Azərbaycanda detektiv roman deyəndə adamın yadına başına daş düşən təki düşən müəllif, əlbəttə, Çingiz Abdullayevdir.

Bu gün, 10:18           
Azərbaycanda detektiv roman deyəndə adamın yadına başına daş düşən təki düşən müəllif, əlbəttə, Çingiz Abdullayevdir.
Sözsüz, Çingiz Abdullayev haqqında olmazın mifləri var. Onlardan ən gülməlisi isə guya “dünyada tanınan yazıçı” olmağıdır.
Çingiz Abdullayev dünyada o vaxt tanınan yazıçı ola bilər ki, dünyanın başına kül ələnər.
Məsələn, ömür boyu bir ciddi ədəbi tədbirdə olmayan, dünyada yüzüncü dərəcəli bir ciddi mükafatın ilk yüzlüyünə düşməyən adama dünyaca məşhur yazıçı deməyin özü də ayrıca bir detektiv romandır.
Ancaq gəlin, bu məsələləri kənara qoyaraq onun detektiv romanlarına baxaq. Baxaq görək ki, niyə Çingiz Abdullayev heç detektiv roman da yaza bilmir?
Əlbəttə, 200-dən çox əsəri olan bir adamın ayrı-ayrı əsərləri haqqında danışmağa da dəyməz. Üstəlik, bu da şübhə oyadır.
Çingiz Abdullayevin yaşını, vəzifələrini, getdiyi tədbirləri, istirahəti, yatmağı, durmağı, yeməyi-içməyi və başqa bir sıra təbii məsələləri nəzərə alsaq, fiziki olaraq 200-dən çox əsər yazmaq birmənalı olaraq qeyri-mümkündür. Ancaq dünyaca məşhur AYB katibi bunu da bacarıb. Soruşanda yoxdur ki, bu, necə baş verir?
Çingiz Abdullayev kimi adamlar Azərbaycanda çoxdur.
Onlar keçmiş polis rəisləri, prokurorluq orqanlarınının və s. kimi qurumların əməkdaşları olublar.
Ümumiyyətlə, məhz onun yazdığı kimi detektivlər olduqca asan yazılır. Yəni özlərinin bildikləri, eşitdikləri cinayət işlərinin böür-başını düzəldir, adına da detektiv qoyurlar.
Halbuki məsələn, bu romanları oxuyan adamların çoxu Azərbaycan ədəbiyyatına tanış olan Aqata Kristini oxusalar, Çingiz Abdullayevin sicilləmə yazdığının şahidi olarlar.
Məsələn, belə də demək olar ki, yaxşı detektiv roman təkcə qatili tapmaq haqqında deyil. O, həm də insanın öz daxilində gizlətdiyi qatil instinktini, qorxularını axtarmaq haqqındadır.
Ancaq Çingiz Abdullayevin detektiv romanlarında daim Cinayət Məcəlləsinin 120.1 və 120.2 maddələri ilə təqsirləndirilən adamlar axtarılır. Hətta çox vaxt bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürən adamlar axtarılır.
Adama deyərlər, Çingiz Abdullayev nə bilir daxili instinkt, psixoloji məqamlar nədir?
Çingiz Abdullayevin detektiv romanları heç vaxt yadda qalmır. Nə adları, nə də oradakı hadisələr.
Vallah, Ceyhun Həmidovun təqdimatında olan cinayət işi verilişləri Çingiz Abdullayevin romanlarından min dəfə maraqlı, həyəcanlı və bədiidir.
Çingiz Abdullayevin yadda qalan bir obrazı var, o da “Dronqo”dur. Di gəl, elə bu “Dronqo”da kifayət qədər yorucu obrazdır.
Ədəbiyyatda qəhrəman maraqlı olmaq üçün ilk növbədə həm də qüsurlu olmalıdır. Yəni qorxmalıdır, səhv etməlidir, bəzən uduzmalıdır. Dronqo isə səhv etməyə Çingiz Abdullayev tərəfindən qadağa qoyulmuş obrazdır. O, nə emosional böhran yaşayır, nə ciddi məğlubiyyət görür, nə də öz qərarlarından şübhələnir.
“Dronqo” obrazına başqa cür belə demək olar:
“Dırş-dırş, öldün, çıx”.
Üstəlik, Çingiz Abdullayev, Allah qoymasa, üstü bağlı özünü Dronqo hesab edir.
Açıq şəkildə bildirir ki, Dronqo əslən bakılıdır və hətta onun Bakıdakı ünvanını da yazır. Yəni Xaqani 25. Bu ünvanda isə Azərbaycan Yazıçılar Birliyi yerləşir. Maraqlısı odur ki, bura mütəmadi olaraq Dronqonun ünvanına yazılmış məktublar gəlir.
Yoxsa, olmaya Anarı nəzərdə tutur?
Sözün həqiqi mənasında Çingiz Abdullayevin romanlarının mahiyyəti təyyarə ilə uçanda, dənizdə qaralanda, rafla rayona gedəndə, nəhayət, bulvarda kimisə gözləyəndə oxumaq üçündür.
Başqa sözlə, onun romanları qovrulmuş fistəşka içində qaralan, adamın ağzını-üzünü turşudaraq pis dad verən fistəşkalardır.
Bəli, Çingiz Abdullayevin romanlarında “qatil kimdir?” sualı daim öz aktuallığını qoruyur.
Ancaq onun sualları heç vaxt “insan niyə belədir?” sualına cavab verməyəcək.
Çünki ciddi məsələlər, həyati əhəmiyyətli suallar, psixoloji məqamlar, sarsıntılar Çingiz Abdullayevin biləcəyi hisslər, məsələlər deyil.
O, psixoloji sarsıntı yox, uzağı sarılıq haqqında nəsə bilə, düşünə, deyə bilər.
Mənə görə yaxşı detektiv yazıçısı oxucunu aldadır. Oxucu hər səhifədə fikrini dəyişir, şübhələnir, yanılır. Ancaq Çingiz Abdullayev, elə bil, oxucunun üzünə durur, aldatmır.
Çingiz Abdullayev romanlarının uğursuzluğunun çox sadə və eyni zamanda çox ciddi bir nüansı var.
Onun romanlarında cinayət var, amma faciə yoxdur.
Orxan Saffari
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru