Tapdığınız əşya nə vaxt sizin mülkiyyətinizə çevrilir? - HÜQUQİ RƏY
17-12-2025, 11:14

Hər gün insanların diqqətsizliyi və ya təsadüfi hallarda itirdiyi əşyalar digər şəxslər tərəfindən tapıla bilər. Bu zaman əşyanın tapılması, saxlanılması və mülkiyyət hüququ ilə bağlı hüquqi suallar ortaya çıxır.
Tapdığımız əşyalar üzərində hansı hallarda mülkiyyət hüququ yaranır və tapılan əşya bizə hansı şərtlərlə qala bilər?
Bu barədə Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, tapılmış əşya barədə xəbər verildikdən sonra bir il keçdikdə tapan şəxs mülkiyyət hüququ qazanır:
“İtirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir. Bu norma Mülki Məcəllənin 186-cı maddəsində təsbit edilib. Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir. Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir”.
R. Əliyev bildirib ki, əşyanı tapan şəxs mülkiyyətdən imtina edərsə, səlahiyyətli orqan həmin əşyanı satmaq, başqasına vermək və ya məhv etmək hüququna malikdir:
“Əşyanı tapan şəxs mülkiyyətdən imtina edirsə, səlahiyyətli orqan bir il keçdikdən sonra əşyanı auksionda sataraq fayda götürə bilər və ya söhbət azqiymətli əşyadan gedirsə, onu pulsuz özgəninkiləşdirə bilər və ya məhv edə bilər. Əgər tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud saxlanması böyük xərc tələb edən əşyadırsa, bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş məbləğ mülkiyyətçiyə qaytarılır”.
Vəkilin sözlərinə görə, dəfinə tapıldıqda mülkiyyət və bəxşiş əmlak sahibi və tapan arasında razılıqla bölünür, dövlət mülkiyyətinə aid əşyalar isə dövlətə verilir:
“Mülki Məcəllənin 187-ci maddəsi isə dəfinə tapılmasını tənzimləyir. Belə ki, dəfinə, yəni torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər əşya bunların mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmadıqda, dəfinənin gizlədildiyi əmlakın (torpaq sahəsinin, tikilinin və s.) mənsub olduğu şəxslə dəfinəni aşkar etmiş şəxsin mülkiyyətinə, həm də, əgər onların razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bərabər paylar şəklində daxil olur. Dəfinə onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, həmin torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinə verilməlidir. Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid, elmi dəyərli əmlak olduqda, dövlət mülkiyyətinə verilməlidir. Bu zaman dəfinənin gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisi və dəfinəni aşkar etmiş şəxs birlikdə dəfinənin dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər. Bu şəxslərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bəxşiş onların arasında bərabər bölünür. Belə dəfinə onun gizlədildiyi əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, bəxşiş bütünlüklə əmlakın mülkiyyətçisinə verilir. Bu maddənin qaydaları dəfinə aşkar etmək üçün qazıntı və axtarış aparılması əmək və ya qulluq vəzifələrinə aid olan şəxslərə tətbiq edilmir”.

