Yaponiyada qəribə fırıldaq: Çatdırılma xidmətini aldatdı, 1000 dəfədən çox pulsuz yemək aldı
15-10-2025, 17:44
Yaponiyada 38 yaşlı kişi ağlagəlməz fırıldaqçılıqda şübhəli bilinərək həbs olunub.
Oxu.Az "The South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, Naqoya şəhərinin sakini dəfələrlə yemək çatdırılma xidmətini aldadıb.
Nəşrin məlumatına görə, kişi iki il ərzində 1 095 sifariş verib və hər dəfə ödənişdən yayınmağa nail olub. O, tətbiqdə pulsuz çatdırılma bölməsini seçib və hər dəfə sifarişin gəlmədiyini bildirib. Nəticədə xidmət onun ödənişlərini geri qaytarıb.
Fırıldaqçılığı həyata keçirmək üçün işsiz şəxs 124 müxtəlif hesabdan proqrama daxil olub.
O, qabaqcadan çoxlu sayda ödənişli mobil kartlar alıb. Hesabları uydurma adlar və ünvanlarla qeydiyyatdan keçirib, dələduzluq məqsədilə istifadə etdikdən sonra tez bir zamanda ləğv edib.