Dünyanın İlk Universitetini Quran Qadın – Fatimə əl-Fihriyyə
9-05-2026, 12:34

Tunisin Qeyrovan şəhərində yaşayan sıradan bir ərəb olan "Fihr" qəbiləsindən Muhəmməd kişinin ailəsində bir qız övladı dünyaya gəlir və yeni doğulmuş körpənin adını "Fatimə" qoyur. Bu hadisə 800-cü ildə baş verir.
Bir müddət sonra Muhəmməd kişi, yoldaşı, övladları və bacısı ilə birgə Mərakeşin Fəs şəhərinə köçən ərəb ailələrə qoşulub Fəsə gəlir. Çünki orada adil hökmdar olan Hz.İmam Həsənin soyundan II İdris hakimiyyətdə idi.
Muhəmməd kişi Fəsə köçəndən sonra ticarətlə məşğul olmağa başlayır və qısa müddətdə çox böyük tacirlərdən birinə çevrilir.
İllər ötür qızı Fatimə böyüyür, ailə qurur. Lakin zaman keçdikcə Fatimənin yoldaşı da, atası da vəfat edirlər. Çox zəngin olan atası Muhəmməd kişidən ona və bacısı Məryəmə böyük miras qalmışdı.
Dindar və təhsilə çox önəm verən Fatimə, bu pullarla saray tikmək yox, ictimai bir xeyir iş görmək istədi və buna görə də bacısı ilə razılığa gəlib mirasın böyük bir hissəsinə məscid-mədrəsə kompleksi tikmək qərarına gəldi.
Odur ki, bu məqsədlə o, Fəsin mərkəzində yüksək qiymətə bir torpaq sahəsi aldı və hicri təqvimi ilə 245-ci ilin / 859-cu ilin Ramazan ayının ilk günü məscidin təməlini qoydu.
Məscidin tikintisi zamanı istifadə olunan bütün materialların həmin alınmış ərazidən çıxarıldığı və suyun da orada qazılan quyudan götürüldüyü qeyd olunur ki, layihə üçün istifadə edilən resursların halal və şübhəsiz qaynaqlardan gəldiyinə heç kim şübhə etməsin.
Fatimə əl-Fihriyyə məscid tam tikilib qurtarana qədər oruc tutmuş və sonra içəri girərək Allaha dua edib, Ona nemətləri üçün təşəkkür etmişdir.
Tikilən "əl-Qəraviyyin" məscid-mədrəsə kompleksi tezliklə İslam dünyasında məşhur elmi mərkəzə çevrildi. Universitetdə tibb, astronomiya, məntiq, riyaziyyat, filologiya, fəlsəfə, hüquq, ilahiyyat elmləri və s. dərslər keçirilirdi. Orada həm qız, həm də oğlan tələbələr oxuyurdular.
Qeyd etmək yerinə düşər ki, İslam dünyasında və ümumiyyətlə dünyada bundan qabaq da ali səviyyədə təhsil ocaqları var idi və olmuşdu. Lakin Fatimə əl-Fihriyyənin qurduğu ali təhsil ocağının sistemi bu günkü universitetlərlə yuxarı-aşağı eyni olduğu üçün tarixdə ilk universitet sayılır. Məsələn, tarixdə ilk dəfə olaraq məhz bu universitet təhsil proqramını müvəffəqiyyətlə bitirmiş tələbələrə diplom (icazət kağızı) verirdi. Bundan əvvəl heç bir məktəb və universitet tələbələrə heç bir sənəd verməmişdi.
Bu universitetin tarix boyu ən məşhur məzunlarından İbn Xəldunun, əl-İdrisinin və İbn Rüşd kimi alimlərin adlarını çəkmək olar. Onlar bu universitetdə əvvəlcə təhsil almış, sonra da dərs demişdilər.
IX əsrdən fəaliyyətini fasiləsiz davam etdirən bu təhsil ocağı 1963-cü ildən Mərakeşin müasir universitetlər sisteminə daxildir.
Bu universitet dünyanın ən qədim davamlı ali təhsil ocağı olduğu üçün 1997-ci ildə Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Bundan əlavə, dünyanın ən qədim universiteti kimi UNESCO tərəfindən tanınıb.
Beləliklə də, 800-cü ildə doğulub, 880-ci ildə vəfat edən Fatimə əl-Fihriyyə, İslam dünyasında qadın təhsilinin simvollarından birinə çevrilib və tarixdə elmin inkişafına dəyərli töhfə verən qadınlardan biri kimi xatırlanır. Sərvəti ilə uşaqların və gənclərin təhsil alması üçün müxtəlif işlər gördüyü üçün ona "Ummul-bənin" (uşaqlar anası) sözü ləqəb olaraq verilmişdi.
Bacısı Məryəm isə Fatimə "əl-Qəraviyyin"i tikdirdiyi vaxtlarda çayın o biri tərəfində Əndəluslu (İspaniyalı) müsəlman ailələrin istəyi ilə "əl-Əndəlusiyyin" məscidini tikən məsul şəxslərdən olmuşdur.
Hüseyn Fərhadov

