Toydan sonra başlayan maliyyə sınağı — Açıqlama
Bu gün, 10:34

Gənc ailələr üçün toy günü həyatlarının ən yaddaqalan anlarından biri olsa da, yüksək xərclər bəzən sonrakı illərdə ciddi maliyyə yükünə çevrilir. Bir çox cütlük toy mərasimindən sonra yaranan borcları uzun müddət ödəməli olur ki, bu da onların ev almaq, övlad sahibi olmaq və digər gələcək planlarını həyata keçirməsinə təsir göstərə bilər. Bəs toy xərcləri ilə bağlı yaranan borc yükü ailələrin maliyyə sabitliyinə necə təsir edir?
Məsələ ilə bağlı iqtisadçı İlqar Hüseynli Demokrat.az-a bildirib ki, toylarla bağlı vətəndaşlar çox ciddi problemlərlə üzləşirlər:
"Əslində, insanların yaxşı toy etmək, övladları üçün yaddaqalan gün təşkil etmək, həmin günü daha keyfiyyətli xidmət göstərilən zallarda qeyd etmək istəyi təbiidir. Amma təəssüf ki, hazırda şadlıq evlərində menyuların qiymətləri o qədər yüksəkdir ki, orta statistik vətəndaş toy etmək məsələsində ehtiyatlı davranır. Çünki bu, sonradan borc yükünə çevrilə bilər".
Ekspert deyib ki, elə ailələr var ki, övladlarının toyunu keçirmək üçün kredit götürür, borclanır, bank qarşısında öhdəliklərə düşürlər:
"Bəzi ailələr qız övladının cehizini almaq üçün də əlavə borclanmağa məcbur olurlar. Toy xərcləri ilə yanaşı yaranan bu əlavə maliyyə yükü ailələrin gələcək planlarına mənfi təsir göstərir, ev almaq, övladların gələcək təminatı kimi məsələlərdə ciddi çətinliklər yaradır. Yəni bütövlükdə ailələrin planları pozulur. Bəzən isə toyla bağlı gözlənilməz hallar da yaşanır. Məsələn, toy üçün tarix müəyyən edilir, lakin hava şəraiti dəyişir, qar yağır və ya qonaqların bir qismi rayonlardan gəldiyi üçün tədbirə çata bilmir. Nəticədə bəzi masalar boş qalır və bu da əlavə maliyyə itkisinə səbəb olur.
Düşünürəm ki, bu sahədə müəyyən tənzimləmələr olmalıdır. Şadlıq evlərində təqdim olunan menyuların qiyməti, keyfiyyəti və kəmiyyətinə dair müəyyən çərçivələr müəyyənləşdirilməlidir. Bu, həm vətəndaşların yükünü azaltmağa, həm də daha sağlam yanaşmanın formalaşmasına kömək edə bilər", - deyə o qeyd edib.

