Məşhərin üç atlısı: “Neftçi”ni içəridən sarsıdanlar

10-05-2026, 09:14           
Məşhərin üç atlısı:
“Neftçi”də sular durulmağa başlamışdı. Komanda uğursuz mövsümün izlərini avrokuboklara vəsiqə qazanmaqla silməyə yaxındı. Baş məşqçi Yuri Vernidubun xaotik transfer siyasətindən imtina edərək, mövcud heyətlə kollektivi “qara zolaq”dan çıxarması azarkeşlərdə böyük ümidlər yaratmışdı. İnanırdılar ki, ukraynalı mütəxəssis yay fasiləsində heyəti lazımsız oyunçulardan təmizləyəcək və nöqtə transferlərlə komandanı ciddi hədəflərə aparacaq.
Amma bu müsbət atmosferin fonunda FİFA-nın gözlənilməz sanksiyası şok effekti yaradıb. Yığılıb qalan borclar səbəbindən paytaxt klubuna üç transfer pəncərəsi ərzində yeni futbolçu qeydiyyatına qadağa qoyulub. Beləcə, “ağ-qaralar”ın tezliklə əvvəlki əzəmətini bərpa edəcəyi ilə bağlı nikbin proqnozlar bir anda alt-üst olub.
Azərbaycanın ən köklü klubunun dərdi dərindi. Problem nə futbolçularda, nə məşqçilərdə, nə də sərgilənən oyundadı. Klubun əsas bəlası onu idarə edən şəxslərin səriştəsizliyidi; bu sanksiya da məhz onların növbəti “uğursuz imza”sıdı.
Müşahidə Şurasında nüfuzlu şəxslərin yer almasına və strukturun mürəkkəbliyinə rəğmən, faktiki idarəetmə müəyyən bir qrupun inhisarındadı. Ardıcıl uğursuzluqların əsas memarları da elə onlardı. Bəs “Neftçi” üçün “məşhərin üç atlısı” hesab olunan bu şəxslər kimdi? Söhbət baş icraçı direktor Cenk Sümər, idarə heyətinin üzvü Kamil Məmmədov və idman direktoru Zaur Əzizovdan gedir.
✔️ Cenk Sümər Azərbaycan futboluna sanki “göydən zənbillə” enib. Onun gəlişi “Demirören Group”a məxsus “Misli” şirkətinin ölkə mərc oyunları bazarına daxil olması ilə eyni vaxta təsadüf etdi. Türkiyə futbol camiəsində Yıldırım Demirörənin yaxın adamı kimi tanınan Sümər, onun prezident olduğu vaxt “Beşiktaş”ın maliyyə işlərinə rəhbərlik edib. Ancaq Demirörənin rəhbərliyi “Qara Qartal” üçün heç də uğurlu sayılmır; məhz həmin dövrdə klub tarixinin ən ağır borc yükü altına girib. Qalmaqallı “Fulya layihəsi”ndə də adı hallanan Sümərin bu “parlaq” keçmişi, görünür, bizimkilərin diqqətini çəkib ki, İstanbulun “ağ-qaralılarını” Bakının “ağ-qaralılarına” dəyişib.
Türkiyəli funksioner Azərbaycan reallıqlıarına tez uyğunlaşıb. Burda da yalnız tənqidlərlə gündəmə gəlir. Məğlubiyyətlər zamanı kölgəyə çəkilən Sümər, kiçik bir uğurda (məsələn, uzun fasilədən sonra “Qarabağ” üzərində qazanılan qələbədə) dərhal kameralar qarşısına keçib qəhrəman obrazı yaratmağa çalışır.
✔️ Böhranın digər bir memarı olan Kamil Məmmədovun “xidmətləri” heç də türkiyəli həmkarından geri qalmır. Futbol ictimaiyyətinə yaxşı tanış olan, “Neftçi”nin “boz kardinal”ı AZAL, “Standart” və “Qusar” kimi klubların qurucusu, Azərbaycanın ilk FİFA meneceri olub. Təcrübəli olsa da, fəaliyyəti həmişə birmənalı qarşılanmayıb.
Qurduğu klubların hamısının fəaliyyətini dayandırması onun “uğurlu” idarəçiliyinin sorağçısıdı. Dövlətin futbolun inkişafı üçün ayırdığı vəsaitə bu və ya başqa şəkildə həmişə çıxış tapan Məmmədov, ötən illər ərzində az qala oliqarxa çevrilib. Təkcə Cahangir Hacıyevin dövründə “İnter”də qaz vurub, qazan doldurmasını yada salmaq kifayətdi.
Məmmədov, futbol bazarını yaxşı bilsə də, klublara faydadan çox yük olan legionerlərin və məşqçilərin (məsələn, milliyə Berti Foqtsu calayıb) ölkəyə gətirilməsində əsas rol oynayıb. “Neftçi”dəki yüksək maaşlı, lakin yararsız oyunçu transferlərinin və digər klublarla yaşanan yersiz münaqişələrin əsas müəllifi də məhz odu.
✔️ Üçlüyün sonuncu üzvü olan Zaur Əzizov karyerasına idman jurnalistikası ilə başlayıb, sonra “Xəzər Lənkəran”da mətbuat katibi, daha sonra isə “Qəbələ”də baş menecer kimi çalışıb. Adamı kimdisə, böyük yerdəndi. Ona görə də pullu layihələr hardadırsa, Zaur bəy oradadı. İndiki ünvanı “Neftçi”yə də onu cəlb edən əlbəttə ki, ağ-qara sevgisi deyil.
Digər iki funksioner ilə müqayisədə nisbətən “xırda balıq” kimi görünsə də, hər zaman özünə isti yer tapmağı bacarır. Maraqlıdır, heç bir fövqəladə bacarığı olmayan bir şəxs necə olur ki, prinsipial rəqiblərin düşərgələri arasında bu qədər rahatlıqla yer dəyişdirə bilir? Bir klub rəsmisinin “Qalatasaray”dan “Fənərbaxça”ya, “Fənərbaxça”dan “Trabzonspor”a keçməsini təsəvvür etmək olmur. Ancaq Azərbaycanda belə şey mümkündü. “Neftçi”də isə çox şey.
Bu şəxslər komandanın uğursuzluğunda özlərindən başqa hamını — hakimləri, medianı, azarkeşləri günahkar çıxarmaqda ustadırlar. İdman mətbuatını susdurmaqla, troll qrupu saxlamaqla ictimai rəyi yayındırırlar. Beləcə, hər dəfə sudan quru çıxmağa çalışırlar.
Hər il heyət yenilənir, məşqçilər əlcək kimi dəyişdirilir, lakin böyük uğurlar gəlmir. Halbuki, SOCAR birbaşa bağlı olduğu kluba ölkədə ən güclü büdcəni ayırır. Nəticələr isə ayrılan vəsaitlə tərs mütənasib olaraq qalır. Çünki Azərbaycan futbolunun “qoca çinarını” məhz onu içəridən yeyən bu cür idarəçilər dirçəlməyə imkan vermir.
İndi də israrla bizləri inandırmağa çalışırlar ki, ali futbol qurumunun banı sadəcə texniki səhvdi. Tezliklə aradan qaldırılacaq. Maraqlıdı, sanksiya götürülməsə nə baş verəcək? Bu şəxslər nəhayət məsuliyyəti üzərinə götürüb, istefaya gedəcəkmi?!
Turan ŞAHSEVƏNLİ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru