ABŞ-də pilotsuz taksi məktəbin qarşısında uşağı vurub

30-01-2026, 16:14           
ABŞ-də pilotsuz taksi məktəbin qarşısında uşağı vurub
ABŞ-də "Waymo" şirkətinə məxsus pilotsuz taksi Kaliforniya ştatının Santa-Monika şəhərində ibtidai məktəbin yaxınlığında bir uşağı vurub.

Far.Az xəbər verir ki, bu barədə şirkətin özü məlumat yayıb.

Waymo-nun açıqlamasına görə, uşaq yüngül xəsarətlər alıb, onun yaşı və şəxsiyyəti açıqlanmır.

Şirkətin bildirdiyinə görə, avtomobil təxminən saatda 17 mil (təxminən 27 km/saat) sürətlə hərəkətdə olub. Lakin uşaq qəfil dayanmış avtomobilin arxasından yolun hərəkət hissəsinə qaçıb. Bundan sonra robotaksi təcili əyləcləmə edib və piyadanı təxminən saatda 6 mil (təxminən 10 km/saat) sürətlə vurub.

"Waymo" bildirir ki, toqquşmadan sonra uşaq öz-özünə ayağa qalxıb və səkiyə doğru gedib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, robotaksi isə polis icazə verənədək hadisə yerini tərk etməyib.

ABŞ-nin Milli Avtomobil Yollarında Təhlükəsizlik İdarəsinin (NHTSA) məlumatına görə, qəza məktəbdən iki kvartal aralıda, səhər saatlarında şagirdlərin məktəbə gətirildiyi vaxt baş verib. Ərazidə digər uşaqlar, yol hərəkətini tənzimləyən şəxs və iki cərgədə park edilmiş bir neçə avtomobil olub. Qurum pilotsuz avtomobilin məktəbin yaxınlığını və uşaqların mövcudluğunu nəzərə alaraq kifayət qədər təhlükəsizlik tədbirləri görüb-görmədiyini araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]