Talıbovun aktivləşməsinin pərdəarxası - “Gizli mübarizəyə başlayıblar”
Bu gün, 10:07

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov Ümummilli lider Heydər Əliyevin doğum günündə onun portreti ilə fotosunu paylaşıb. Oğlu Rza Talıbov da eyni günlərdə sosial şəbəkələrdə aktivləşib.
Talıbovların anidən fəallaşmasının arxasında nə dayanır? Onların xüsusilə 10 may ərəfəsində aktivləşməsinin hansısa səbəbi ola bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Vasif Talıbovun fəallaşmasını o da hiss edib:
“İstər özünün paylaşımları, istər övladlarının və yaxınlarının onu təbliğ edən paylaşımları göstərir ki, Vasif Talıbov aktivləşib. Amma bunun nəticə verəcəyinə inanmıram. Vasif Talıbov artıq bitmiş bir adam, bitmiş bir kadrdır. O, idarə edə bilmədiyinə və ya yeni idarəçilik üsullarına uyğun hərəkət etmədiyinə görə işdən uzaqlaşdırılıb. Onun bir daha hakimiyyətə gəlmə ehtimalı yoxdur. Bu fəallığın səbəbi hesab edirəm, Naxçıvandakı xüsusi nümayəndəlik institutunun düzgün işləməməsidir. Bilirsiniz, bundan əvvəl Naxçıvana Fuad Nəcəfli adlı şəxs rəhbərlik edirdi. Onun yarıtmaz işi elə dəhşətli dərəcədə idi ki, hətta Prezident özü də bildirdi ki, F.Nəcəfli etimadı doğrultmadı və şikayətləri nəzərə alaraq onu vəzifədən uzaqlaşdırdı”.
H.Oğuz son vaxtlar Naxçıvanda işsizliyin artdığını bildirib:
“Naxçıvana kənardan idarəçilər gətirilir və orada yerləşdirilir. Bu da Naxçıvan üçün qeyri-adi haldır. Yəni Naxçıvanda əvvəl hər kəs orada olan insanlardan seçilirdi. Hesab edirəm ki, bu, doğru bir şey idi. Hər yerin idarəçiləri özündən seçilsələr, daha effektiv işləyə bilərlər. Naxçıvanda da artıq yerli işçilərlə işləmək ənənəsinə son qoyulub. Hamısı Bakıdan gətirilib və gətirilənlər də əsasən yarıtmaz adamlardır”.
Siyasi şərhçinin sözlərinə görə, Vasif Talıbov Ramiz Mehdiyevə bağlı qrupdan olub:
“Talıbovun paylaşımları onlarda hakimiyyətə gəlmə fikri yaradır və bu adamlar artıq müqavimətə keçirlər. Yəni bütün bunlar tək Naxçıvanda deyil. Yəqin ki, Azərbaycanın digər rayonlarında da Ramiz Mehdiyevə bağlı “beşinci kolon”, rusun adamları fəallaşmağa çalışacaqlar. Amma dediyim kimi, Vasif Talıbovun yenidən hakimiyyətə qayıtması mümkün deyil. O, öz funksiyasını, siyasi ömrünü başa vurub”.
H.Oğuz bildirib ki, Talıbovdan sonra minlərlə iş yeri bağlanıb:
“Naxçıvanda mövcud hakimiyyət Naxçıvan camaatını boğaza yığıb. Baş verənlər Vasif Talıbova özləm, intizar yaradır. Çünki Talıbovun dövründə iş yerləri var idi, indi yoxdur. Onun gedişindən sonra 50-60 min iş yeri bağlanıb. Olanlara da gətirib Bakıdan heç bir ixtisas sahibi olmayan insanları yerləşdiriblər. Sanki hər kəs öz komanda oyununu oynayır, öz komandasını harasa yerləşdirməyə çalışır. Bunlar da yaxşı şeylər deyil”.
H.Oğuz qeyd edib ki, Vasif Talıbov əslində həmişə 10 mayda Heydər Əliyevin məzarı üzərinə gedib gül qoyurdu:
“Sadəcə, bu dəfə öz evində masa qurub və ora güllər düzmüşdü, Heydər Əliyevin xatirəsini bu cür qeyd edən bir şəkil çəkdirmişdi. Bu da normaldır, çünki Vasif Talıbov Heydər Əliyevin çörəyini yeyib. Baxmayaraq ki, Heydər Əliyevə əslində xəyanət etmiş bir adamdır, amma Heydər Əliyevli günlərinin intizarını çəkir və onu o cür yad edir. Hər il Heydər Əliyevi həqiqətən yad edən addımlar atıb. Əvvəllər gedirdi Naxçıvanda Heydər Əliyevin büstü qarşısına gül qoyurdu. İndi də evdə bunu edir, şəkil çəkdirir”.
Siyasi şərhçinin fikrincə, Vasif Talıbov fəallaşmaq əzmindədir:
“O öz komandasını, ona bağlı qrupları, öz adamlarını indi fəallaşdırıb, sanki hakimiyyət uğrunda mübarizəyə başlayıb. Bunun da arxasında duran qüvvələr, təbii ki, köhnə komandadır. Xüsusilə Ramiz Mehdiyevin komandasıdır. Görünür, hələ hakimiyyətdə onlardan qalan qüvvələr var, hakimiyyət “beşinci kolon”dan tamamilə təmizlənməyib və onlar da bir revanş götürüblər, yenidən hakimiyyətə qayıtmaq üçün əlləşirlər”.

