Xocalının Böyüməyən Şəhidi-Güllələnmiş Sevinc

Bu gün, 10:04           
Xocalının Böyüməyən Şəhidi-Güllələnmiş SevincSevinc Əkbər qızı Quliyeva 1985-ci ildə Xocalıda anadan olub. 1992-ci ilin fevralın 27-də 7 yaşında ikən qətlə yetirilib.
​...Saçlarına ağappaq bant bağlayıb, əlinə çanta götürüb, məktəbə gedəcəyi günü həsrətlə gözləyirdi. Bəlkə də, onun əbədi yumulmuş gözlərində həmin həsrətin nisgili hələ də yaşayır...
​Xocalıda yeni tikilən məktəbdə oxuyacaqdı. Bir dəfə səhər obaşdan yuxudan duranda valideynlərindən eşitdi ki, həmin məktəbi ermənilərin atdığı «alazan» dağıdıb. Bütün gün qəmli-qəmli gəzirdi, deməli o, təzə məktəbdə oxuya bilməyəcək... Bir yandan da inşaatçılar çıxıb getdilər. Tikməyin nə mənası vardı ki? Onsuz da ermənilər vurub-dağıdırdılar. İnşaatçıların getməsi qızcığazın ümidini tamam qırmışdı...
​...Axşam düşəndə Xocalıya, elə bil, ölüm sükutu çökürdü.
​Sevinc də, yaşıdları da gecənin gəlməsini heç istəmirdilər. Atılan topların səsindən uşaqlar dik atılır, səhəri dirigözlü açırdılar.
​Sevinc tez-tez rabitə şöbəsində işləyən babasının yanına qaçar, gözünü telefon aparatlarına zilləyərdi. Babası həyəcanla yuxarılardan kömək diləyir, onlar isə «Gözləyin», – deyirdilər.
​Fevralın 26-da isə artıq heç nəyi gözləmək lazım gəlmədi. Bədnam "366-cı alay" Xocalıya hücum etdi. Anası Sevincin əlindən tutub qaçanda qızcığaz «Əlifba» kitabını da sinəsinə basmışdı...
​"Qara qaya"da ermənilərin atdıqları güllələrdən biri Sevincin sol böyrünə dəyir. Anası Mətanət də ağır yaralanır. Ana ölümdən qurtulsa da, Sevinc aldığı yaradan sonra cəmi bircə gün yaşayır. O, Ağdam xəstəxanasında dünyasını dəyişir. Düşmənlə döyüşən atası Əkbər isə həmin gecə həlak olur.
​Sevinc adını 7 il daşıyıb, dünyanın sevincini dada bilməyən qızcığazın məzarı Ağcabədi rayonunun Şotlanlı kəndindədir.
​...Hər il yaz gələndə bu məzarın həndəvərində boynubükük bənövşələr boylanır.
​MÜƏLLİF: SƏRİYYƏ MÜSLİM QIZI












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru