Tarixin ən böyük texnogen qəzası hesab edilən Çernobıl atom-elektrik stansiyasındakı qəzadan 40 il ötür.
6-05-2026, 08:04

Akademik Valeri Leqasov (sağdan ikinci) qəzanın nəticələrinin ləğv edilməsinin əsas qəhrəmanı idi.
İxtisasca kimyaçı olan Leqasov artıq 45 yaşında SSRİ EA-nın həqiqi üzvü seçilmişdi. Onun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri atom reaktorlarının təhlükəsizliyi mövzusu idi.
Çernobılda qəzanın nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyası yaradılanda Leqasov da onun tərkibinə daxil edildi. Komissiya üzvləri bir neçə gün qəza yerində olduqdan sonra Moskvaya qayıtdılar, təkcə Leqasov 60 gün orada qaldı və sağlamlıq üçün təhlükəsiz sayılan maksimum dozadan 4 dəfə artıq radiasiya aldı.
Yanmaqda olan reaktoru söndürmək və radioaktiv sızmanın qarşısını almaq üçün onun üzərinə helikopterlərlə qum, bor, gilli torpaq və qurğuşun tökülməsini təklif edən məhz Leqasov idi. Bu addım fəlakətin daha da böyüməsinin qarşısını aldı.
O, vəziyyətin bütün ciddiliyini anlayan ilk insan oldu və Pripyat şəhəri də daxil olmaqla ərazidəki bütün yaşayış məntəqələrinin boşaldılması məsələsini qaldırdı və israrla keçirdi. Onun bu qətiyyəti minlərlə insanın həyatını xilas etdi.
1986-cı ilin avqustunda Vyanada, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) iclasında Leqasov 5 saatlıq geniş hesabatla çıxış etdi. O, qəzanın səbəbləri, reaktorun konstruksiyasındakı qüsurlar və insan amili barədə olduqca səmimi məlumatlar verərək dünya elmi ictimaiyyətinin etimadını qazandı. Onun çıxışı alqışlarla qarşılandı və iştirakçılarda müəyyən arxayınlıq yaratdı ki, əgər qəzanın nəticələrinin aradan qaldırılması ilə belə savadlı adam məşğul olursa, deməli, lazım və doğru olan hər şeyi edəcək.
Lakin məruzə Moskvada mənfi qarşılandı. Sovet rəhbərliyi qəzanı yalnız "insan səhvi" (operatorların günahı) kimi qələmə vermək istəyirdi. Leqasov isə çıxışında RBMK tipli reaktorların konstruksiyasındakı fundamental qüsurların olmasını da qeyd etmişdi.
Narazılığın nəticələri özünü çox gözlətmədi. Leqasova Sosialist Əməyi Qəhrəmanı adının verilməsi barədə iki dəfə təqdimat yazılsa da, təltif olunmadı. Deyilənlərə görə, Qorbaçov şəxsən adını silib, amma Qorbaçov bu iddianı inkar edirdi. Alimə ümumiyyətlə heç bir orden-medal verilmədi.
Beynəlxalq aləmdə qazandığı populyarlıq həmkarları arasında da qısqanclıq doğurdu. İşlədiyi Kurçatov adına Atom Enerjisi İnstitutunda Elmi Şuraya 1987-ci ildə keçirilən seçkilərdə Leqasovun namizədliyi keçmədi (100 lehinə, 129 əleyhinə).
Gördüyü o qədər fədakar və faydalı işin müqabilində üzləşdiyi ədalətizlik və radiasiya nəticəsində sağlamlığını pozulması akademiki sarsıtdı. O, iki dəfə uğursuz intihar cəhdi etdi. Çernobıl qəzasının ikinci ildönümünün ertəsi günü, 1988-ci il aprelin 27-də üçüncü cəhdində məqsədinə çatdı.
1996-cı ildə prezident Boris Yeltsin akademik Valeri Leqasova ölümündən sonra Rusiya Qəhrəmanı adını verdi.
1986–1987-ci illərdə Valeri Leqasov Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirakı barədə qeydlərini maqnitofona diktə etmişdi. Həmin audiomateriallar əsasında BBC “Surviving Disaster: Chernobyl Nuclear Disaster” (“Fəlakətdən sağ çıxmaq: Çernobıl nüvə fəlakəti”) filmini çəkib.
P. S, Çernobıl qəzası haqqında məqalə üzərində işləyirəm. İldönümünə çatdıra bilmədim.
https://t.me/yadigarsadigli

