Ərdoğan: "F-35"-lərin alışı ilə bağlı ABŞ-la danışıqları davam etdiririk
Bu gün, 00:13
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında ölkəsinin "F-35" qırıcı təyyarələrinin satınalınması barədə ABŞ ilə danışıqları davam etdirdiyini bildirib. "Dunya" qəzetinin yaydığı məlumata görə, Ərdoğan Ankara ilə Vaşinqton arasındakı təmasların müsbət nəticələnəcəyinə ümid etdiklərini vurğulayıb. Türkiyə lideri rəsmi Ankaranın "F-35" layihəsi ilə bağlı tələblərinin aydın olduğunu və müvafiq qurumların amerikalı həmkarları ilə əlaqədə qaldığını qeyd edib.
Ərdoğan həmçinin Türkiyənin beşinci nəsil yerli qırıcısı olan "KAAN" layihəsinin hər ötən gün daha da irəlilədiyini və bu proses başa çatdıqdan sonra hərbi aviasiya sahəsində yeni bir tarixin yazılacağını diqqətə çatdırıb. "KAAN"ın ilk addım olduğunu deyən dövlət başçısı Türkiyənin gələcəkdə daha yaxşı və daha güclü müdafiə sənayesi məhsulları istehsal etməyə davam edəcəyini və hazırda bir çox yerli hərbi texnikanın dünya tərəfindən böyük maraqla izlənildiyini əlavə edib.