Bakının parklanma dərdi böyüyür: Artıq bu şəxslər də cərimələnəcək
Bu gün, 11:38

Paytaxt küçələrində və yaşayış massivlərində parklanma idarəetməsinin sərtləşdirilməsi sürücüləri çıxılmaz vəziyyət qarşısında qoyub. Son vaxtlar şəhərdə tətbiq olunan cərimə siyasəti artıq sadəcə magistral yolları deyil, binaların həyətlərini və vətəndaşların şəxsi evlərinin qarşısını da əhatə etməyə başlayıb. İnsanlar gündəlik ehtiyaclarını qarşılamaq, bir neçə dəqiqəlik aptekə və ya mağazaya daxil olmaq üçün belə avtomobil saxlamağa təhlükəsiz yer tapa bilmirlər. Ən acınacaqlı məqam isə odur ki, binalar tikilərkən normativlərə uyğun parklanma sahələrinin nəzərdə tutulmaması, mövcud boş sahələrin isə qısa müddətdə qadağan zonalarına çevrilməsi sakinləri öz evlərinin önündə "qanunsuz parklanma" ittihamı ilə üz-üzə qoyur. Şəhərsalma planlamasındakı boşluqların cərimə mexanizmləri ilə doldurulmağa çalışılması sürücülər üçün həm maddi, həm də psixoloji yükə çevrilib. Sakinlər haqlı olaraq sual edir: "Əgər hər yer qadağadırsa, biz avtomobilimizi harada saxlamalıyıq?"
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat eksperti Tale Ələddinzadə qeyd edib ki, hazırkı parklanma siyasəti infrastrukturun mövcud reallıqları ilə uzlaşmır: "Bakıda parklanma yerlərinin çatışmazlığı fonunda kütləvi cərimələrin tətbiqi problemi həll etmir, əksinə, sosial gərginliyi artırır. Vətəndaş öz evinin qarşısında və ya binalar arasındakı boş ərazidə maşın saxladığına görə cərimə olunursa, deməli, burada sistemli bir yanlışlıq var. Qanunvericilik hər hansı ərazini qadağan zona elan etməzdən əvvəl, sürücülərə alternativ və əlçatan parklanma imkanları təklif etməlidir. Təəssüf ki, bizdə əvvəlcə qadağa qoyulur, cərimə yazılır, alternativ yer barədə isə heç bir addım atılmır".
Onun sözlərinə görə, binaların həyətlərindəki parklanma problemi birbaşa şəhərsalma qaydalarının kobud pozulmasından qaynaqlanır: "Yeni tikilən binaların əksəriyyətində yeraltı dayanacaqlar ya kifayət qədər deyil, ya da qiymətlər əhalinin imkanlarından qat-qat yüksəkdir. Nəticədə insanlar həyətlərə üz tutur, orada isə müxtəlif dövlət qurumları tərəfindən 'dayanmaq qadağandır' nişanları qoyulur. Ekspert olaraq hesab edirəm ki, yaşayış binalarının ətrafında sakinlərin öz avtomobillərini pulsuz və ya simvolik qiymətə saxlaması üçün xüsusi 'sakin kartları' və ya imtiyazlı zonalar genişləndirilməlidir. Əks halda, bu proses sadəcə vətəndaşın cibinə yönəlmiş cəza kampaniyası kimi görünməkdən uzağa getməyəcək. Nəqliyyatın intellektual idarəedilməsi yalnız cərimə yazmaq deyil, həm də sürücü üçün rahat şərait yaratmaq deməkdir".

