Nyu-York Əmtəə Birjasının (“Comex”) məlumatlarına əsasən, 2025-ci ilin dekabr ayı üzrə gümüş füçersləri tarixdə ilk dəfə 49,95 dollar həddini keçərək yeni zirvəyə çatıb.
Bakı vaxtı ilə saat 17:09-da gümüşün bir Trua unsiyasının qiyməti 49,965 dollar (+3,15%) olub. Bundan öncə, 17:06-da qiymət 2,95% artımla 49,87 dollar, 17:20-də isə 49,72 dollar (+2,64%) səviyyəsində qeydə alınıb.
Məlumatlara görə, gümüş ilin əvvəlindən 69,75%, oktyabrın əvvəlindən isə 5,09% bahalaşıb.
Xatırladaq ki, bazarda sonuncu belə yüksək göstərici 2011-ci ilin 25 aprelində müşahidə olunmuşdu — həmin vaxt bir Trua unsiyası 49,82 dollara satılmışdı.
Bununla yanaşı, “Comex”də qızılın 2025-ci ilin dekabr füçerslərinin qiyməti də 0,26% artaraq 4 071,10 dollar səviyyəsinə yüksəlib.