Fiziki aktivliyi azalan insan ictimai dəyərini də itirə bilər

Bu gün, 15:24           
Fiziki aktivliyi azalan insan ictimai dəyərini də itirə bilər
Fiziki aktivliyi azalan insan ictimai dəyərini də itirə bilər
Bizimyol.info saytının təsisçisi, əməkdar jurnalist, yazıçı-publisist Bahəddin Həzinin pauerliftinq idman növü üzrə dəfələrlə Dünya və Avropa çempionu olmuş, əməkdar idman ustası, məşqçi Vüqar Namazovla söhbəti
- Vüqar müəllim, necəsiniz? Özünüzü necə hiss edirsiniz?
- Şükür! Özümü əla hss edirəm.

- Əslində sualın cavabı mənə də məlum idi. Çünki Sizi xeyli vaxtdır tanıyıram. Həm peşəkar idmançı, məşqçi, idman təşkilatçısı kimi çox məşhursunuz. Bu qədər idmanla məşğul olan adam özünü necə hiss edər?! Təbii ki, əla...

- Tamamilə haqlısınız. İdman mənim həyatımdır. Yəni həyatım idmanla bağlıdır.

- Vüqar müəllim, neçə dəfə çempion olmusunuz?
- 11 dəfə Dünya, 11 dəfə Avropa çempionu olmuşam.

- Əla nəticələrdir. Bioqrafiyanıza baxıram. Bu il avqustun 13-də 47 yaşınız tamam olacaq. Ancaq üst-üstə 22 dəfə Azərbaycanın bayrağını qaldırmış, himnini səsləndirmisiniz. Hələ də hər gün idmanla məşğulsunuz. Sizcə, bu yaş üçün göstəriciləriniz kifayət deyilmi?
- İdmanla məşğul olmaq heç bir yaşda kifayət deyil. Doğrudur, hər yaşın öz hədəfi, öz tempi var. Ancaq, dediyiniz kimi, idmanla hər gün məşğul olmaq lazımdır. Həm də bu, təkcə peşəkar idmançılara aid deyil, hər kəs idmanla məşğul olmalıdır. Çempion olmaq üçün idmanı karyera olaraq seçirsən. Hər kəs peşəkar idmançı olmayacaq, heç lazım da deyil. Ancaq fiziki hərəkət hər kəsə gərəklidir.

- Bunu hamı deyir. Həkimlər, alimlər, hər kəs. Siz də deyirsiniz. İdman insanda nəyi dəyişir, necə dəyişir?
- İdmanın elə sadə fəlsəfəsinə baxaq. Dilimizdə "bərkə-boşa düşmək" deyimi var. Bərkə-boşa düşmək, əlbəttə, təkcə fiziki çətinlik mənasında deyil. Ancaq hər cür çətinlik - həm mənəvi, həm fiziki sınaqlar insanın xarakterini formalaşdırır. Onu ruhən və cismən gücləndirir...

- Siz bunu dediniz, yadıma filosof Fridrix Nitsşenin bir fikri düşdü: "Məni öldürməyən hər şey məni gücləndirir". Maraqlı sözdür.

- Həm də doğru sözdür. Ordularda ağır təlimlər var. Hətta xüsusi təyinatlı hərbçilər üçün bu, az qala işgəncə dərəcəsinə gəlib çatır. Elə öz ordumuzu götürək. Əsgər və zabitlərimiz onillər ərzində bədənini möhkəmləndirdi, bununla onların özlərinə, öz gücünə inamı hər gün bir az da artdı. Savaşçı ruhu daha da yüksəldi. Nəticədə həlledici döyüşlərdə tarixi qələbə qazandı. Bayaq bayrağımızı qaldırmağımızdan danışdıq. Ordumuz o bayrağı bizdən də daha yüksək nöqtəyə qaldırdı. Niyə?! Çünki gündəlik idman, təlimlər onu hazırlamışdı, hər mənada bərkə-boşa salmışdı. Bu, hər insana aiddir. Mülki həyatdakı idman məşqləri o hərbi təlimlərin yüngül formasıdır. Hər kəs bununla öz bədənini sınaqdan keçirə, sınaqlara hazırlaya bilər. Bu da indiki stressli zamanda sağlam, uzun və xoşbəxt yaşamağın əsas şərtlərindən biridir.

- Biridir, yoxsa birincisidir?
- Bilirsiniz, şərtlər çoxdur; ağırı da var, yüngülü də var. Həyatdır. Ancaq idman istənilən halda əsas şərtdir. Demirəm, birinci şərtdir. Amma əsas şərtdir. Bu, dəqiqdir.

- Sözünüzün qüvvəti, insanın cismini də, ruhunu da kimya idarə edir. Qan dövranı nədir? Biokimyəvi proses. Bu dayananda ömür də, bütün bədən orqanları da dayanır, işləmir. Eləcə də, beynin funksiyaları kimyəvi reaksiyalardır. Maddələr mübadiləsi və sair. Bu mənada idman insan kimyasına necə təsir edir?
- Dedikləriniz doğrudur. Sual da maraqlıdır. İdmanın insana özünü yaxşı hiss etdirməsi, dediyiniz kimi, tam kimyəvi səbəblərə bağlıdır. Sadə dildə desək, insanın öz orqanizmində öz həkimi və öz dərman deposu, apteki var...

- Məşhurlar da tez-tez deyir: "Özünüz öz həkiminiz olun". Bu fikir Sizin dediyinizlə səsləşir.

- Bəli, insan özünün həkimidir. Ancaq biz heç də həmişə bunu dərk eləmirik...

- Dediniz, insanın öz bədənində "aptek" var. Onu bir az aça bilərsinizmi?
- Bəli. Sizin kimya ilə bağlı sualınız bunu mənə xatırlatdı. İdmanla məşğul olan adam cismindəki "aptek"i hərəkətə gətirir...

- Üzr istəyirəm, bir şeyi dəqiqləşdirim: söhbət idmanla düzgün məşğul olmaqdan gedir, yoxsa düzgün idmanla məşğul olmaqdan?

- Hər ikisindən.

- Onda düzgün yaşamaq istəyən adam idmanla məşğul olsun gərək?
- Bəli. Belə deyək: idmanla məşğul olsa, düzgün həyat tərzi yaşayacaq. Xüsusilə, bu, cavanlara aiddir. İnsan gənc yaşda bədənini tanıyır, onun resurslarına bələd ola bilir. Öz fiziki imkanlarını bilməyən insan gələcək həyatı ilə bağlı düzgün qərar verə bilməz.

- Eləcə də, öz intellektual, koqnitiv imkanlarını gənc yaşda bilmək gərəkdir. Öz talantını və ya talantsızlığını. Doğrudurmu?

- Tamamilə.

- "Aptek" və kimya ilə bağlı cavablar, deyəsən, yarımçıq qaldı.
- Bəli, məsələn, idmanla məşğul olanda insan sağlam olur, orqanizmi xəstəliklərə daha dirəncli formalaşır. İdmandan uzaq olan adam isə gedib, bildiyimiz adi aptekdən dərman alıb qəbul edir, onun da çoxu müxtəlif kimyəvi maddələrdir. Biri bədənə uyğun gəlir, biri gəlmir. Uyğun gələn də bir orqana xeyir verir, başqa orqana zərər vurur. Ancaq orqanizmin öz daxilindəki "dərman"lar öz kimyasına uyğundur deyə, həm insanı hər hansı rahatsızlıqdan tez xilas edir, həm də başqa hissələrə ziyan vermir. Üstəlik pulun da cibində qalır. Çox vacib olmadıqca, belə desək, "xarici" dərmanlar qəbul etmirsən. Ehtiyacın qalmır. Nəyin sayəsində?! Əlbəttə ki, idmanın. Bunun kimya tərəfinə gəldikdə, baxın, endorfin. Təbii ağrıkəsicidir. Həm də xoşbəxtlik hormonudur. İdman edən zaman bu hormon aktivləşir. Eləcə də, dopamin. Motivasiya hormonudur. İdmanla məşğul olduqca, yaşamağa, həyatdan həzz almağa və uğur qazanmağa daha çox motivə olur insanlar. Serotanin daxili stabillik yaradır. Komanda idmanlarında, kollektiv yarışlarda oksitosin fəallaşır, insanları bir-birinə yaxınlaşdırır, dostlaşdırır. Kollektiv məsuliyyət hissi yaradır. Sosial bağlılıq duyğusu və canatığmı doğurur. Adrenalini və sair heç demirəm. Həm də bunu biz özümüzdən uydurmamışıq. Elm isbat eləyib ki, idman insan beynini stressə daha davamlı edir.

- Stress dediniz. Mənim diqqətimi cəlb etmiş bir faktı xatırladacam. Vakansiya elanlarında iş axtaranlara belə bir tələb də var: stressə davamlılıq. Deməli, idman istənilən sferada uğurlu karyera qurmağa da kömək edir. Doğru anladım?
- Doğru şərh edirsiniz. Təkcə iş, karyera məsələsində deyil, həyatın hər bir mərhələsində idmanın faydasını görürük.

- Eləcə də, ailə quranda. Cavanları bir-birinə həm də zahiri estetika çəkir. Ədəbi dildə belə bir ifadə də var: "idmançıya xas bədən quruluşu". İnsanlar bir-birinə zahiri görünüşünə görə bu qədər qiymət verir? Sizcə, bu doğrudurmu? Gələcək həyat yoldaşını seçərkən belə, onun idmançıya xas bədən quruluşu meyardırmı? Yaxud meyar olmalıdırmı?
- Əlbəttə, insanlar bu faktora önəm verir. Seçimlər özü bu meyarla həmişə uyğunlaşmasa da, hər bir gənc oğlan və gənc qız istəyir ki, onun ailə quracağı şəxsin mükəmməl, yaxud ən azı normal zahiri görünüşü olsun.

- Yəni idmançıya xas bədən quruluşu qarşındakı adama sənin xarakteri formalaşmış, güclü, daxili stabiıliyi olan, stressə davamlı birisi olduğuna dair ilkin müsbət mesaj ötürür. İlk təəssüratı görünüşdən almaq olur. Sonra da ünsiyyətlə daxili aləmini öyrənirsən. O demək deyil ki, idman yalnız zahiri estetikanı formalaşdırır. Yox, sağlamlıq əsas amildir. İdman insanın daxili gözəlliyinin də ən əsas şərtidir. Çünki müdriklər də deyib: "Sağlam bədəndə sağlam ruh olur". Ruh demişkən, mən bu söhbətə hazırlaşarkən intenetdə bir az araşdırma apardım. Həyatı boyu idmanla məşğul olmuş, fiziki məşqlər etmiş xeyli uğurlu tarixi şəxsiyyətlər, dahi alimlər, məşhur yaradıcı adamlar var. Məsələn, Leonardo da Vinçi daim piyada gəzirdi və bədənin sağlamlığı üçün məşqlərə vaxt ayırırdı. Yaxud Lev Tolstoy, Uniston Çörçill, Benjamin Franklin. Qədim dövrə getsək, Aristotel, Platon kimi filosoflar fiziki məşqlər edirdilər. Qalileo Qalileydən Albert Eynşteynə qədər alimlər, VI Midridartdan Tomas Ceffersona, Ruzveltə, Kennediyə qədər, eləcə də, müasir dövlət və hökumət rəhbərlərinə qədər məşhur siyasətçilər idmanla məşğul olublar. Çünki onlar ölkələrinin, xalqlarının taleyi ilə bağlı mühüm qərarlar verirdilər. Cismən və ruhən daim sağlam qalmaq onlar üçün bir məsuliyyət meyarı, insani və siyasi öhdəlik idi.

- Siz bu adları sayırsınız. Amma ölkəmizdə də nümunələr var. Elə öz prezidentimiz idmanla çox bağlı dövlət adamdır. Daim sağlamlığını qoruyur, fiziki formasını idmanla saxlayır. Ölkə prezidenti olmaqla yanaşı həm də idmana birbaşa rəhbərlik edur: Milli Olimpiya Komitəsinin prezidentidir.
- Bəli. Mən məşhur jurnalist, publisist, alim Şirməmməd Hüseynovu da misal çəkə bilərəm. Daim piyada gəzirdi, yüngül məşqlər edirdi. 95 il yaşadı. Ömrünün sonuna qədər dayanmadan çalışdı, cild-cild kitablar işlədi, yazdı, yaratdı. Eləcə də, tanınmış, öz elmində avtoritet olan professor Saleh Məmmədov sağlam həyat tərzi keçirir, fiziki hərəkətliliyə önəm verir. Həm tarixdən, həm indidən çox misal çəkmək olar: fiziki hərəkət, idman uzunömürlü olmaöın əsas şərtlərindəndir. Bunu bildik, qəbul etdik, belədir. Ancaq bir reallıq da var: deyəsən, son vaxtlar idmana maraq, həvəs azalıb, idman salonlarına da əvvəlki axın yoxdur. Bunun səbəbi nədir?

Bəlkə indi çox insan artıq çəkidən xilas olmaq üçün idmana deyil, tibbi əməliyyatlara meyl edir. Yaxud gəlirləri azalıb, idmana ayırdığı vəsaitdən kəsir. Qənaət etdiyini düşünür. Yaxud başqa səbəblər var. Sizcə, müşahidəm doğrudurmu?
- Bəli, sadaladığınız səbəblər ola bilər. Ancaq, məncə, sağlamlığa xərclənən puldan qənaət etmək doğru deyil. İdmandan kəsib sanki qənaət eləyən insan bu məbləğin bir neçə qatını sonra dava-dərmana, həkimə, xəstəxanaya xərcləyir. Adətən belə olur. Həm də orqanizmi idmana öyrəşən adamlar birdən-birə hərəkətsiz qalmağa üstünlük verəndə fəsadı çox və ağır olur.

- Deyirlər, həyat mübarizədir. Deməli, bu mübarizədə qalib olmaq üçün daim formada qalmaq lazımdır. Həm fiziki olaraq, həm mental olaraq. Anladığım qədər, peşəkar idmançı və məşqçi olaraq, tövsiyə edirsiniz ki, insanlar idmanı, fiziki aktivliyi həyatından çıxarmasın.
- Bəli, tamamilə doğrudur. Çünki idman, dediyim kimi, həyatın özüdür. Fiziki aktivliyin azalması sosial aktivliyi də azaldır. İnsan passivləşəndə, cəmiyyətə də qarışa bilmir, sosiallaşa bilmir, özünə, ailəsinə, dövlətinə, bir parçası olduğu cəmiyyətə faydası da azalır, zamanla hətta sıfıra düşür.

- Sıfır da yoxluğu ifadə edir. Fiziki fəallığını itirən adam ictimai dəyərini də itirə bilir. Ya da itirə bilər. Düz başa düşdüm?
- Əlbəttə. Hansı maddi və sair çətinliklərlə qarşılaşırsa-qarşılaşsın, insanlar idmandan uzaqlaşmasınlar. İdman salonları sağlamlıq ocaqlardır. Xəstələnəndə hamı xəstəxanalara üz tutur, düzdürmü?

- Elədir.
- Biz isə təklif edirik ki, sağlamlıq ocaqlarına - idman obyektlərinə gəlsinlər. Onda xəstələnməyə heç macal da tapmayacaqlar.

- Bəlkə də bu pozitiv notlarda söhbəti yekunlaşdırmaq olar.
- Məncə də.

- Maraqlı söhbət üçün sağ olun.
- Təşəkkür edirəm.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]