Şah İsmayıla qarşı irəli sürülən iftiralardan biri də budur ki, guya öz doğma anasını öldürmək barədə əmr verib.

Bu gün, 12:04           
Şah İsmayıla qarşı irəli sürülən iftiralardan biri də budur ki, guya öz doğma anasını öldürmək barədə əmr verib.
Sizin fikriniz özünüzə getməsin!
Şah İsmayıl doğma anasını öldürəcək qədər nanəcib deyildi! Həm də doğma anası heç bir qəbahətli iş tutmamışdı!
***
Şah İsmayıla qarşı irəli sürülən iftiralardan biri də budur ki, guya öz doğma anasını öldürmək barədə əmr verib.
--------
Bu iddianın da əsas mənbəyi Qərb səyyyahlarının xatirələridir. XV əsrin ikinci yarısında Ağqoyunlular dövlətində diplomatik missiya daşımış italyan səyyah Katerino Zenonun xatirələrində yazılıb ki, I Şah İsmayıl 1501-ci ildə Təbrizə daxil olduqdan sonra öz analığını (ögey anasını) hüzuruna gətizdirmiş və onu edam etdirmişdir. Qadın öz əri Şeyx Heydərin qətlindən sonra bu qətldə əli olan bir nəfərə ərə getdiyi üçün ölümə məhkum edilmişdir. Lakin K.Zenonun yaşadığı və Ağqoyunlu sarayında fəaliyyət göstərdiyi illər bu hadisənin baş verməsindən xeyli əvvələ təsadüf etdiyi üçün belə qəbul edilib ki, bu məlumat (bəzi digər informasiyalar kimi) onun səyahətnaməsinə sonralar başqaları tərəfindən əlavə olunmuşdur. K.Zenonun xatirələri orijinaldan (italyan dilindən) başqa dillərə tərcümə edilərkən “analıq” sözü səhvən “ana” şəklində verilmiş, bu da şahın öz doğma anasını öldürməsi barədə əfsanənin yaranmasına səbəb olmuşdur.
XVI əsrin əvvəllərində Səfəvilər dövlətində bir neçə il yaşamış daha bir italyan diplomat Covanni Mario Ancolello (1451/52-1525) da öz xatirələrində eyni məsələni qısaca qeyd etmişdir. Müəllif daha sonra I Şah İsmayılın öz anasından intiqam almasını bununla izah edir ki, guya gələcək şah körpə olarkən anası onu öldürmək istəmişdi və həm də bu qadın “düşmən nəsildən” idi.
Hər bir halda I Şah İsmayılın anası Aləmşah bəyim Şeyx Heydərin qətlindən sonra ailə qurmamış, övladlarını bəsləyib böyütmüş, onların təhlükəsizliyi üçün əlindən gələni etmiş. 1501-ci ildən sonra da həyatda olmuşdur. I Şah İsmayıl öz anası ilə həmişə mehriban münasibət saxlayır, bütün görüşlərində ona öz sevgi və ehtiramını bildirirdi. Aləmşah bəyimın öz oğlu tərəfindən öldürüldüyünə kiçik bir işarə belə mənbələrdə yoxdur. “Analıq” və “ana” sözləri arasındakı tərcümə fərqindən yaranmış bu çirkin iftira isə sonralar Səfəvilər sülaləsinə kin bəsləyən qüvvələr tərəfindən qəsdən tirajlanaraq I Şah İsmayılı ləkələmək üçün istifadə edilmişdir.
Mənbələr:
Namiq Musalı. Şah İsmayıl Xətainin anası Aləmşah bəyim: əfsanələr və həqiqətlər (Alevilik-Bektaşilik Araştırmaları Dergisi, 2016/13), s. 35-59;
M.K.Y.Cəmali. I Şah İsmayılın həyatı, s. 192;
Mehman Süleymanov. Səfəvilər, III, 533-534;
Venesiyalıların İran səyahətnamələri (altı səyahətnamə) (fars dilinə tərcümə: Mənuçöhr Əmiri), s. 268, 326 və 330.
© Qızılbaş Ensiklopediyası, 1-ci cild, səh. 449-450.
Yazının müəllifi: Natiq Rəhimov.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru