Qızıl Orda xanlarının üzəngisini öpə-öpə böyüyən dövlətlər indi onun varislərinə barmaq silkələyirlər

Dünən, 00:01           
Qızıl Orda xanlarının üzəngisini öpə-öpə böyüyən dövlətlər indi onun varislərinə barmaq silkələyirlər
Rus şovinistləri gah bizi, gah da Mərkəzi Asiya türklərini aşağılayaraq, guya müstəmləkə xalqlarına mədəniyyət və dövlətçilik ənənələri öyrətdiklərini iddia edirlər. Onların fikrincə, biz öz dövlət quruculuğumuzu ruslara borcluyuq və guya özümüzü yaxşı aparmasaq “böyük qardaşımız” üzümüzə xoş baxmaz, bu haqqımızı əlimizdən ala bilər.
Amma bu axmaq tezisləri irəli sürənlər təəssüf ki, öz dövlətçilik tarixlərini ya unudurlar, ya da bilərəkdən yada salmaq istəmirlər. Unudurlar ki, indiki Rusiya 13 əsrdən 15-ci əsrə qədər Qızıl Orda xanından yarlıq alaraq hakimiyyətini davam etdirən, öz xalqından vergi toplayıb Türk xanına xərac verən Moskva knyazlığının əfəndisinə baş qaldırması sayəsində müstəqil dövlət halına gələ bilmişdir. 1480-ci ildə baş verən Uqra “döyüşü” bu tarixi dəyişikliyin ən bariz nümunəsidir.
Salnaməçilərin iddiasına görə, Kulikovo döyüşündə (1380) Qızıl Ordaya qarşı böyük qələbə qazanan Moskva knyazlığı həmin tarixdən etibarən xana xərac verməyə isti baxmır, öz öhdəliyinə əməl etmirdi. Qızıl Orda ilə Moskva knyazlığı arasında xərac üstündə ən ciddi gərginlik isə 100 il sonra - 1480-ci ildə yaşanmışdı. 15-ci əsrin sonlarında Moskva knyazlığına rəhbərlik edən III İvan Qızıl Orda hökmdarı Əhməd xana itaət etmək istəmir, ona xərac ödəməkdən boyun qaçırırdı. III İvanın bu özbaşınalığından qəzəblənən xan rus knyazının qarşısında iki tələb qoymuşdu: dərhal xəracı ödəmək və babaları kimi xanın qarşısına çıxıb atının üzəngisindən yapışıb yalvarmaq. Xanın bu tələbini xeyli aşağılayıcı hesab edən III İvan yerli mülkədarların da qızışdırması ilə savaşmağı üstün tutmuşdu. Nəticədə havanın soyuqluğu və rus ordusunun Uqra çayının əks sahilində dayanması Əhməd xanın ordusunun riskləri gözə alaraq döyüşə atılmasını əngəlləmişdi. Əhməd xan daha münasibət bir zamanda Moskva knyazlığına qulaqburması vermək ümidiylə geri çəkilmişdi. Bunu özünün ən böyük qələbəsi sayan rus knyazlığının bəxti onda gətirmişdi ki, Uqra qarşıdurmasından qısa müddət sonra Əhməd xan Sibir noqayının xəyanətkar sui-qəsdi nəticəsində həyatını itirmiş və Moskva knyazlığı yaxşı bir qulaqburması almaqdan xilas olmuşdu.
Haşiyə çıxaraq qeyd etmək istərdim ki, Moskva knyazlığını bu savaşlardan 220 il əvvəl -1262-cü ildə Qızıl Ordadan alınmış yarlıq sayəsində qurulmuşdu. Bu dövlət Qızıl Orda ilə şimal xalqları arasında bufer zona kimi yaradılan Böyük Vladimir knyazlığına bağlı idi. Knyazlığın ünlü sərkərdə-hökmdarı Nevski ölümündən əvvəl öz torpaqlarını oğulları arasında bölüşdürmüş və Moskva ərazisi kiçik oğlu Daniilin payına düşmüşdü. Moskvanın yerləşdiyi münbit şərait – ticarət yolları üzərində yerləşməsi, təbii istehkamlar kimi bu şəhəri qoruyan meşələrlə əhatə olunması, daha sonra rus provaslav kilsəsinin mərkəzinin Moskvaya köçürülməsi, ən əsası, Qızıl Orda ilə yaxın münasibətlər bu kiçik inzibati ərazinin getdikcə böyüməsinə yol açdı. Nəticədə Moskva knyazlığı, daxili çəkişmələrlə zəifləyən Qızıl Ordanı belə saymadı, müstəqil addımlar atmağa başladı. Halbuki, Moskva knyazlarının sələfi sayılan Aleksadr Nevski Qızıl Orda xanının icazə olmadan su belə içə bilməzdi və bir növ, onun şimal-qərb sərhədlərini qorumaqla mükəlləf idi.
III İvanla başlayan Moskva knyazlığının müstəqillik səyləri daha sonra digər rus əyalətlərinin də bu dövlət ətrafında birləşməsinə gətirib çıxaracaq və indiki Rusiyanın təməlləri qoyulacaqdı.
Qısası, nəql etdiyim tarixi hadisələrdən çıxan nəticə budur: Hər şey rus şovinistlərinin dediyinin tam əksinədir. Ruslar nəinki türklərə dövlətçilik ənənələri və mədəniyyət öyrətməyiblər, tam tərsinə, türk xaqanlıqlarının himayəsi altında dövlət qurmağı öyrəniblər. Özü də necə? Türk xaqanlarının atının üzəngisindən yapışıb yalvara-yalvara, az qala nallarından öpə-öpə. Üstəlik, bütün bunları biz yox, onların öz salnaməçiləri etiraf edirlər.
Rus knyazlıqlarının xaqan üzəngisini öpən dövlətdən dünya ağalığına can atan imperiyaya çevrilməsi də öz xidmətləri sayəsində olmayıb. 15-16 əsrdən başlayaraq, türk xaqanları arasında daxili çəkişmələr olmasaydı, rus imperializmi bu uğura imza ata bilməzdilər. Sadəcə bir faktı deməklə fikrimi yekunlaşdırmaq istəyirəm. Yuxarıda da qeyd etdiyim kimi, Kulikovo döyüşündə Mamay xana qarşı böyük uğur qazanmış Moskva knyazlığının cavabı özünü çox gözlətməmiş, 2 ildən sonra Əmir Teymurun yardımı ilə Moskvanı yenidən özünə bağlayan Toxtamış xan qələbənin gətirdiyi eyforiya ilə Teymura qarşı çıxmış və onun tərəfindən də məhv edilmişdir. Beləcə, 1395-ci ildə Terek çayı üzərində baş verən döyüşdə öz türk qardaşına qarşı ağır məğlubiyyətə uğrayan Qızıl Orda kiçik xanlıqlara bölünərək tarix səhnəsindən silinmişdir. Rusiyanın yüksəliş dövrü də bundan sonra başlamışdır.
Odur ki, türklərin himayəsi və səhvləri nəticəsində tarix səhnəsinə çıxan Rusiya öz əfəndilərinin qarasınca daş atmaqdansa, yerlərini-yurdlarını tanısınlar. Əvvəl tarixlərini öyrənsinlər, sonra ağızlarını açıb danışsınlar. Unutmasınlar ki, tarixin təkrarlanmaq kimi bəd bir xasiyyəti də var. Mümkündür ki, özünü çar kimi aparan rus siyasi liderləri yenə türk həmkarlarının üzəngisini öpmək durumunda qala bilərlər.
Heydər Oğuz
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru