Yeni səlib yürüşü, yoxsa İranın cığallığı?
Bu gün, 09:34

Ukraynanın İran gəmisini vurması barədə paylaşımımın altında rəy yazan İlqar Murad adlı bir vətəndaş bildirib: “Mənafeyiniz naminə islam dünyasına qarşı aparılan xaç yuyrusunun görməzdən gəlirsiniz. İran deyirsiniz ,o isə bu Hak ilə batilin savasidi.İran gəmisini vurmaq ,Zelenskinin başı üçün deyil, İsrail bir başa savaşdan çəkindiyi üçün, cuhud zelenskini dövrəyə soxub. Başı bəlalı Ukrayna xalqında isə, artıq kişi qalmayib. Bu da, Ukraynanı bəlaya soxan heç kimin vecinə deyil”.
Açığı, bu yorumun əksər hissəsi Ukrayna xalqını aşağıladığından rəyin tamamına münasibət bildirmək istəmirəm. Çünki bəzən aşağılayıcı mövqeyə ən yaxşı cavab onu ümumiyyətlə cavabsız buraxmaqdır. Zira cavaba layiq fikirlərə cavab verilər. İlqar Muradın rəyində cavaba layiq olan ana fikir bundan ibarətdir: “İrana qarşı aparılan mübarizə səlib yürüşüdür və dünyanın bütün şər qüvvələri guya haqq yolunda olan molla rejiminə qarşı hücuma keçiblər”.
Əvvəla, onu vurğulayım ki, İrana qarşı ABŞ-İsrail ittifaqının apardığı mübarizə ilə Zelenski Ukraynasının İran gəmisini vurması bir-birindən ayrı iki mövzudur. Bu iki mövzusunu eyni çatı altında calaq etmək məsələnin mahiyyətini anlamamaq mənasına gəlir.
Ukrayna Prezidenti Zelenski "Sky News" televiziyasına açıqlamasında İran gəmisini vurmalarının səbəbini belə izah edib:
✔️ "İran müharibənin ilk ilindən bəri Rusiyaya yeni imkanlar və texnologiyalar təqdim edir. Birinci ildə onlar minlərlə "Şəhid" dronunu tədarük etdilər və daha sonra onların istehsalı üçün lisenziyalar verdilər".
✔️"Dürüst olmalıyıq - iranlılar və Şimali Koreyalılar artıq bizə hücum etmişdilər".
Zelenski hələ onu demir ki, müharibədən 2 il əvvəl İran Tehrandakı hava limanından qalxan Ukrayna təyyarəsini vuraraq 176 dinc sakininin ölümünə səbəb olmuşdu. Budurmu, İranın səlib müharibəsinə qarşı apardığı müqəddəs dava?
Məzlum Ukrayna xalqının ruslar tərəfindən qırılmasına, evlərinin-eşiklərinin dağıdılmasına misli görünməmiş şəkildə dəstək verən bir ölkəni haqq mübarizəsinin aparıcı fiquru saymaq mümkündürmü? Unutmayaq ki, Rusiya məhz İranın verdiyi “Şəhid” dronları sayəsində müharibənin ilk illərində savaşın taleyini öz xeyrinə dəyişə bilmişdi. Bu mənada Ukraynanın xarabazara çevrilməsində İranın vəbalı Rusiyadan daha az deyil.
Doğrudanmı, müharibədən əvvəl iqtisadi çətinlikləri və İranın milyardlarla dollarını İraqda, Suriyada məzhəb müharibələrinə sərf edilməsinə etiraz edən 10 minlərlə dinc aksiyaçını pulemyotla biçən bir rejimi İslam rejimi adlandırarkən heç utanmırsınız?
İrana qarşı müharibəni səlib yürüşünə bənzədənlər deyəsən bu məfhumun düzgün izahını bilmirlər. Elədirsə, gəlin, sizə öz bildiklərimdən bir neçə kəlmə söyləyim. Bəli, “səlib” sözü ərəbcə “xaç” deməkdir. Yəni Səlib yürüşü xaçpərəstlər müsəlmanlara qarşı döyüşü mənasına gəlir. Amma bu, adlandırmada belədir. Əslində isə XI-XIII əsrlərdə dəfələrlə təkrarlanan Səlib yürüşlərinin bir neçə məqsədi vardı:
1) Türklərin Anadolu torpaqlarını fəth etməsinin qarşısını almaq;
2) Fələstini müsəlmanların əlindən qoparmaq;
3) Din pərdəsi altında Qərbi Avropa feodallarının yeni torpaqları ələ keçirməsi;
4) Qərbi Avropanın kəndliləri yeni coğrafiyalarda əldə etdikləri qənimətlərə sahiblənərək feodal asılılığından azad olması və s.
Yəni dünya tarixində XI əsrdən XIII əsrə qədər 8 iri səlib yürüşü olub və onların heç biri həqiqi din uğrunda aparılmayıb. Din sadəcə Qərbi Avropanın öz qanlı yürüşlərini müqəddəsləşdirmək və döyüşçülərinə motivasiya vermək üçün istifadə etdikləri təbliğat vasitəsi idi. Əslində eyni sözləri bərəkətli torpaqları fəth etmək üçün yola çıxan Türk axınları üçün də söyləmək mümkündür. Səlcuq hökmdarı Alparslanın 26 avqust 1071-ci ildə Malazgird savaşında Bizans ordusunu darmadağın etməsi və Bizans imperatoru IV Roman Diogeni əsir almasından sonra Avropa dövlətləri bu təhlükəni beşikdə boğmaq üçün bir araya gəlib 1096-cı ildə Səlcuqlulara qarşı “müqəddəs müharibəyə” başlamışdılar. Bununla da 13-cü əsrin sonlarına qədər müxtəlif aralıqlarla səlib yürüşləri davam etmişdir. Birinci Haçlı Səfəri (1096–1099) nəticəsində Qüds ələ keçirmiş Sonrakı səfərlərdə isə səlcuqlar və digər türk-islam dövlətlərinin güclü müqaviməti qarşısında aldıqları torpaqları geri qaytarmışdılar. Bununla belə, Səlib yürüşlərinin əsas məqsədi din davası yox, bərəkətli torpaq əldə etmək idi.
Maraqlıdır ki, İran da əslində bu gün Orta əsrlərdəki Qərbi Avropa “kafirlərinin” istifadə etdikləri din silahından eyni bacarıqla faydalanmağa çalışır. Əslində onun da indiyə qədərki mübarizəsinin dinlə əlaqəsi olmadığını təsdiqləyən xeyli sayda arqumentlər var:
1-ci arqument: İranın düşmənləri
İranın hazırda mübarizə apardığı düşmənlərini belə sıralamaq olar:
✔️ Səudiyyə Ərəbistanı - əhalisinin 99%-i müsəlman;
✔️ Küveyt - əhalisinin təxminən 95%-i müsəlman;
✔️ Bəhreyn - əhalisinin 85-90%-i müsəlman;
✔️ BƏƏ - əhalisinin 75%-i müsəlman,13%-i xristian;
✔️ Qətər - əhalisinin 70-75%-i müsəlman və s;
✔️ Yaxın zamanlarda yəqin ki, bu siyahıya Babül-məndəbdə yolu kəsilən Misiri, Etyopiyanı, Pakistanı və s. müsəlman ölkələrini də əlavə edəcəyik;
✔️ ABŞ - əhalisinin təqribən 71%-i xristian, 23%-i dinsiz,
✔️ İsrail - əhalisinin təxminən 73.5%-i yəhudi, 18.1%-i müsəlmanlar, 2%-i xristian.
✔️ Vaxtilə səlib yürüşünün bayraqdarlığını edən Avropa dövlətləri isə İrana qarşı cəbhədə yer almamaq üçün dəridən qabiqdan çıxır, hətta az qala dünyanın super gücü olan ABŞ-a qarşı qiyam qaldırırlar.
2-ci arqument: İranın müttəfiqləri
✔️ Rusiya - əhalisinin 72%-i pravoslav xristian;
✔️Qismən Çin - əhalisinin böyük əksəriyyəti buddist;
✔️Şimali Koreya - əhalisinin böyük əksəriyyəti ateist.
Allah eşqinə, bu qarmaqarışıq siyahıya baxıb İrana qarşı aparılan mübarizəni səlib yürüşü adlandırmaq nə qədər doğrudur?
Nəticə:
Bu gün İran ətrafında aparılan müharibənin din davası ilə heç bir əlaqəsi yoxdur. Dünyanın yenidən bölüşdürülməsi prosesi gedir və İran öz aləmində guya super dövlətlərin əlinə-qoluna dolaşmağa çalışır. Və bunun da ağır bədəllərini ödəyir.
Heydər Oğuz

