Bahalaşma qorxusu artır: - Əhalinin gəlirləri inflyasiyaya çatırmı?
Bu gün, 15:06

Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində inflyasiya proqnozunun yeniləndiyi bildirilib. Nazirlik 2026-cı il üzrə orta illik inflyasiya gözləntisini əvvəlki 4,8%-dən 5,7%-ə yüksəldib; buna faktiki inflyasiya, dünya əmtəə və ərzaq qiymətləri, idxal qiymətləri və tənzimlənən tariflərdəki dəyişikliklər təsir edib.
İnflyasiya proqnozunun 4,8%-dən 5,7%-ə yüksəldilməsi əhalinin gəlirlərinə və alıcılıq qabiliyyətinə necə təsir göstərəcək?
İnflyasiya gözləntilərinin artması Azərbaycanda qiymət artımlarının ilin ikinci yarısında daha da sürətlənəcəyi anlamına gəlirmi?
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatında 2026-cı ilin inflyasiya proqnozunun 4,8 faizdən 5,7 faizə yüksəldilməsi ilk baxışda qiymət artımlarının sürətlənməsi ilə bağlı narahatlıq yarada bilər. Lakin bu göstəricini yalnız “bahalaşma təhlükəsi” kimi qiymətləndirmək düzgün olmaz. Əksinə, mövcud rəqəmlər onu göstərir ki, Azərbaycan iqtisadiyyatında gəlirlərin artımı hələlik inflyasiyanı üstələyir və əsas məsələ bu fərqin ilin sonuna qədər qorunub saxlanmasıdır.
“Maliyyə Nazirliyinin 18 avqust tarixində açıqladığı sənəddə orta illik inflyasiya proqnozunun 5,7 faizə yüksəldilməsi faktiki inflyasiya, dünya əmtəə və ərzaq qiymətləri, idxal qiymətləri və tənzimlənən tariflərdəki dəyişikliklərlə əlaqələndirilir. Bu isə proqnoz artımının əsasən artıq müşahidə olunan və xarici mənşəli amillərin nəzərə alınması ilə bağlı olduğunu göstərir. Başqa sözlə, bu rəqəm avtomatik olaraq ilin ikinci yarısında kəskin qiymət artımı olacaq demək deyil”, - deyə o bildirib.
Onun sözlərinə görə, ən mühüm məqam əhalinin gəlirlərinin dinamikasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında əhalinin nominal gəlirləri 9,8 faiz artaraq 55,6 milyard manata çatıb. Eyni dövrdə istehlak qiymətləri 5,7 faiz yüksəlib. Beləliklə, gəlirlərin artım tempi inflyasiyanı 4,1 faiz bəndi üstələyib. Bu, əhalinin ümumi real gəlirlərinin müsbət dinamikada qaldığını və alıcılıq qabiliyyətinin bütövlükdə qorunduğunu göstərir.
İqtisadçı bildirib ki, bu vəziyyət bütün ailələr üçün eyni deyil. Ərzaq, kommunal xidmətlər və gündəlik istehlak məhsullarına daha çox vəsait xərcləyən ailələr qiymət artımını daha ciddi hiss edə bilərlər. Buna görə də inflyasiyanın 5,7 faiz olması ilə konkret ailənin hiss etdiyi bahalaşma arasında fərq yarana bilər. Bununla belə, gəlirlərin qiymətlərdən daha sürətli artması sosial baxımdan müsbət göstəricidir: “İlin ikinci yarısında qiymətlərin daha da sürətlənib-sürətlənməyəcəyinə gəldikdə isə, hazırkı proqnoz belə bir qaçılmaz ssenaridən xəbər vermir. İnflyasiyanın əsas riskləri dünya ərzaq və əmtəə qiymətləri, idxal xərcləri və tariflərdir. Xarici bazarlarda sabitlik qorunarsa, daxili qiymət artımının da nəzarətdən çıxması üçün ciddi əsas görünmür.
Üstəlik, Azərbaycanın makroiqtisadi imkanları da müəyyən qoruyucu faktor rolunu oynayır. Avqustun 1-nə ölkənin strateji valyuta ehtiyatları 86,8 milyard dollar təşkil edib və illik ifadədə 12,2 faiz artıb. Bu göstərici xarici şoklar qarşısında iqtisadiyyatın dayanıqlığını gücləndirən mühüm amildir”.
O vurğulayıb ki, 4,8 faizdən 5,7 faizə yüksələn proqnozu yalnız mənfi siqnal kimi qəbul etmək doğru deyil. Əsas müsbət məqam ondan ibarətdir ki, Azərbaycanda gəlirlər hələ də qiymət artımından daha sürətlə artır. Əgər bu tendensiya ilin sonuna qədər qorunarsa, inflyasiyanın yüksəlməsi əhalinin alıcılıq qabiliyyətində ciddi geriləmə yaratmaya bilər. Buna görə 2026-cı ilin ikinci yarısının əsas hədəfi sadəcə inflyasiyanı aşağı saxlamaq deyil, gəlir artımının qiymət artımını üstələməsi ilə əldə olunan müsbət fərqi qorumaq olmalıdır.

