Putin haqqında sensasion iddia: Tədbirlərə özü yox, oxşarları gedir

Bu gün, 11:08           
Putin haqqında sensasion iddia: Tədbirlərə özü yox, oxşarları gedir
Rusiya prezidenti Vladimir Putin son dövrlərdə təhlükəsizlik tədbirlərini daha da sərtləşdirib.

Korrekt.az xəbər verir ki, bu barədə britaniyalı hərbi tarixçi və analitik Piter Keddik-Adams bildirib.

Ekspertin sözlərinə görə, avtoritar liderlərdə hakimiyyətə qarşı təhlükə hissi artdıqca şəxsi təhlükəsizlik əsas prioritetə çevrilir.

Onun fikrincə, Putin də Adolf Hitler kimi rejiminə qarşı yarana biləcək istənilən təhlükədən ehtiyat edir və müasir texnologiyalarla yanaşı, çoxqatlı təhlükəsizlik strukturlarının mümkün təhdidləri neytrallaşdıracağına inanır.

Məlumata görə, Putinin və onun yaxın ətrafının mühafizəsinə cavabdeh olan Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) təxminən 50 min əməkdaşa malikdir.

Bundan əlavə, xüsusi seçilmiş və siyasi baxımdan etibarlı əməkdaşlardan ibarət daxili mühafizə korpusunun sayı 785 nəfərdən 812 nəfərə çatdırılıb. Analitik hesab edir ki, əlavə olunan 27 nəfərin əksəriyyəti pilotsuz uçuş aparatlarına qarşı mübarizə üzrə təcrübəli mütəxəssislərdir.

Piter Keddik-Adams bildirib ki, 2025-ci ilin dekabrında Putinə sadiq general Fanil Sarvarova qarşı baş verdiyi iddia olunan sui-qəsd cəhdindən sonra təhlükəsizlik tədbirləri daha da sərtləşdirilib.

Bundan sonra prezidentin ətrafında çalışan əməkdaşlara ictimai nəqliyyatdan və mobil telefonlardan istifadə qadağan edilib. Putinin olduğu ərazilərdə rabitə siqnalları mütəmadi olaraq kəsilir, əsas mühafizə heyətinə isə gülləyə davamlı Kevlar çətirləri verilir.

Ekspertin iddiasına görə, Putinin hərəkətlərini izləməyi çətinləşdirmək məqsədilə onun bir neçə oxşarından istifadə olunur. Ümumilikdə onun 15-ə yaxın oxşarı var. Bundan başqa, Moskva, Sankt-Peterburq, iqamətgahlar və xüsusi qatar daxil olmaqla müxtəlif məkanlarda eyni avadanlıqlarla təchiz edilmiş iş otaqları yaradılıb. Bu səbəbdən prezidentin dəqiq harada olduğu hətta videokonfranslar zamanı belə sirr saxlanılır.

Analitik həmçinin qeyd edib ki, Putinə xidmət göstərən aşpazların, fotoqrafların və mühafizəçilərin evlərində də müşahidə sistemləri quraşdırılıb.

Onun sözlərinə görə, aşpazlara göstərilən xüsusi diqqət təsadüfi deyil. Belə ki, Putinin babası Spiridon Putin vaxtilə Vladimir Lenin və İosif Stalin üçün aşpaz işləyib. Keddik-Adams hesab edir ki, Putin zəhərlənmə riskinə xüsusi həssas yanaşır və bu səbəbdən yeməklərin təhlükəsizliyinə maksimum nəzarət edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru