M.Ə.Rəsulzadə: Əsarət Fəlsəfəsi

5-05-2026, 17:04           
M.Ə.Rəsulzadə:
Azərbaycan Kommunistlərinin Ruhiyatı
Keçən[lər]də 27 Nisan münasibətilə intişar edən bir məqalədə, rəsmi istatistik rəqəmlərinə istinadən, Azərbaycan Kommunist Firqəsi deyilən təşkilatda Türk ünsürünün ancaq yüzdə iyirmi nisbətində olduğunu göstərmişdik. Halbuki Rus ünsürü yüzdə 60-70 nisbətinə çatmaqdadır. O gündən bu günə qədər firqə kadroları şübhəsiz dəyişmişdir; fəqət adətən artan üzvlərin mənsub olduqları milliyət nisbəti qeyd etdiyimiz balansı hələ dəyişdirəməmişdir.
Məsələnin gərək bu cəhəti, gərək Azərbaycan Kommunist Firqəsi ilə Rusiya Kommunist Firqəsi arasındakı təşəkkül münasibətləri məlumumuzdur. Biliyoruz ki Azərbaycan Kommunist Firqəsi namını daşıyan müəssisə Üçüncü İnternasionala daxil digər milli kommunist firqələrindəki istiqlala malik deyildir. O, Üçüncü İnternasionala bilavasitə deyil, vasitəli girər, Rusiya firqəsi tərəfindən təmsil olunur.
27 Nisan xəyanətini işləyən bu firqənin hangi hüquqi əsaslarla nə kimi insan materialından təşkil olduğunu bilməklə bərabər, buradakı Türk azlığın nə kimi bir ruh və fəlsəfə ilə ruh halında olduğunu da tədqiq etmək faydasız deyildir.
Kəndi məmləkətlərinin yabançılar tərəfindən istilasına dözən, əsarət və istilanı, hürriyyət və istiqlal şəklində göstərmək zillətinə qatlanan bu zatlar əcaba hangi ruh halının məhsulu bulunuyorlar? Daha doğrusu, daşıdıqları alçaq mənfəətləri nə surətlə yozurlar?
Bu suala cavab vermək üçün biz nisbətən namuslu qəbul edilə biləcək Nəriman Nərimanovu [ələ] alalım: 27 Nisan xəyanətinin ölmüş Nərimanov namı ilə icra edildiyi məlumdur. Azərbaycan kommunistləri tərəfindən mürşüd və lider sifəti ilə tanındığı da onun bu mövzu üçün ən müvafiq bir tədqiq və təhlil tipi olduğunu təmin edər.
Nərimanovun tərcümeyi-halını yazan kommunist bir müəllif “Rus kültürü və Rus mühərrirlərinin təsiri altında qalan” Nərimanın Rus çarizmi ilə mücadilə etdiyi halda, daima Rus mədəniyyəti ilə fikri cərəyanlarına sadiq qalaraq siyasi sahədə də “daima Rusiyaya yönəlmiş olduğunu” təqdir dili ilə yad edər. (N. Nerimanov adlı Rusca risale, səhifə 8, Moskva, 1925).
Daima gözü Rusiyada bulunan Nəriman təbii ki milli istiqlal fikrindən uzaqdaydı. O, Müsavat Firqəsinin milli istiqlal və federasyon nəzəriyyələrini bir türlü həzm edəməz, bunları “axmaq şüar” deyə rədd edərdi. “Hangi Şüarlarla Kafkasyaya Gidiyoruz” ünvanı ilə Moskovada nəşr etdiyi bir məqalədə Azərbaycan milliyətçilərinin Türkiyə haqqında bəslədiyi hissiyatı kinayə ilə “Osmanlı Türklərinə güvənən Müsavatçılar Rusiyanın parçalanma və həlakına inandılar və hər millətin kəndi müqəddəratını düşündüyünü görərək, onlar da kəndilərinə bir şey planlamağa başladılar” deyə yazıyordu. (Eyni əsər, səhifə 😎.
Nərimana görə milliyət namına meydana çıxan Müsavat Firqəsi “Kafkasya Müsəlmanlarına federasyon kimi bir takım ‘axmaq şüarlarla’ ovutmuş, onları Türk imperializminin çəkmələri altında çiynətmişdir.” (Eyni əsər, səhifə 11).
Kafkasyanın müqəddəratını Rusluq camiası xaricində təsəvvür edə bilməyən Nəriman qədər Türkiyənin Kafkasyadakı nüfuzuna qarşı açıq vəziyyət almış ikinci bir Azərbaycanlı yoxdur. Azərbaycan hökumətinin rəisi Yusufbəyli Nəsib Bəy namına yazdığı məktubun bir yerində Nəriman aşağıdakı sətirləri yazmışdır:
“Mən daima Türkləri Kafkasyaya dəvət edənlərin şiddətlə əleyhində bulundum. Bakı Bələdiyyəsi içtima salonunda söylədiyim son nitq də buna aid idi.”
Bu nitq Bakının milli Azərbaycan qüvvətlərilə Azərbaycan[ın] xilasına yardım üçün gələn qəhrəman Türk ordusu tərəfindən mühasirə edildiyi günlərdə söylənmişdi. Nəriman bu nitqində Türklüyü çəkişdirmiş, Türkiyəni istiqbala hazırlaşan Azərilərin pək böyük bir xəta işlədiklərini, Rusiya fəhləsindən qorxmaq lazım gəldiyini Bakılılara anlatmış, sonra nəfəsini Rusiyada almış, səlaməti “ana vətənə” sığınmaqda bulmuşdu.
Bitərəf oxucularca Kafkasyanın istiqlalını müdafiə edən bir adam üçün “Türkiyəni dəvət” əleyhində bulunmaq təbiidir, deyə Nəriman təmizə çıxarıla bilər. Fəqət Nəriman ilə bir Kafkasya istiqlalçısı arasında fərq böyükdür. O, Kafkasyaçı deyil, Rusçudur; Türkiyə əleyhində ikən Kafkasyanı Rusiyadan ayrı təsəvvür edemiyor. Hələ Azərbaycanın Rusiyadan ayrılmasına yönəlik hərəkatları bağışlanmaz bir günah sayır. Nəsib Bəyə yazdığı məktubunda “Rusiyanın canının Bakı petrol quyularında olduğuna” işarə edən Nəriman; Gürcüstan, Ermənistan münəvvərlərinin xətasını bağışlasa da, Rusiya fəhləsi “Müsəlman münəvvərlərin işlədiyi cinayəti qətiyyən bağışlamaz” deyir; "Qızıl Ordusu möcüzələr xəlq edən bir millət və dövlətin həyatı ilə oynamaq caiz olmaz” cümləsi ilə də bu “mərhəmətsizliyə” kəndisincə haqq veriyor. (Eyni əsər, səhifə 20).
Nəhayət, hökumət rəisini tövbə edib böyük Rusiyadan bağışlanmasını diləməyə dəvət edir. Yalnız şu surətlə ki, “Rus fəhləsinə qarşı işlədiyiniz günahın əvəzi ödənilsin”, yoxsa “Müsəlman xalqını çox böyük fəlakətlər bəkliyor” deyə kəndi xalqını Rus zülmü və vəhşəti ilə təhdid edir. (Eyni əsər, səhifə 21).
Bu iktibaslardan görülüyor ki, Nərimanov və arkadaşları Türklüyü atır, Azərbaycan istiqlalını fəda edirlərsə, bunu, insaniyyət, bəşəriyyət və böyük inqilab namına deyil, “Rusiya fəhləsinə qarşı günah işləməmək” üçün icra edir; “Qızıl Ordusu möcüzələr xəlq edən böyük millət və dövlətdən” qorxduqları üçün yapıyorlar. Mühakimələrindəki amil, ümumiyyətlə “proletariat” deyil, “Rus proletariatı”dır.
Azərbaycan Kommunist Firqəsinin yüzdə iyirmi beşini təşkil edən Türklərin münəvvər keçinən qismi, işdə bu kimi qorxaqlardan ve yaxud “qorxaqlıq” pərdəsi altında gizlənəın satılıq vicdanlardan ibarətdir.
27 Nisan intiqamını almaq qayəsi ilə istiqlal mübarizəsinin şanlı meydanına atılan gənclik hər şeydən əvvəl hazırki nəsli, Nərimanların düçar olduğu bu fikir əsarətindən qurtarmağa baxmalı, Rusluği idealizə deyil, ona qarşı çıxacaq bir kültür və mədəniyyətlə silahlanmalıdır. Yalnız çarizm və yalnız kommunizm deyil, bütün Rusluqla mücadilə etməlidir.
Kommunist olub da fəhlə qayəsini daşımaq bir qəbahət deyildir. Bu bir fikirdir. Fikrə ehtiram edəriz; fəqət, ümumiyyətlə fəhləyə deyil, Rus fəhləsinə tapanlar bizcə möhtərəm olamazlar. Rus fəhləsini idealizə edən qızıl bir Türk kommunisti ilə Rus çarını idealizə edən “ağ padşahçı” bir Türk bəyi arasında, bizcə, bir fərq yoxdur. İki düşmən cəbhədə durmalarına rəğmən, bunların yapısı eyni xamurdan yoğrulmuşdur. İkisi də Rusçudur. İkisinin də fəlsəfəsi əsarət fəlsəfəsidir. İkisi də quldur! Bəyaz qul ilə qırmızı qul!
Azəri
Yeni Kafkasya, 27 Nisan 1926, yıl 3, s. 176-177.
Baba Allahnəzərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru