləri və yüksək faiz mühiti ABŞ şirkətlərinin gəlirlərinə də zərbə vura bilər.
2026-ya doğru bazarlar iki gözlənti arasında qalıb. Bir tərəfdə FED-in faiz endirimlərinə başlaması ümidi var ki, bu, texnologiya və böyümə şirkətləri üçün müsbət impuls yarada bilər. Digər tərəfdə isə geosiyasi risklərin daha da artması qorxusu durur. Enerji qiymətləri yüksək qalsa inflyasiya yenidən güclənər və mərkəzi bankların əl-qolunu bağlayar. Ona görə də hazırda bazarda qarışıq optimizm hökm sürür. İnvestorlar faiz endirimi gözləyir, amma böyük riskləri də unutmaq istəmir. Bu da yüksək həssaslığa malik bir mühit yaradır.
Ən böyük təhlükə isə qeyri-müəyyənliyin uzanmasıdır. Əgər Hörmüz böhranı qısamüddətli olsa, enerji qiymətləri sabitləşər, fond bazarları sürətli toparlanar, risk iştahası geri dönər. Lakin gərginlik uzun çəksə qlobal inflyasiya yenidən qalxar, iqtisadi artım zəifləyər və stagflyasiya riski (iqtisadiyyatda eyni anda iki mənfi vəziyyətin baş vermə ehtimalı) gündəmə gələr. Bu gözlənti Avropa və enerji idxalçısı ölkələr üçün xüsusilə ağır olar.
Bütün bunlar göstərir ki, 2026-cı il maliyyə bazarları üçün həm riskli, həm də fürsətlərlə dolu bir il olacaq. İnvestorlar artıq yalnız inflyasiya və məşğulluq rəqəmlərinə baxmır, geosiyasi xəbərləri də eyni ciddiyyətlə izləyir. Güclü dollar dövrü davam edir, enerji bazarları həssaslığını qoruyur, faiz siyasəti hələ də dominant qüvvədir və kapital təhlükəsiz aktivlərə yığılır. Qlobal bazarlar artıq yalnız iqtisadi deyil, siyasi və strateji risklərlə birlikdə qiymətləndirilən yeni mərhələyə keçib. 2026-cı il isə bu keçidin ən kritik nöqtəsi ola bilər.
Azərbaycan üçün bu qlobal mənzərənin iki tərəfli təsiri var.
Müsbət tərəf enerji və tranzitdir. Neft 97 dollardan 106 dollara qalxanda Dövlət Neft Fondu və büdcə gəlirləri artır. Hörmüz gərginliyi davam etsə, Azərbaycan nefti və qazı daha cəlbedici alternativ kimi görünür. BTC və Cənub Qaz Dəhlizi üzərindən ixrac həcmi və qiyməti yüksələ bilər. Güclü dollar dövründə manatın sabitliyi də qorunur, çünki valyuta ehtiyatlarının əsas hissəsi dollardadır və neft gəlirləri dollara bağlıdır.
Risk tərəf isə inflyasiya və xarici kapitaldır. Enerji və daşınma xərcləri qalxanda idxal olunan ərzaq, texnologiya və sənaye məhsulları bahalaşır. Bu da daxili inflyasiya təzyiqini artırır. Qlobal risk iştahası azalandan sonra inkişaf etməkdə olan bazarlardan kapital çıxır. Azərbaycan birbaşa investisiya baxımından daha az həssas olsa da, xarici maliyyələşmə bahalaşa bilər. Əgər Avropa iqtisadiyyatı zəifləsə, qaz tələbi və qiyməti də təzyiq altında qalar.
Yəni qısa müddətdə yüksək neft qiyməti büdcəyə dəstək verir. Uzunmüddətli risk isə qlobal resessiya (ÜDM-in azalmadı) və enerji tələbinin düşməsidir. Bu mənada iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının genişlənməsi yenə əsas məsələ olaraq qalır.
Akif Nəsirli
Globalinfo.az

