Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: - hissələrə ayrılacaq…
Bu gün, 10:16

Xəzərdən sonra Azərbaycanın ən böyük gölü olan Sarısuyun səviyyəsi azalıb. Mütəxəssislər bunu əsasən iqlim dəyişikliyi, quraqlıq və Kür çayında suyun azalması ilə əlaqələndirirlər. Lakin son günlər Kürdə bol sululuq və daşqın hallarının müşahidə olunması məsələ ətrafında yeni müzakirələr yaradıb.
Maraqlıdır, çayda baş verən bol sululuq Sarısuya niyə təsir göstərmir? Göldə suyun səviyyəsinin enməsinin qarşınısı necə almaq olar? İqlim dəyişikliyi bu prosesə hansı formada təsir edir?
Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, Sarısu Kür hövzəsi ilə əlaqəli iri bataqlıq göl sistemidir:
“Onun taleyi həm iqlim dəyişikliklərindən, həm də insanın su idarəetməsi ilə bağlı fəaliyyətindən ciddi şəkildə asılıdır. Son illərdə göldə su səviyyəsinin azalması bir neçə amilin eyni vaxtda təsir göstərməsi ilə əlaqəlidir. İlk növbədə, iqlim dəyişikliyi nəticəsində temperatur yüksəlir, yay mövsümü daha uzun və isti keçir. Bu isə buxarlanmanı artırır və göldə suyun səviyyəsinin azalmasına səbəb olur. Sarısu dayaz göl olduğuna görə buxarlanma burada daha sürətlə gedir. Xüsusilə quraq və isti dövrlərdə su itkisi daha da artır. Əvvəllər gölə daxil olan və çıxan su arasında müəyyən tarazlıq mövcud idi. Hazırda isə buxarlanma nəticəsində itirilən suyun həcmi daxil olan sudan çoxdur və bu fərq gölün səviyyəsinin enməsi ilə müşahidə olunur”.
Ekoloq bildirib ki, yağıntı rejimindəki dəyişikliklər də vəziyyətə təsir edir:
“Yağışlar tamamilə yox olmasa da, mövsümi bölgü dəyişib. Qısamüddətli güclü yağışlar və uzun quraqlıq dövrləri müşahidə olunur. Bu isə gölü qidalandıran kiçik çayların və yeraltı suların azalmasına gətirib çıxarır. Kür çayı hövzəsində də dəyişikliklər baş verir. Dağlardakı qar ehtiyatları azalır və daha tez əriyir. Nəticədə yay aylarında çaylarda suyun səviyyəsi aşağı düşür. İlin ən isti dövründə gölə çatmalı olan suyun azalması da Sarısuya mənfi təsir göstərir. Aran zonasında müşahidə olunan isti küləklər və quraqlıq da dayaz suların çəkilməsini sürətləndirir. Torpaq quruduqca daha çox su udur və bu da gölün səviyyəsinin azalmasına əlavə təsir göstərir. Əksəriyyət hesab edir ki, Kürdə bol su varsa, yaxınlıqdakı göllər də avtomatik olaraq dolmalıdır. Lakin hidrologiyada proseslər bu qədər sadə deyil. Sarısu gölü Kürlə daimi açıq əlaqədə deyil. Əvvəllər daşqın suları və təbii kanallar vasitəsilə göl daha aktiv qidalanırdı. Hazırda isə bəndlərin tikilməsi, kanalların dəyişdirilməsi, meliorasiya sistemində aparılan işlər və torpaqların qurudulması təbii su dövranını zəiflədib. Buna görə də Kürdə daşqın olsa belə, həmin su avtomatik şəkildə Sarısu hövzəsinə daxil olmur. Müasir hidrotexniki sistemlərin əsas məqsədi kənd təsərrüfatı sahələrini və yaşayış məntəqələrini daşqınlardan qorumaqdır. Bu səbəbdən daşqın suları çox vaxt başqa istiqamətlərə yönləndirilir və göllərdə saxlanılmır. Qısamüddətli sel və daşqınlar isə göl üçün davamlı qidalanma mənbəyi hesab oluna bilməz”.
Ekspertin sözlərinə görə, Sarısu dayaz göl olduğu üçün xüsusilə həssasdır:
“Su səviyyəsi azaldıqca səth sahəsi kiçilir, su daha çox qızır və buxarlanma sürətlənir. Beləliklə, proses özünü daha da gücləndirir. Mütəxəssislərin iştirakı ilə göldə geniş monitorinq və elmi araşdırmalar aparılması vacibdir. Problemin həlli üçün bir neçə təklifim var. Əvvəla, Kür çayından ekoloji məqsədlər üçün müəyyən həcmdə su ayrılması gölün qorunmasına kömək edə bilər. Bir çox ölkələrdə bu təcrübə tətbiq olunur. Digər vacib addım gölü qidalandıran tarixi kanalların və bataqlıq əlaqələrinin bərpasıdır. Bu halda daşqın sularının bir hissəsini yenidən Sarısuya yönləndirmək mümkün ola bilər. Əlbəttə, bu proses kənd təsərrüfatına və yaşayış məntəqələrinə zərər vermədən həyata keçirilməlidir. Qamışlıq və bataqlıq zonalarının qorunması da mühüm əhəmiyyət daşıyır. Qamışlıqlar suyun saxlanmasına və buxarlanmanın azalmasına kömək edir. Eyni zamanda, onlar quşların və balıqların yaşayış mühitinin qorunmasında vacib rol oynayır. Suvarma sistemlərində itkilərin azaldılması da vacib məsələlərdən biridir. Açıq kanallarda suyun böyük hissəsi sızma və buxarlanma nəticəsində itir. Müasir suvarma texnologiyalarının tətbiqi həm su itkilərini azalda, həm də göllərin qorunmasına əlavə imkan yarada bilər.
Bütün bunlarla yanaşı, regional iqlim strategiyasının hazırlanmasına ehtiyac var. Bu problem yalnız bir göllə məhdudlaşmır. Azərbaycan və ümumilikdə Cənubi Qafqaz regionunda su ehtiyatlarının azalması, temperaturun yüksəlməsi və yarımsəhra zonalarının genişlənməsi uzunmüddətli su siyasətinin hazırlanmasını zəruri edir. Əgər mövcud proses davam etsə, gələcəkdə göl hissələrə parçalanaraq duzluluğun artması mümkündür. Bu isə balıq və quş populyasiyasının azalması, ərazinin duzlu bataqlığa çevrilməsi və həm ekologiya, həm kənd təsərrüfatı, həm də yerli iqlim üçün ciddi problemlərin yaranması ilə nəticələnə bilər”.

