Süni intellektin əvəz edə bilməyəcəyi peşələr açıqlandı
Bu gün, 09:34

Süni intellektin sürətli inkişafı qlobal əmək bazarını tamamilə yenidən formalaşdırır. Avtomatlaşdırma bəzi peşələri sıradan çıxarsa da, yeni və daha gəlirli iş sahələri yaradır. Bu texnoloji dalğa iş dünyasında kütləvi dəyişikliklərə yol açır.
Mövzu ilə bağlı insan resursları meneceri Röyal Əhmədov Demokrat.az-a açıqlamasında deyib ki, süni intellekt artıq gələcəyin deyil, bugünün reallığıdır və onun əmək bazarına təsiri hər keçən il daha aydın hiss olunur:
"Əslində, tarix boyu hər texnoloji inqilab müəyyən peşələri dəyişdirib və ya aradan qaldırıb, eyni zamanda yeni peşələrin yaranmasına səbəb olub. Bu baxımdan süni intellekt də fərqli deyil. Fərq ondadır ki, bu dəfə dəyişikliklərin sürəti əvvəlki texnoloji dönüşlərlə müqayisədə xeyli yüksəkdir.
Bu gün süni intellekt xüsusilə təkrarlanan, standart və qaydalara əsaslanan işləri daha sürətli və daha az xərc hesabına yerinə yetirə bilir. Məlumatların emalı, sadə hesabatların hazırlanması, ilkin müştəri xidmətləri, məlumat daxil edilməsi, bəzi mühasibat əməliyyatları, tərcümənin müəyyən hissələri, mətnlərin ilkin hazırlanması və bir sıra inzibati proseslər artıq böyük ölçüdə avtomatlaşdırılır. Bu isə həmin sahələrdə çalışan insanların sayına olan tələbatın zamanla azalmasına səbəb ola bilər. Lakin burada vacib məqam ondan ibarətdir ki, süni intellekt ilk növbədə peşələri deyil, vəzifələri və iş proseslərini dəyişdirir. Məsələn, HR mütəxəssisi tamamilə aradan qalxmayacaq, amma CV-lərin ilkin seçimi, vakansiya mətnlərinin hazırlanması, müsahibələrin planlaşdırılması kimi proseslərdə süni intellektdən daha çox istifadə ediləcək. Eyni yanaşma marketinq, hüquq, maliyyə, jurnalistika, təhsil və digər sahələr üçün də keçərlidir".
Ekspert deyib ki, digər tərəfdən isə tamamilə yeni peşələr formalaşır:
"Süni intellekt sistemlərini öyrədən və inkişaf etdirən mütəxəssislər, AI etikası üzrə ekspertlər, AI auditorları, prompt mühəndisləri, məlumat analitikləri, maşın öyrənməsi üzrə mütəxəssislər, kibertəhlükəsizlik üzrə ekspertlər, avtomatlaşdırma konsultantları və insan–süni intellekt əməkdaşlığını idarə edən yeni vəzifələrə tələbat artır. Yəni əmək bazarı bir tərəfdən bəzi ənənəvi işləri azaldır, digər tərəfdən isə daha yüksək ixtisas tələb edən yeni imkanlar yaradır.
Beynəlxalq tendensiyalar göstərir ki, gələcəkdə texniki biliklərlə yanaşı, insanı süni intellektdən fərqləndirən bacarıqlar daha çox qiymətləndiriləcək. Tənqidi düşünmə, yaradıcılıq, emosional intellekt, liderlik, qərarvermə, problem həll etmə, ünsiyyət və komanda ilə işləmək kimi bacarıqlar əmək bazarında əsas üstünlüklərdən biri olacaq. Çünki süni intellekt məlumat təqdim edə bilər, lakin empatiya qurmaq, insan münasibətlərini idarə etmək və mürəkkəb etik qərarlar vermək hələ də insanların üstün olduğu sahələrdir.
Bu dəyişikliklərə uyğunlaşmaq üçün həm dövlət, həm təhsil müəssisələri, həm də işəgötürənlər üzərinə mühüm məsuliyyət düşür. Təhsil proqramları əmək bazarının tələblərinə uyğun yenilənməli, universitetlər və peşə təhsili müəssisələri rəqəmsal bacarıqların inkişafına daha çox diqqət ayırmalıdır. Şirkətlər isə əməkdaşların davamlı inkişafına investisiya etməli, onları yeni texnologiyalarla işləməyə hazırlamalıdır. İşçilər üçün yenidən ixtisaslaşma (reskilling) və mövcud bacarıqların təkmilləşdirilməsi (upskilling) artıq seçim deyil, zərurətə çevrilir.
Azərbaycanda da bu istiqamətdə hazırlıqların gücləndirilməsi vacibdir. Rəqəmsal transformasiya sürətləndikcə dövlət qurumlarında, özəl sektorda və təhsil müəssisələrində süni intellektdən istifadə genişlənəcək. Bu isə əmək bazarında yeni bacarıqlara malik mütəxəssislərə ehtiyacı artıracaq. Vaxtında uyğunlaşan insanlar bu dəyişiklikdən faydalanacaq, dəyişikliklərə hazır olmayanlar isə rəqabətdə çətinliklə üzləşə bilərlər.
Nəticə etibarilə, süni intellekt əmək bazarı üçün yalnız risk deyil, eyni zamanda böyük fürsətdir. Əsas məsələ texnologiya ilə rəqabət aparmaq deyil, onu düzgün istifadə etməyi bacarmaqdır. Gələcəyin əmək bazarında ən uğurlu insanlar süni intellekti əvəz etməyə çalışanlar deyil, onun imkanlarından səmərəli istifadə edərək öz bilik və bacarıqlarını daha da gücləndirənlər olacaq", - deyə o qeyd edib.

